İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müxalifət qəzetlərinə müsahibə vermirəm” - KVN ulduzu

4451 26.07.2014 08:25 Ölkə A A

Parodiya olunanlar arasında Milli Məclisin deputatları, nazirlər var. Parlamentin mətbuat xidmətindən bu məsələyə münasibət öyrənmək mümkün olmadı. Hər halda, parodiya olunan spiker Oqtay Əsədovun bunu necə qarşıladığı maraqlı olardı. Deputatların bu parodiyanı necə qarşıladıqlarını öyrənmək üçün “Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanovla əlaqə saxladıq. T.İmanovla aramızda belə bir dialoq oldu: 

- Tahir müəllim, sizi “Yeni Müsavat” qəzetindən narahat edirik.  

- Hardan? 

- “Yeni Müsavat”dan. 

- Hə, buyurun. 

- Sizin deputatları parodiya etməyiniz...(sözümü kəsir)

- Mən müxalifət qəzetlərinə müsahibə vermirəm. 

- Niyə? 

- Demokratik ölkədə yaşayırıq, hansı mediaya istəyirəm müsahibə ora verirəm. 

- Demokratik ölkələrdə müxalifət qəzetlərinə müsahibə verirlər. 

- Qardaş, danışmaq istəmirəm də. Oldu? 

- Oldu, uğurlar. 

Modern.az saytı isə parodiya olunan bəzi deputatlar arasında sorğu keçirib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov siyasətçilərin parodiya edilməsini normal qarşıladığını deyib: “Həmin videoya mən də baxdım. Orda qəbahət heç nə yoxdur. Siyasətçilərin parodiya edilməsinə normal baxıram. Məni də parodiya ediblər. ”Şən və hazırcavablar" klubuna etiraz etmirəm. Bu, onların işidir".

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə  də parodiya edilməsini qəbahət hesab etmir: “Onların vəzifəsi güldürməkdir. Ona görə də necə gülmək, necə güldürmək ssenarisini seçib özləri müəyyən edirlər. Bu, parodiya olunanlardan birinin xoşuna gələ bilər, digərinin xoşuna gələ bilməz. Bu, onların işidir. Heç kimi sifarişlə güldürmürlər və heç kim də sifarişlə gülmür. Ona görə də parodiya edilməyimə normal yanaşıram”. 
Zahid Oruc  isə parodiya məsələsində yaradıcı adamlara əmr verməyin doğru olmadığını düşünür: “Hər hansı bir şəxsin parodiya edilməsinə normal yanaşıram. Düşünürəm ki, heç bir halda ona qeyri-adi baxılmamalıdır. Ümumilikdə dünyada geniş yayılan təcrübədir. Bizim ”Şən və hazırcavablar klubu" bu cəhətdən də düşünməyə çalışır. 
Onların fəaliyyətinə hər zaman diqqətlə baxmışam. Oradakı Zahid Oruc gerçəkdənmi parlament üzvü olan və siyasi bir obrazda çıxış edən insanın həqiqi sifətidir? Bunu söyləmək çox çətindir. Etiraf edim ki, sadəcə, səs tonu, forma, quruluş məsələlərində diqqətli olmağa çalışıblar. Hər kəs şahiddir ki, Zahid Oruc danışarkən özünəməxsus bir sistem seçir, onun fikirlərinin bir süjet xətti, hədəfi olur. Təbii ki, gerçək Zahid Orucun özünəməxsus leksikonu və fikir quruluşu var. 

Mürəkkəb olan məsələləri buraxıb yalnız bir mənanın üzərində qərarlaşmaq və tamaşaçını, sadəcə, buna kökləmək bir bacarıqdır. Hesab edirəm ki, yaradıcı insanlara əmr vermək olmaz. Onlara məzəmmətlə narazılıq etmək, hansısa istədiyin şəklə salmaq tamam başqa bir yaradıcılıq növü olardı. Lakin parodiya olunmağımdan qəti şəkildə heç vaxt narazı qalmamışam".

Emil SALAMOĞLU


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR