Свобода людям, независимость нациям!

KRAL VƏ ONUN TRUPPASI

Söz düşmüşkən, Əli Əhmədov artist-manıs qrupunun YAP-a üzvlüyünü belə şərh edibdir: “Bu gün üzvlük vəsiqəsi alan aktyor, müğənni və rəssamlar YAP-ın tədbirlərində həmişə fəal iştirak ediblər”. Başqalarını demirəm, Elza Seyidcahan şəxsən bizim yadımızda heyvanlar üçün konsert verməsi ilə qalıbdır. Yoxsa həmin konsert də hakim partiyanın tədbirləri sırasına daxil idi? Nə biləsən...
Əli Əhmədov həmçinin ölkəmizdə yaradıcı insanların yaşaması, işləməsi üçün münbit şərait yaradıldığını da söyləyibdir. Əlbəttə, hökumətə yaltaqlanan mahnılar oxuyan manıslar, düşük kinolar çəkən rejissorlar, rejim liderinin heykəlini konveyer üsulu ilə düzəldən heykəltəraşlar üçün doğrudan da münbit şərait yaradılıb. Azı 15 ildir Anarın başçılıq elədiyi Yazıçılar Birliyi yapokratiyanın büdcəsindən maliyyələşir və rejimin siyasətini dəstəkləyir. Rəhbərliyin xoşuna gəlməyən kino yaratmaq rəsmən qadağandır. Məsələn, Ayaz Salayev 3-4 il qabaq dövlət büdcəsinin pulu ilə bir kino çəkirdi, hakimiyyətin senzorları kinoya necə “baxdılarsa” o vaxtdan həmin film qeyb olubdur. Rüstəm İbrahimbəyov ölkəmizin tarixində ilk dəfə kino festivalları təşkil edirdi, Kino Məktəbi yaratmaq istəyirdi, bunların hamısına hakim partiyanın “siyavuşnovruzov qafası” veto qoydu. Rejimə yaltaqlanmayan, repertuarında ən azı bir-iki dənə “Ulu öndər, min yaşa”, “Qardaşım İlham” tipində mahnı olmayan manıslara efir qadağan edilir və sairə. Əli Əhmədov “münbit şərait” deyərkən bax bunları nəzərdə tuturdu.
Ancaq ən məzəli şərhi aktyor kimi şərəfli adı daşıyan (təəssüf ki) Elməddin Cəfərov veribdir. Deyir, bir həmkarımın məsləhəti ilə YAP-a üzv oldum. Sitat: “Mənə həmkarım Tərlan Nuryaşar təklif etdi, başa saldı ki, getmək olar. Dedi ki, siyasi heç nə etmirsən, sadəcə olaraq üzv olursan. Sadəcə olaraq oranın üzvlərindən təklif gəldiyinə görə YAP-ı seçdim”.
Yəni bu adam deyir ki, istənilən təklifə açıqdır, dünən faşist partiyası buna üzvlük təklif eləsə “Hayl Hitler” qışqırıb ora yazılarmış. Sabah ayrı təklif gəlsə, YAP-dan çıxıb GAP-a girər. Ancaq insafən onun dostu hakim partiyanın siyasi baxımdan heç nə eləmədiyini yaman deyibdir. YAP-ın normal mənada, sivil dünyada qəbul edilmiş qaydalar üzrə siyasi partiyaya heç bir dəxli yoxdur. Zorakılıqla büdcə qurumlarının minlərlə üzvünün adını bir siyahıya yazıblar, bu da olub partiya. Sabah rejim dəyişəndə YAP sabun köpüyü kimi, mənəvi atası Kommunist Partiyası kimi partlayıb yox olacaqdır.
Bir faktı da yazım. Bizim yaradıcı gənclər teatr xadimi, Bakı Kamera Teatrının, hazırda isə Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimovanın sənətkarlığına hörmətlə yanaşır. Siz rəsmi dövlət tədbirlərinin bir çoxunun quruluşçu rejissorunun Cənnət xanım olduğunu bilirsinizmi?
Əlbəttə, Molyerə 14-cü Lüdovik himayəçilik edib, ancaq dərd ondadır ki, bunlar Molyer deyil. Elə milli “Lüdovik” özü də daha çox Tartüfə bənzəyir.

Новости автора