Свобода людям, независимость нациям!

Qadınlara öncə kişi olun, sonra…

Bu şoku Zərdabda üç uşaq anasının başını əri, guya ki, namus üstündə kəsəndə yaşamışdım. Detallarına varmıram o hadisənin. Amma son dərəcə dəşhətli idi. Bu dəfə o dəhşəti üstələyən başqa olaylar var. Zərdabdan o qədər aralıda olmayan Salyanda, sonra Ağdaş və paytaxt Bakıda. Salyanda bir ailənin əri və oğul ailə üzvlərini, ana və dörd bacını öldürüb. Ağdaşda bir azyaşlı peyğmbərin yanına getmək həvəsi ilə intiha edib. Sonra mədrəsədəki müəllimi deyib ki, bəs, uşaq atasının nişanlı bacısına cehiz ala bilməməsinə görə ağlamasından stress keçirirdi. Bakıda isə qayınata oğlunun yerinə “kişilik” eləyib, gəlinini öldürüb.

Cinayətlərdə dini faktor, sosial problemlər, namus məsələsi bir də mental dəyərlər qabardılır. Biz nədənsə daha çox dindar, namus gözətçisi,mentalitet vurğunu olmuşuq. Əslində bu cəmiyyətin psixoloji durumunun göstəricisidir. Durum qənaətbəxş deyil.

Başlayaq Salyandan. Etinasızlığın son həddindən yəni. Evinin on metrliyində beş adamı bağırda-bağırda öldürüblər. Həm də bu adamlar sənin qan qohumlarındır. Amma heç ruhun da inciməyib. Beş adamın meyidinin bir qəbirə qoyulması, bunun yarada biləcəyi qoxunu, hətta sözlə deyəndə belə boğulur adam. Realda guya kimsə duymayıb o meyit qoxusunu. İnanaqmı?!.. İnanmadm, siz özünüz bilərsiniz. Eləcə dönüb soruşublar ki, qızlar hanı? Cavaba da qane olublar: İşləyirlər Bakıda. Ancaq bu qızlar nə zaman yığışdı? Necə getdi? Niyə kimsə nəsə görmədi? Niyə kimsə ilə sağollaşmadılar? Qohumlar o yana dursun, sualı ailə üzvləri polisə müraciət edəndən sonra polis də kimsəyə verməyib. Möcüzələr ölkəsiyik, deyilmi?!..

...Bir də mental dəyərlərimiz var bizim. Namusla yaşamaq, min bir əziyyətlə dolanmaq, saçını ağ-qara hörüb oturmaq, şərəfsiz kişidən beş uşaq doğmaq, səni öldürsələr də susmaq, millətdən ayıbdır düşünmək, yaşım ötdü üsyanıyla kimə gəldi ər deyib getmək, oxumamaq, öyrənməmək, oxutmamaq və sair... Bu qədər yarıtmaz dəyərdən niyə imtina edə bilmirik ki?.. Bunlar nəyimizə lazımdır axı?.. Düz o çağacan gözləyirik ki, yarıtmaz kişi, özü kimi yarıtmaz oğlunu da yanına alıb qətliam törədir. Yaşadığı evin döşəməsinin altında üst-üstə basdırır onları. Hə, bir vacib məqam da var, üzü qibləyə... Öldürmək olar, əsas odur ki, üzü qibləyə basdırasan. Belə düşünən beyinin normal insana aid olması mümkünsüzdür.

Son illərin ən dəhşətli müşahidələrindən biri də budur ki, baş verən hər şeyin səbəbi kimi din faktoru qabardılır. Cinayətləri dini fanatizmlə əlaqələndirirlər. İstisnalar ola bilər, kimsə inkan etmir. Amma kütləviliyə doğru gedirsə, kimsə kimsəni bunun həm də məqsədyönlü olmadığuna inandıra bilməz. Dini fanatizmi önə çəkib qalan bütün məsələləri, sosial, siyasi, iqtisadi gərginlikləri din pərdəsi altına yatırmayaq bu qədər. Düzdür, bu asan yol ola bilər, amma çıxış yolu deyil. On iki yaşlı oğlanın intirahında “gedirəm peyğəmbəimizin yanına” deməsindən daha çox başqa məqam maraqlıdır. Müəlliminin dediyi fikir: Atası bacısına cehiz verə bilmədiyinə görə ağlayırmış... Niyə? Bu din deyil, adət-ənənə deyil, bu psixoloji qüsurdur. Bu elədiyi işin mahiyyətini dərk etmədən hər şeyi din ayağına bağlamaqdır. Bizi Allah baba, peyğəmbərin yanına, üzü qibləyə ədalətinə belə inandırıblar. Bu artıq nəticədir, nəticə. İllərdir üzərimizdə oynanılar oyunların nəticəsi. Hər kəsin məsuliyyət payı var bu olaylarda. Bunu cahil adam görməyə bilər, aqil görür. Sadəcə o üzdən qarışmır ki, özünü qoruyacaq qədər adildir. Yəni əmindir ki, ağlı ona din bataqlığında boğulmamağa imkan verəcək. Qısası, məndən ötən kimə dəyir dəysin prinsipidir. Amma indi dəyən elə onun özünə dəyir. Çünki intiharlar gəncləşir, dini fanatizm güclənir, həm də gəncləşir, cahillik güclənir və yenə də gəncləşir. O adilsə qocalır və zəifləyir. Sürətlə kütləviləşən heç nəyə sinə, güc gələ bilmir daha. Beləcə, cəmiyyət olaraq uduza-uduza gedirik, adil cahilliyindən...

Bir də o müdhiş Salyan olayında bir hüquq-mühafizə orqanının məsuliyyəti var. Daha doğrusu, məsuliyyətsizliyi. Kimsə bu məqamın üstünə getmir. Salyanın polis rəisi də, prokuroru da bu olaya görə ciddi məsuliyyət daşımalıdır. Umuram, aid olduqları dövlət qurumları artıq bu işlə məşğuldur. Bu heç kimə başucalığı gətirməyəcək olaydır. Sizi bizi yaradan, bir qadının ahına girsən, bir ömür qurtarmarsan xəbərdarlığını edib müqəddəs sayılan kitablarda, indi beş qadının ahından heç kim qurtara bilməz bizi. Heç olmasa məsələyə belə yanaşaq, insani...

...Və sizdən bir şey tələb olunmur kişilər, Azərbaycan qadını sizli sizsiz fədakardır. İstədiyi bircə şey var, siz qadınlara öncə kişi olun, gerisi mütləq siz istəyən kimi alınacaq...

 

Новости автора