Свобода людям, независимость нациям!

Alpinistlər və votsapdakı itkin ailələri qrupu...

Yəqin bu yazı gündüz təqdim olunacaq, amma onu qaranlıqda yazıram. Kompüterin son enerjisinin sönməyəcəyinə ümidliyəm. Çünki işıqlarımızı kəsiblər. Həm də soyuqdur, istilik sistemimiz işləmir. İstilik haqqını ödəməyənlər var deyə. Qaranlıq, üşümək... Düşünürsən, bəlkə sən də elə qar altında qalmısan?! Qarın üstündə səninlə bağlı olanları görmürsən. Eləcə lap uzaqdan sədalar gəlir qulağına...

Birinci səda Tufandağ istiqamətində üç gənc alpinistin axtarış əməliyyatlarına rəhbərlik edən Şahin Mirzəyevin müsahibəsindədir: “Bura gələnlərin çoxu özünə könüllü deyir, amma həm də oyunbazlıqdır məqsəd. Bir quyunun yanında, ya da içində şəkil çəkdirib atacaqlar sosial şəbəkəyə ki, bəs mən də onları axtaranlardanam”. Böyük bəladır. Həm də milliləşib. Nə? Görmədiyi işi öz adına çıxmaq keyfiyyətini deyirəm. Bizim dərdimiz bir bu deyil.

İkinci sədadan sonra deyirsən, ilahi, zehniyyətə bax, üç gənc yoxdur, sevənəri, ailələri, dostları təlaş içindədir, ancaq məmurlar və ictimaiyyət nümayəndələri mediada və sosial şəbəkədə döyüşür. 

Üçüncü sədada bu suallar eşidilir: Niyə hava proqnozları barədə o gənclər məlumatlandırılmayıb? Görəsən, niyə hərəkət istiqamətlərinin xəritəsi olmayıb o gənclərin? Harada olduqlarını xəbər verən qurğuları da olur alpinistlərin, onlarda necə, olubmu? Bu uşaqları ora niyə hazırlıqsız yollayıblar axı?

Dördüncü sədada qulağın başqa sözlər alacaq. Məsələnin ictimai yükü varmış, deyəcəklər.

Burda sədalar kəsilir, qalır qar altında qalmış kimi olan sənin məsələn, daha dəqiqi alpinistlərin məsələsi. Hamı məsuliyyət daşıyır. Onları hazırlıqsız göndərənlər də, buna göz yumanlar da, hələ situasiyadan yararlanıb bir-birini vuran nazirliklər də. Bir də “biz niyə ekstremal durumlarda belə aciz görünürük, niyə bacamırıq?” sualı var. Bizdə nəsə yoxdur söhbəti gerçəkdən yoxdur. Bizdə hər şey var, amma texniki təchizat baxımından. Özümüzə sevgi, simpatiya, hörmət yoxdur. Biz insan kapitalı qıtlığını yaşayırıq. Bu artıq böyük boşluqlar yaradır. Mənəvi axsaq oluruq. Hara qədər gediləcək, bəlli deyil...

Məsələnin bir də necə ictimailəşdirilməsi tərəfi var. Bizim media, yəni hər birimiz, olayı gündəm edə bilmədik. Hadisəyə bütün ölkənin diqqətini çəkmək üçün mütləq ondan hər gün danışmaq, nəsə göstərmək, yazmaq və bunu keyfiyyətli etmək lazım idi. Elədik, amma keyfiyyətsiz, sadəcə dedi-qodu tərəfini, əsas məqsəd dedi-qodu deyildi axı. Üç adamın həyatı idi.

Bir də qadın təfəkkürü tərəfi var işin. Bəli-bəli, qadın tərəfi. ”Ağbirçəklərin” “qızın dağda kişilərlə nə işi var?!” ritorikasına başqa ad vermək olmur!.. İndi məcbursan dizini yerə atıb deyəsən ki, ay “ağbirçək”, dünya köhnə dünyadır, amma çox şeyləri təzədir. Sənin bildiklərindən çox qabağa gedib, inkişaf eləyib, dünya da, gənclər də, qaydalar da. Artıq kişi-qadın bölgüsü kimi bir şey demək olar ki, qalmayıb. Bu yaxşıdır, ya pis onu deyə bilmərəm, fakt qalmamağıdır. İndi artıq qadın hüquqlarına paralel kişi hüquqlarında da danışılır. Dünyəvi, ictimai, yükü olan peşələr var. Məsələn, daha qadın xəsəlikləri ilə bağlı əməliyyatları təkcə qadınlar etmir, bunu kişilər də eləyir. Yəni dünya başqadır, başqa, ayıl, ey dili qafil!... Yoxsa sənin dünyaya gətirdiyin qız uşağı səndən tərbiyə alıb necə böyüyəcək? Kimə nə öyrədəcək? Ya da oğlun hansı qafada böyüyəcək? Necə kişi olacaq? Sənin gəlinin alpinist olsa, səni iflic vurar ki! Hər şeyə təkcə cins pəncərəsindən baxmazlar axı. İndi biz daxil, bütün dünya deyir, cəmiyyətin inkişafı qadınların nə qədər savadlı olmasına bağlıdır. Sən bu məqamda hansı kişiyə ağıllı görünə bilərsən, ya da ağıllı görünməyə çalışırsan ki?!

Bir də yadıma onlar düşdü. İki il öncə dənizdə batan dənizçilərimiz. Onlardan biri yaxın rəfiqəmin həyat yoldaşı idi, Canbaxış. Hələ də xəbərini gözləyir ailəsi, balaları. Qızı deyir, atam yuxuma gəlir hərdən, “Üşümürəm, ölməmişəm” söyləyir, sonra onun üstünə yuxuda yorğanı çəkib, “qorxma, qızım” deyib, gedir. Uzun müddət özünə gələ bilmir balası, qaçır votsapa... Niyə? Orda bir qrup yaradıblar itkin dənizçilərin ailəsi, itkin ailələri qrupu. Bəzən belə olur, ayrılıqlar həm də qovuşdurur. Başçıları itən ailələr indi özləri özlərinə mənəvi dəstəkdir.

Dənizçilərin alpinistlərə nə dəxli?.. Cavab verim. Bizi ya dəniz “udur”, ya qar uçqunu, adımızı itkin qoyurlar. Sonra itkinlər qruplarında birləşməli olur ailələrimiz. Yəni faciə yaşamasaq birləşə bilməyənlərdənik. Yəni bir olmaq üçün mütləq yaxşı, ya pis bir təmənnamız olmalıdır. Təəssüf, amma beləyik, ölməsək, anlamırıq ki, bizi “udan” yox, eləcə udan, qalib cəmiyyət qurmalıyıq. Belə cəmiyyətlərdə hamı və bütün mənalarda qazanır axı...

...İndiliksə durum bu, yazını qaranlıqda başladım, qaranlıqa bitirdim. İşığımız da, istiliyimiz də kəslib. Çox üşüdüm düzü, amma təkcə soyuqdan yox , həm də bizim özümüzə olan münasibətimizdən..

 

Новости автора