İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç “pilot nazir”in fəaliyyətinə çarpaz baxışlar...

10345 02.07.2014 08:20 Ölkə A A


Çünki prezidentin son təyinatları içərisində S.Müslümov daha reformist nazir təsiri bağışlayır. Bu mənada Müslümov redaktorlarla görüşdə onları şoka salmağı bacarıb. Doğrudur, regionlarda bu nazirliyin şöbələri ilə bağlı şikayətlərin ardı-arası kəsilməyib, rüşvət yığılması, sosial müavinətlərin mənimsənilməsi faktlarına rast gəlinir. 

Lakin digər təyinatlar - kənd təsərrüfatı və müdafiə nazirləri ilə müqayisədə S.Müslümova pozitiv qiymət vermək olar. Hər halda, daxil olan şikayətlər araşdırılır. Məsələn, KTN rəhbəri Heydər Əsədov gəldiyi gündən bu sahədə xüsusi bir irəliləyiş gözə dəymir. 
Təkcə son bir fakt - Masallı və Ağcabədi rayonlarında subsidiyaların bir hissəsinin saxta rəqəmlərlə mənimsənilməsi xəbərləri var. Mia.az yazıb ki, Masallıda icra başçısının aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlının atası Muxtar Muxtarovun adına yardım yazılıb. 
Və yaxud müdafiə naziri Zakir Həsənov təyin olunduğu tarixdən əsgər ölümlərinin sayında azalma müşahidə olunmur. “Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən 2014-cü ilin geridə qalan dövründə təhlükəsizlik və müdafiə sektorunun itkiləri 47 nəfər təşkil edib. 

Dünyalarını dəyişənlərin 10-u döyüş, 3-ü mina partlayışı, 34-ü isə qeyri-döyüş itkiləridir. Əslində hər üç “pilot” nazir xalqla iqtidar arasında bir sərhəd nöqtəsi hesab olunur. Onlar bu uçurumu bərpa etmək, körpüləri birləşdirmək vəzifəsini yerinə yetirir. Bəs geridə qalan dövr ərzində üç nazirin fəaliyyətini ekspertlər necə qiymətləndirir? 

*   *   *   
Təhlükəsizlik və müdafiə sektorunda görülən işləri təhlil edən ehtiyatda olan leytenant-polkovnik Üzeyir Cəfərovun fikrincə, Z.Həsənova birmənalı qiymət vermək olmaz. Onun fikrincə, mənfiliklərlə yanaşı nazirin müsbət xarakterizə ediləcək qərarları da var. 
Ekspert qeyd edir ki, Z.Həsənov daha çox uğursuz kadr təyinatları ilə yadda qalıb: “Eyni zamanda onun dövründə korrupsiya ilə bağlı şikayətlər çoxalıb. Nazirin arxasındakı işbazlar vəzifə təyinatı aparırlar. Müdafiə Nazirliyinə yönəlik məhkəmə qətnamələri icra olunmayıb. Ümumilikdə Zakir Həsənovun 1 ili tamam olmayıb və yeknəsəq fikir söyləmək olmaz”.


Ü.Cəfərov döyüş bölgəsində xidmət edən əsgərlərin təminatının yaxşılaşdırılması, onların su və qida təchizatının normallaşdırılması hallarını müsbət qiymətləndirir: “Əli əyri generalları uzaqlaşdırıb, təcrübəli şəxslərin rəhbərliyə gətirilməsi faktları da var. Ədalət naminə demək lazımdır ki, onun müsbət işləri var. Ancaq hələ çalışmalıdır”. 
***   


Aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov deyir ki, kənd təsərrüfatı naziri qeyri-peşəkar və bu sahədə təcrübəsi olmayan kadrdır. Onun sözlərinə görə, Heydər Əsədov nazir təyin olunduğu gündən başı köhnə işləri araşdırmağa qarışıb: “Guya bəzi sənədlər hazırlanır, gurultulu adlar qoyulur, strategiya müəyyən edilir. Əslində bu sahədə heç bir yenilik yoxdur. Heydər Əsədov nazir təyin olunduğu vaxtda payızlıq buğda səpimi həyata keçirilirdi. 

Başı köhnə işləri araşdırmağa qarışdı deyə taxılçılıq üzrə məhsuldarlıq aşağı düşəcək. Bu il 600 min ton az taxıl məhsulu olacaq. Çünki bu nazir qeyri-peşəkardır, müavinləri də təcrübəsizdir. Bu şəkildə kənd təsərrüfatını inkişaf etdirmək olmaz. Aqronomlar, zootexniklər, iqtisadçılar bu sahəni iradə etməlidir".


V.Məhərrəmov hesab edir ki, subsidiyaların verilməsində aradan qaldırılan problemlərin həllini yeni nazirin ayağına yazmaq, onun uğuru kimi qələmə vermək olmaz: “Çünki o, nazir olmamışdan qabaq Maliyyə Nazirliyi yoxlamalar aparırdı. Ölkə başçısı də çıxışında bu sahədəki vəziyyəti tənqid etmişdi, subsidiyaların talan edildiyini açıqlamışdı. Yoxlamalar başlandı və subsidiyaların ayrılmasında yeyintilər aradan qaldırılır. 
Bunu indiki nazirin fəaliyyəti ilə bağlamaq olmaz. Ondan danışmaq lazımdır ki, ölkədə 1 milyon 600 min əkin sahəsi var, 600 min ton az məhsuldarlıq gözlənilir. Nazir bu işlə məşğul olmalıydı. Fermerlərin suya, gübrəyə tələbi ödənməlidir, aqrotexniki qaydalara əməl olunmalıdır, müxtəlif proqramlar həyata keçirilməlidir". 

*   *   *     


İqtisadçı ekspert Məhəmməd Talıblı isə S.Müslümovun rəhbərlik etdiyi nazirlik haqda danışarkən qeyd etdi ki, şəxslərin edə biləcəyi təşəbbüslər, reformlar sistem daxilində böyük dəyişikliklərə təsir etmir. Onun sözlərinə görə, nazirliklərdə yerdəyişmələrlə dəyişikliyə nail olmaq mümkün deyil.


Ekspert S.Müslümovun bundan qabaq da Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etdiyini yada saldı: “Onu komitədən uzaqlaşdırıb başqa bir nazirliyə təyin etmək islahat deyil. Onun rəhbəri olduğu fonddan çoxsaylı şikayətlər var idi. Bu cür dəyişikliklər dekorasiya xarakteri daşıyır. Əgər reputasiyası zədəli məmur sistemdən uzaqlaşdırılsaydı, bu işin faydalılıq əmsalı olardı. 

Bizdə isə islahatlar əvvəlki nazirin dövründəki komandanın təmizlənməsindən ibarətdir. Komandanı tamamilə dağıtmaq və yeni gələn nazirin öz seçdiyi adamları vəzifələrə gətirməsi islahat kimi qiymətləndirilə bilməz. Sistemin daxilindəki qaydaları dəyişməklə islahatlar aparmaq lazımdır. Ona görə də bu dəyişikliklərdən pozitiv nəticə gözləmirəm. Hətta iqtisadi bilikləri yüksək olsa belə, sistemin qaydalarından irəli gələrək nəticə mümkün deyil".

E.SALAMOĞLU


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR