Свобода людям, независимость нациям!

Orfoqrafik “quyu”...

Dilçi alim, professor Qəzənfər Kazımov orfoqrafiya müzakirələrinə münasibət bildirib. Böyük həcmli bir yazısında sətiraltı mesajlar da var: "İngilis 300 ildir bir hərfini, fransız bir işarəsini dəyişmir, amma onların sualtı axınla gələn təzyiqi nəticəsində biz ...min dərdi olan millətə bir-iki onillikdən bir yeni əlifba öyrətmişik. Dilçilərin nə günahı var? Ağa deyib, sür dərəyə, sürüblər..."

Ağa kimdir, dərə haradadır, bu o qədər maraqlı deyil. Yox, əslində maraqlıdır, sadəcə indi müzakirəsinə ehtiyac yoxdur. Müzakirəlik olan ayrı məsələlər var. Bizim başımızı y, g, ğ, k-ya və bir-iki şəkilçiyə, fonetik qaydaya qatıb hasarın dalında da aləmi bir-birinə qatıblar. Acınacaqlısı odur ki, məsələyə kütləvi ritorik yanaşma mövcuddur. Adamlar “kasıbdır” deyib məsxərəyə qoyduğu doğma Azərbaycan dilinin özəlliklərindən istifadə edib söz oyunu qurur. Nə qədər naxoş olsa da elm adamlarıyla məzələnirlər, anlamırlar, məlum dəyişiklik və lüğət “oyununda” xeyli mətləblər var. Həmin mətləblər Dilçilik İnstitutu ilə yanaşı, onun üst qurmunun da açıqlama verməsi zərurətini yaranıb.
Mən dilçi mütəxəssis deyiləm, jurnalistəm. Sırf peşə marağı çərçivəsində xeyli suallarım yaranıb. Məsələn, cənab alimlər, axı niyə Dilçilik İnstitutunda cıqqılı bir şöbə həll eləyir lüğət məsələmizi? O qədər də uzaq olmayan Rusiyada az qala böyük bir müəssisə görür bu işi. Bizim o yazıqların əlindən iki-iki, üç-üç işçi ştatlarını alırsınız? Niyə cəmi on-on iki nəfərdirlər? Niyə əllərində beşdən çox terminoloji lüğətin elektron versiyası olmasına rəğmən adamlar aciz durumda qalıb. Onlardan İT mütəxəssisinin istədiyi simvolik məbləği ödəyib kütləviləşdirə bilmirlər bu işi? Niyə terminoloji lüğətlərin olması barədə piar işiniz yoxdur? Nə səbəbdən tərcümə üçün son dərəcə vacib olan şivə lüğəti yoxdur? Google axtarış sistemində Azərbaycan əlifbasının yerləşdirilməsi işinə niyə əncam çəkmirsiniz? Məsələn, “ə” hərifinə. Axtarışda bu hərfi sistem avtomatik “e” edir. Niyə Azərbaycanın, yeniləri heç dilimə almıram, böyük yazarlarının əsərlərində istifadə olunan yeni söz lüğətlərimiz tərtib olunmur? Axı dilin inkişafında yazıçılar müstəsna rol oynayan təbəqədir. Bir Səməd Vurğunun bütün yaradıcılığı boyu əsərlərində cəmi yeddi min söz işlətməsi xaric, bu barədə nəsə bilən yoxdur. Elə sizin alim, mütəxəssislər daxil. Nə səbəbdən, Cəfər Cabbarlı boyda şəxsiyyətin, yazıçının, dramaturqun əsərlərindəki sözlərin sayı, mənası əks olunan lüğəti çap etdirə bilmir Dilçilik İnstitutu? Sponsor axtarsa da, kimsə belə gəlirsiz işə maliyə ayırmır. Sərfəsiz biznes kimi baxır. Əminəm hansısa qadın rəqqasənin əzələ hərəkətləri barədə anatomik lüğət-braşur hazırlansaydı raksiya başqa olardı ki, bu da bizim ayrı cür bəlamızdır.

Pul vəsaitimi yoxdur? Özümüzə kimsəni güldürməyək. Axı hər şey var. Bu ölkədə, dövlətdə, işləməyə, yaşamağa hər şey var. Həmçinin bunu təmin etmək istəməyənlər də var.

İngilisin söz lüğəti beş yüz minlik olsun, minlərlə söz hər il gəlib-getsin dildən, həm də qeyri-millətlər, ərəb, alman, fransız, fars, azərbaycanlılar tərəfindən, onların heç vecinə də deyil çünki bizim kimi oturub y, ğ, g, k havası çalmırlar. Dünya nanotexnlogiyalardan, İT-nin inkişafından bəhrələnsin, sosial şəbəkələr yaransın, siz “selfi” sözü nəmənədir, onun davasını döyün. Almanlar desin ki, biz rok-metal musiqisi oxuyan almanı da sevirik, ona görə ki, o bizim söyüş dilimizi inkişaf etdirir. Siz bizi qızışdırın ki, bəs Rasim Qaraca söyüş lüğəti hazılayıb, gedin onu dara çəkin. Sizsə, dil lüğətinə “köpək oğlu”ndan başqa söz buraxmayın amma. Biz söyüş nəmənədir bilən millət deyilik axı...

