İnsanlara hürriyət, millətlərə istiqlal!

Sirac Kərimliyə işgəncə verildiyi haqda xəbər yayılıb

794 30.07.2014 08:28 Ölkə A A

Xəbər verdiyimiz kimi, iyulun 23-də Müsavat Gənclər Təşkilatı (MGT) MTK-nın sədri, gənc blogger, musavat.org.az saytının admini Fərəc Kərimli oğurlanıb. Sonradan onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı barədə məlumat yayılıb.
Artıq müsavatçı fəala qarşı 234.4.3 maddəsi ilə (külli miqdarda narkotik əldə etmə, saxlama və satma) ittiham irəli sürülərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. “Amnesty International” təşkilatı Fərəc Kərimlinin gizlədilməsinə səbəb kimi ona verilə biləcək işgəncələrlə bağlı bəyanat yayıb. Hüquq müdafiə təşkilatı gəncin siyasi fəallığına görə həbs olunduğunu bəyanatda qeyd edib. 

Bəyanatın ardından iyulun 26-da İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onunla görüşüb. O, Fərəc Kərimlinin sağlamlıq durumunun yerində olduğunu, ona qarşı işgəncə verilmədiyini bildirib. Hüquq müdafiəçisi onu da qeyd edib ki, gənc blogger ona qarşı irəli sürülən maddə üzrə özünü təqsirli bilmir. 

İyulun 28-də Fərəc Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə musavat.com-a açıqlamasında fəalın atası Raqif Kərimli danışıb: “İyulun 28-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Fərəcə yemək və başqa ləvazimatlar apardıq. Oradan bizə dedilər ki, Fərəc Kürdəxanı Təcridxanasına aparılıb. Hazırda orada saxlanılan digər oğlum Sirac artıq karantindən çıxarılıb. Bu gün (dünən -red.) təcridxanaya gedib, görüşməyə çalışacağıq. Mən bizə dəstək olan bütün mətbuat orqanlarına minnətdarlığımı bildirirəm. Amma jurnalistlərdən xahiş edirəm ki, heç zaman Fərəc və Siracı ayırmasınlar. Çünki Siracın partiya mənsubiyyəti olmasa da, o, Fərəcə görə tutulub”.

Fərəc Kərimlinin vəkili Nemət Kərimli bayram günləri olduğundan, hüquqlarını qoruduğu şəxslə görüşə bilmədiyini bildirdi: “Sadəcə, Fərəcin Kürdəxanıya köçürüldüyünü bilirik. Bayram başa çatan kimi onunla görüşəcəyəm. Ona işgəncə verilə biləcəyi ehtimalı var. Amma Elçin Behbudov onunla görüşüb və belə məlumatın doğru olmadığını bildirib. Biz bu məlumatı dəqiqləşdirməyə çalışacağıq”.

Fərəc Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Əhliman Abbas həbsdən keçən müddətdə onun müdafiəsi istiqamətində gördükləri işlərdən danışdı: “Bayramla əlaqədar biz yalnız Fərəcin vəkili ilə əlaqə saxlayırdıq. Bizdə yalnız o məlumat var ki, Fərəc artıq 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Ümid edirik ki, istirahət günləri bitdikdən sonra daha geniş məlumat əldə edəcəyik. O, həbs olunduğu zamandan bu günə qədər birbaşa əlaqə yarada bilməmişik. Yalnız Elçin Behbudovun məlumatından başqa. Onun da məlumatının nə dərəcədə doğru olduğunu bilmirik. Fərəcin müdafiəsi ilə bağlı bir çox işlər görmüşük. Sosial şəbəkədə Fərəcin Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin rəsmi səhifəsini yaratdıq. Onun qanunsuz həbsi ilə bağlı Hüquqlarını Müdafiə Komitəsinin bəyanatını hazırlayaraq, yerli və beynəlxalq hüquq təşkilatlarına, insan hüquqları müdafiəçilərinə göndərdik. Bildiyimiz kimi, ”Amnesty International" təşkilatı Fərəcin həbsini pisləyən bəyanat verdi. Bundan əlavə, MGT-nin qoşulduğu Liberal Gənclər İttifaqı da Fərəcin həbsinə sərt təpki verdi. Bu istiqamətdə işlərimiz davam edir".
Onu da qeyd edək ki, Fərəc Kərimlidən bir həftə öncə qardaşı Sirac Kərimli həbs edilib. Ona qarşı da 234.4.3 maddəsi ilə cinayət işi açılıb. Hər iki qardaşı 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Cavanşir ABBASLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR