Свобода людям, независимость нациям!

Çöl ərəbi, məmləkət polisi və o qadın...

Bizim polisi elə görməmişdim. “Torqovı” küçəsindəki reyddə gördüyüm kimi. Yəqin bu, haqlarında söylənilən mənfilərin çoxluğundan irəli gəlir. Bəlkə də dünənki kimi baxmamışdım nə onlara, nə də gördükləri işə. O gün həmin reydi təsadüfən görəndə ilk dəfə formalarına görə yox, üz gizgilərinə görə dəyər verdim polislərin bəzisinə. Düzünü və son dərəcə səmimisini deyim, təkcə reydi keçirmək əmrini alan polis görmədim. Həm də gördüyü rəzillikdən utanıb, xəcalət çəkən azərbaycanlı kişiyə rast gəldim. Bu oyunları başımıza gətirənsə çölün ərəbidir.

Daha doğrusu, onun puludur. Bizi cəmiyyət olaraq heçə sayan, millət olaraq pulu ilə aşağılayan, maşınımızın üstünə kiçik, otelimizin hovuzuna böyük bayır yapan ərəb və onun pulu... Bir də beş-on qədim peşə sahibinin zibilinə keçib insanlar, polis və ölkə. Həmin qadınların “ərəb sevdası” çölün ərəbində az qala cəmiyyətdə bütün qadınlara elə o cür yanaşmaq iddiası formalaşdırıb. Biz ərəb turisti və onun pulunu o qədər yüksəkdə tutub başa keçirmişik ki, “adamlar” gündüzün günortasında, küçənin tən ortasında, istənilən qadına yaxınlaşa, dili bilməsə də əlində qaldığı otelin ünvanını qız, gəlinə göstərə, ona harasa dəvət edə biləcək qədər “cəsarətlidir”.
Allah kəssin belə qazanılan pulu... Başqa nə deyəsən ki?!..

Mənəvi dəyəri Azərbaycan dövləti, millətinin ayağının altından da aşağıda olan bir ərəb gəlib dövlətin paytaxtında min hoqqa çıxarır, pulu var deyə susuruq. İş adamına sataşır - pulu var deyə dinmirik. Kiminsə qadını, nişanlısı, sevgilisinə əl, dil uzadır, danışmırıq. “Qızıl Ordu” Kərbəlayi İsmayılı nə günə qoymuşdusa, ərəblər bizi özcə evimizdə o günə salıb. Yəni Kərbəlayi demiş, dirəniblər qapımıza ki.... Nə isə...
...Qarşılığında bizimkilər də çöl ərəbinin enini uzununa bərabər eləyir. Sonra da məsələ keçir hüquq müstəvisinə. Çünki turisti döymək olmaz. Nədən ki, biznes pəncərəsindən baxanda turist müştəridir və həmişə haqlıdır!..

Ərəb turistlər siyasətimizə etirazım var. İstəmirəm əynində Azərbaycanın dövlət atributu olan forma geyinmiş polisin çöl ərəbinin əlindən azərbaycanlı qədim peşə sahibini zorla qopardığı mənzərəyə şahid olum. İstirahət üçün oturduğum kafedə bu peşə sahibinin ərəb “ovuna” çıxdığını başa düşən polisin onu içəridən sürüyə-sürüyə çıxarması səhnəsini görüm. Çünki mən də bu ölkənin vətəndaşıyam. O ərəbdən daha çox haqqım var ki, məmləkətin istənilən yerində rahat dincəlim, əsəb “xərcləməyim”.

İyulun 30-da “Torqovı”da gördüklərim bir film idi. Rejissoru, ssenari müəllifi özümüz olduğumuz film, tragikomediya. Yenə də şükürlər olsun, cəmi bircə dəfə gördük, lentə köçürülmədi. Eləcə beynin hansısa qatında və göz yaddaşında silinmədən qalacaq. Utanacağıq hər dəfə fərdi olaraq yadımıza salanda, ya da təəssüflənəcəyik ki, gör nə günə qalmışıq çölün ərəbinin əlində?!..

Beş arvadı olsa da yenə də qadın gəzən ərəbə gəlincə... Məmləkətin yetərincə psixoloji qüsurlusu var; bu, dövlətə də, vətəndaşa da yetir. Bizlərə bir də turizm siyasəti deyib çölün ərəbini sırımayın. Yenə də pul-pul deyiriksə. Pula görə də bu qədər çirkinləşməyək. Yazığıq hamımız. Gələcəkdə zülmünü çəkəcəyimiz problemlərin təməlini indidən qoyduğumuzu anlayaq nəhayət ki...

Bir də onu anlayaq ki, Allah da dünyanı islah eləməyə çölün ərəbindən başlayıb. Hamı islah olunub, tək ərəbdən başqa. Bu gün o ərəb beş-on arvad, iyirmi uşaqla turist kimi səfərə çıxıb gəldiyi Azərbaycanda yenə arvad hayında olursa, təhsil düşüncəsi sıfırın altındadırsa, özünə silahlı-sursatlı toy eləyirsə, nəvəsi yaşında qızı alırsa, qızıl zincirlə xaltaladığı şiri evində gəzdirirsə, valla, billah, ərəbdən adam olmayıb, olmayacaq da. Boşlayın bu ərəbləri. “Torqovı” küçəsindən də çəkildi bəlkə köhnə peşə sahibləri.

Bir də ərəbləri “Torqovı”da parodiya edib özünə ərəb axtaran qadınların diqqətini çəkən qaqaşlar. Çox demirəm, bircə damcı əhlikefliyinizi kənara qoyun. Baş verənlərin mahiyyətinə varın. Əslində situasiyamız budur gənclər, hadisələr Azərbaycanda, yəni düz evinizin, evimizin içində baş verir. O ələ salınan qadınlar da pisi-yaxşısı ilə həm sizindir, həm də mənim...

Новости автора