Mən dilçi deyiləm. Hələ dilçi olmaya-olmaya bu qədər şey sadalaya bilirəm amma. Bir də onu bilirəm ki, bu həm də iki qurumun qırğınıdır. Tərcümə Mərkəzi ilə, AMEA-nın Dilçilik İnstitutunun. Didişin! İnistitut direktoru desin filan qədər söz artıqdıq, lüğət müəllifi İsmayıl müəllim söyləsin ki, hanı artıq söz?!..Tərcümə Mərkəzi də desin ki, “vopşe” mənim öz lüğətim var. Siz də dönün ona oğru deyin. Əla! Nə gözəl məmləkət! Bu arada da camaatın alimləri altı-yeddi dil bilsin. Siz elə köhnə koridorlarda, cırıldayan, sökük, bəzisi neft qoxuyan parketlərin üstündə ayağınızı sürüyə-sürüyə gəzişin, qocalın, elm “fədaisi” olun. Nəbadə orda-burda qulağa pıçıldadığınız problemlərdən bircə yazı yazasınız. Adama od vurarlar. Şşuuşşş... Bamağınızı dodağınıza yapışdırıb beləcə səs çıxarın. Dildəki dəyişikliklər haqda cik-cik qəzet və saytlarında oğrun-oğrun yazın arabir. Nə badə hamının oxuduğu mətbu orqanlara yaxın gələsiniz. Camaat görər sonuncu şantaj vasitəniz də əlinizdən çıxar onda. Sonra kimsəyə deyə bilməzsiniz ki, “yazmışdım, niyə vətəndaş olub onda mövqe bildirmədin?!”. İndi kütlə münasibət bildirilir deyə, dirilmisən...

Qınamıram Qəzənfər müəllim demiş, ağa deyib, sür dərəyə, sürmüsünüz...

Hələ iş onda olacaq ki, bu dəyişikliyi Nazirlər Kabineti təsdiqləyəcək. Milli Bank baş sındıracaq ki, ilahi görəsən “əskinaz”, ya “əsginaz”. Onsuz da Azərbaycan dili bərbad olan reklam şirkətləri gör nə qədər barelyef, plakat dəyişməli olacaq. Naziliklər rəsmi sənədlərdə nələri yenidən işləmək məcburiyyətində qalacaqlar. Bir də məsələnin dərsliklər tərəfi var. Onsuz da dərs keyfiyyəti, dərs yükü təkcə şagirdləri yox, etiraf etməsələr belə müəllimləri də yorub. Maraqlı bir sual var, o yeni qaydalar məsələn, səkkizinci sinif şagirdinə hansı formada təkrar başa salınacaq? Deyək, başa salındı, Təhsil Nazirliyinə nə qədər əlavə vəsait lazım olacaq ki, mövcud dərslikləri yeni qaydalara görə yenidən çap etdirsin. Yox, əgər çap olunmasa o şagird yuxarı siniflərdə ortalıqda qalmış duruma düşəcək və məktəbi elementar söz yazılışı qaydasını öyrənməmiş, natamam şagird kimi bitirəcək. Yəni məktəb ona dilinin orfoqrfiyasını belə düzgün öyrətməmiş olacaq. Ya da başqa bir məsələ dövlət bütün bu prosesin idarə olunmasına nə qədər vəsait ayırmaq məcburiyyətində qalacaq? Ən ağrılı sual budur: O vəsaitlər istiqaməti üzrə gerçəkdən xərclənəcəkmi?!.. Çünki əks halda bu dövlətə və onun büdcəsinə ziyan vurmaq olacaq. Bunun qarşılığında yuxarıda sadalanan işlər görülsə tam əks mənzərə olardı. Biz də baxıb deyərdik ki, ilahi sənə şükür bizim də üzə çıxarılacaq işlərimiz var dilçilik sahəsində. Bizim də bir dilçi alimimiz var dünya səviyyəsində, müasir texnologiyadan, inkişafdan xəbərdardır, dilimizi bəlalardan hifz eləyir, bizim qoruya bilmədiyimizi qoruyur. Kimlərləsə buna görə mübarizə aparır. Yoxsa beş ildən bir ayrılan maliyəyə görə hesabat vermək rahat olsun deyə beş-on alimə zülüm eləmək, sonra da üzlərini adamlara, məsələnin detallarını bilməyən, əslində bilməyə heç borclu olmayanlara, danlatmaqda nə fayda var ki?! Hə, bir də işin o tərəfi var axı uzaq başı vəziyyətdən xəbər tutulanda elə həmin üzü danlananları işdən azad eləyərik, gedər səbəbkar kimi. Nə qədər ki, vəziyyət budur, müəllif olaraq məni kimsə əksinə inandıra bilməz. Yəni dilimizin inkişafı xatirinə belə bəsit qərarlar inandırıcı gəlmir. Bir də məsələnin maarifləndirici tərəfi var. Yəni məqsəd gerçəkdən inkişafı təmin etməkdirsə, qısa zaman kəsiyində biz bunu da görəcəyik. İctimai reaksiya var, bu əladır, deməli, adamlar düşünülən qədər cahil deyil, hələ barmaq silkələyib “mən sağam, dilimə əl uzatmayın” reaksiyasını verə bilir. Hələ hiss elətdirir ki, gedişatdan az-çox başı çıxır. O üzdən zəhmət çəksin gördüyü işin hesabatını hörmətli alimlər və onların mötəbər institutu cammata da versin, dövlətə də. Lazımdırsa bunu reklam standrtlarına uyğun formada etsinlər. Yəni efirlərdə ödənişli qaydada adamlara durumu elmi yox, sadə dildə izah edən mütəxəssislərin çıxışını təşkil etdirsinlər. Maarifləndirici diskusiyalar keçirsinlər. Video çarxlar hazırlatsınlar. Yəni necəsə bildirsinlər ki, ay, camaat bu qədər böyüdüləcək, panika yaradılacaq nəsə yoxdur, sakitləşin! Yox, əgər vəziyyət elə bu cür də davam edərsə, demək dilçilər, alimlər yox, onların üst qurumarı yox, elə adamlar haqlıdır...

Новости автора