Свобода людям, независимость нациям!

Ktulhu-nun çağırışı

“Biz sonsuzluğun qaranlıq dənizindəki sakit cəhalət adacığında yaşayırıq və uzağa üzmək bizə qətiyyən olmaz” (Lavkraftın həmin hekayəsindən sitat)

Amerika yazıçısı Hovard Lavkraftın 1928-ci ildə yazdığı “Ktulhu-nun çağırışı” adlı fantastik-qorxu janrlı hekayəsi var. Çox tanınmış əsərdir, dünya mədəniyyətində böyük izlər buraxıb. Hekayə Sakit okeanda guya bir dərin yerdə qədim, dəhşətli şər qüvvənin gizləndiyini, müəyyən vaxtlarda sudan baş qaldırıb dünyada insanları dəli elədiyini, ölüm saçdığını maraqlı, orijinal dillə təsvir edib.

3-4 gün qabaq Yeni Zelandiyada xristian terrorçu manyak məscidlərə girib 50-yə yaxın insanı öldürəndə mən o hekayəni, Lavkraftı xatırladım. Nəyə görə? Həm də ona görə ki, Lavkraftın əsərində okeanın dibinə çəkilmiş, Rlyex adlı şəhərdə yaşayan o şər tanrısı Ktulhu-nun konkret ünvanı da verilib və uzunluq-en dairələri ilə təyin edəndə o yer hardasa Yeni Zelandiyaya yaxın bir nöqtəyə düşür.

Mən bayaq “xristian terrorçu” ifadəsini qəsdən yazdım, çünki dünyada “müsəlman terrorçu” ifadəsi varsa və bu reallıqdırsa, biz başqa reallığı niyə gizlətməli, ütüləməliyik? Zelandiyadakı terrorçu da xristianlıq naminə öldürdüyünü bildirirdi. Nə qədər yazaq, deyək ki, terrorun dini, milliyyəti yoxdur? Çıxırlar axı. Bəşəriyyətin din, iman adına öldürdüyü insanların, axıtdığı qanların sayı-hesabı itib.

Ümumiyyətlə, insan əyləncə, mənəvi zövq üçün öldürən yeganə canlı sayılır. Planetdə bu baxımdan “tayımız-bərabərimiz” yoxdur. Heyvanlar ancaq yeyəcəyi qədər, iştahı üçün, qarnını doydurmaq üçün öldürər. Ən pisi isə odur ki, bu qanlar batmır, unudulmur, bir gün heç gözlənilməyən yerdən şər yenidən baş qaldırır.

Yeni Zelandiya dünyanın ən inkişaf eləmiş dövlətlərindən biridir. BMT İnsan İnkişafı İndeksində 16-cı yerdədir (müqayisə üçün Azərbaycan 78-ci yerdədir). Sözün əsl anlamında cənnətdir (bu yazıda dini terminlərdən qaça bilmərik). Təmiz təbiət, güclü iqtisadiyyat, anlayışlı cəmiyyət (misal üçün, Yeni Zelandiyanın dövlət olaraq adı əslində öz yerli xalqı maorilərin dilində Aotearoa-dır), sözün əsl anlamında ictimai-siyasi sabitlik qurublar. 2018-ci ildə Yeni Zelandiyada cinayətlə öldürülən - dünyada ölüm hökmü qalırkən bu cür tavtoloji ifadələrə də məcburuq - insan sayı 35 nəfər olub. Deməli, ötən həftəki məscid basqınlarında 49 adam öldürülüb və cəmi 1 gündə illik bütün ölkə “hesabı” da ötülüb! Zelandiyalıları sarsıdan həm də bu cür qayğısız mühitdə yaxalanmalarıdır. Yenə müqayisə üçün, Azərbaycanda 2018-ci ildə qəsdən adam öldürmə cinayəti qurbanlarının sayını yazıram: 159 nəfər.

Terrorçunun, yeri gəlmişkən, zelandiyalı yox, avstraliyalı olması da diqqəti çəkir. O məscidlərdə öldürülən müsəlmanlar isə bəlkə dünyanın ən yumşaq, humanist, tolerant müsəlmanları idilər. Bir örnək də verə bilərəm: İraq-Şam İslam Dövləti adlı terrorçu qruplaşma ötən illərdə Orta Doğuda at oynadanda, qan töküb baş kəsəndə onun sıralarına hər ölkədən qoşulan manyakların sayı təxminən məlum idi. Çoxu ərəb ölkələrindən olsa da, Avropadan, Rusiyadan, hətta ABŞ və Cənub Şərqi Asiya ölkələrindən xeyli müsəlman ora qoşulmuşdu. Azərbaycanın özündən rəsmi şəkildə 100-dən çox quldur etiraf edilmişdi. Arvadlı-uşaqlı, pis çıxmasın, köçlü-köçəbəli, itli-pişikli ora gedirdilər. Ancaq Yeni Zelandiyadan İŞİD-ə çox az adam qoşulmuşdu, heç düzü mən bu haqda hansısa xəbər də tapmadım.

O cümlədən məsciddə qatilin hadisəni törədərkən çəkdiyi videonu izləyənlər onun soyuqqanlı, sanki kompüter oyunu oynayırmış kimi insanları güllələyib öldürməsindən sarsılırlar. Bəlkə biz son illər internetdə, kompüterlərdə yayılan çoxlu sayda bu cür adam öldürmə oyunlarına diqqət eləməliyik, son qoymalıyıq? Hara baxırsan uşaqlar, gənclər cürbəcür savaş oyunları, GTA, Doom, Quake və sairə şuterlər (ingiliscə shooter - atıcı sözündən gəlir) yayılıb. Bu da dünya insan haqları müdafiəçilərində narahatlıq doğurur, Almaniyada isə GTA oyununa dövlət səviyyəsində qadağa və senzuralar var. 

Məscidlərə basqın edən tipin maşında oxutduğu serb mahnısı, tüfəngin üstünə və patron qutularına yazdığı müxtəlif terrorçuların və qədimdə türklərə, müsəlmanlara qarşı döyüşən kəslərin adları da diqqəti çəkib. Kimin ağlına gələrdi ki, 90-cı illərdə Serbiyada soyqırım törədən manyak Radovan Karaciçin “şərəfinə” qoşulan mahnı 2019-cu ildə Yeni Zelandiyada qətliam saundtreki olacaq? Bu mənə başqa əhvalatı, deyilənə görə, tarixi faktı da xatırlatdı. Atatürkün Britaniya səfirliyinin attaşesinin ona niyə pis nəzərlə baxdığını soruşması, “atası Çanaqqalada öldürülüb” cavabını alanda “soruşun atası Çanaqqalada nə gəzirdi” deməsini. Hərçənd, Atatürk savaş zamanı ölən xarici əsgərlərə, o cümlədən yeni zelandiyalılara hörmətlə yanaşıb, onları həlak olan türk əsgərlərdən heç zaman ayırmayıb.

İnsanlar qisas, qan axıtmaq yanğısını unutmurlar. Gürcülər, serblər, türklər, ermənilər, ingilislər, xorvatlar, almanlar, ruslar... Hara baxsan ölüm kultu qalır, unudulmur, 500 il qabaq qınından çıxan qılınc indi də qan axıdır.

Ktulhu-nun səsini eşidirəm. 

Новости автора