Свобода людям, независимость нациям!

Bağlı qapıda ölən ZƏRnigarlar…


Onu şəxsən tanımamışam. Nə iş icabı, nə də insan olaraq üz-üzə gəlməmişik. Eləcə sevmişəm onu, tamaşaçı olaraq, nifrət eləyə-eləyə bəzən də. Kürəkənə qənim qayınana (“Kökdən düşmüş piano”), Təhminənin ölümünə səbəb adamlardan biri (“Təhminə” filmi) kimi pis adam idi gözümdə. “Mehmanxana sahibəsi” kimi qəribə obraz idi. “Yuxu” filmində isə uğursuz bağça müdirəsi, məmur idi mənə görə.

Əslində isə həyatın tənha adamı idi xalq artisti Zərnigar Ağakişiyeva!..

Şərti desək, ən son çəkildiyi tənhalıq filminin ssenarisini həyat yazdı, ölüm çəkdi, o da dinməzcə oynadı. Ssenaridə yazıldı ki, sən tək qalacaqsan, ağrıyacaqsan, hər kəsdən incik olacaqsan. İncikliyini qadın kişiliyinə, dikbaşlığına görə kimsəyə bəlli etməyəcəksən, tək yaşayacaqsan. Təkləndiyin mənzilinə mən gələcəm bir gün, ölüm. Ha yana qaçsan xeyri olmayacaq. Məndən qaçan olmayıb bu günəcən. Kimsə son sözünü eşitməyəcək, ağrıların bilinməyəcək, mənimlə səssiz-küysüz çıxıb gedəcək ruhun. Əslində elə bir ömür boyu istədiyin də bu idi. Və cismin soyuyacaq, saralacaq, göyərəcək. Sonra səni xilasedicilər tapacaq, həm də günlər sonra. Soyumuş, göyərmiş, çarəsiz və ölü...

Əslində əksi də ola bilərdi. Qocalana qədər səhnədə qala, bəlkə də lap elə səhnədə ölə bilərdi bu möhtəşəm aktrisa. Amma olmadı. Bizim bir bəlamız da budur. Elənməsi mümkün olan işləri kefimiz istəmədiyindən görmürük. İnsanları bütün sahələrdə istifadə müddəti bitənə qədər yararlı bilirik. İncəsənət başqa aləmdir. Burda fərqli ola bilərdi axı. Hansısa istedadsıza əlaqələrinə görə yazılan ssenarilərdən birini də insaf edib Zərnigar Ağakişiyevaya, Səfurə İbrahimovaya, Məcnun müəllimə, mərhum Ələsgərə yaza bilərdilər müəlliflər. Gerçəkdən, iliyinə qədər sənət adamı olduqlarına görə. Yazmadılar çünki sərfəli, gəlirli deyidi bu iş, sırf xidmət idi. Dövlətin mədəniyyətinə, incəsənətinə xidmət.

Bir məsələ də var. Bilmirəm, bəlkə pessisimt yanaşmadır. Amma bizim ölkəmiz istedadlı olduqları üçün adamların cəza aldığı məkandır. Yaşlanan adamları yaşlanmaqdan qorxur bizim millətin bu üzdən. Hamı cavan, bəlkə də cavan da yox işləyə-iələyə ölmək istəyir. Haqsız da saymaq olmaz onları. Çünki qocasannnn!.. Yaramırsannnn!.. Lazım deyilsənnnn!.. nidalarını bərkdən, var gücümüzlə qışqırıb deyirik üzlərinə. Adam dura deyə ki, analar, nollar bu ölkədə istedad dünyaya gətirməyin. Amma bu iş anaları aşar axı. Bir də ölkənin nə günahı?!.. Bizi məhv edən ayrı məsələdir, şəxsi marağın öndə olması, canı yanmamaq, rəhmi gəlməmək, ədaləti, vicdanı unutmaq, ən dəhşətlisi inamsızlıq. İstedadlı, həssas insanlara bu sadalananların bircəciyini tətbiq etmək yetərlidir ki, məhv olub getsin. Özündən imtina edib eləcə oturub yol gözləsin. Gözləsin ki, ölüm adlı qatar nə zaman gəlib onu götürüb gedəcək. Gedənlərə deyil, qalanlara yazıq. Çünki o ölümlər və o həyatlar həm də yetişən nəslə nümunədir. Bizlə necə davranmalı olduqlarına dair nümunə. Biz deyirik ki, balam, biz beləyik, kefimiz istəmirsə dəyər vermirik. O adam dəyərin özü olsa da saymırıq. Yəni ki, siz də bizi beləcə tənhalığa məhkum edin, saymayın, sonra da onuncu dərəcəli məzarlıqda sonuncu yolda bir çuxura qoyarsınız məsələ bitib gedər. Hələ ki, anlamırıq eləmək asandır, yaşamaq əzablı olacaq. Nə qədər ki, anlamırıq təkcə incəsənətdə deyil, elə bütün sahələrdə hələ neçə gerçək ZƏRnigarın meyiti bağlı qapı arxasından ölü tapılacaq. Soyuq, donuq, göyərmiş və saralmış. Şair demiş, “tfu dünyanın üzünə”... Amma təkcə dünyanınmı?!..

 

Новости автора