İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hafka" bankın pulunu götürüb qaçdı

11426 10.07.2014 08:55 Ölkə A A


İyulun 9-da da “Bank of Azerbaijan”ın qarşısında müştərilərlə bank işçiləri arasında əlbəyaxa dava olması barədə xəbər yayılıb. 

Axar.az-a bu haqda müştərilər adından bankla problemi olan jurnalist Samir Feyruzov məlumat verib.

Məlumatda deyilir ki, “Bank of Azerbaijan” yenə də müştərilərinin pullarını qaytarmaq istəmir. Buna görə də iyulun 8-də “Bank of Azerbaijan”ın qarşısında əlbəyaxa dava baş verəndən sonra onlar kömək üçün Mərkəzi Banka gediblər: “Orda dava-dalaş oldu. Sonra camaata dedilər ki, gedin, kimə deyirsiz deyin! Mərkəzi Banka getdik, orda da qəbul etmədilər”.

“Hafiz Məmmədovun əlindən bankı almaq istəyirlər, o da vermir. Pulunu götürüb qaçıb. Bankda da pul yoxdur” deyə, Samir Feyruzov bildirib. 

H.Məmmədov “Qafqazinfo”ya bir müddət əvvəl verdiyi müsahibəsində mütəmadi gündəmdə qalmasını belə şərh etmişdi: “Yəqin qarşısını almırıq - ona görə... Yazırlar ki, oxunsunlar. Özüm də vaxtım oldu oxuyuram, olmadı oxumuram. Çünki adam özü biləndə ki, xəbərlər neqativdir, onsuz da oxumur. Vaxt azlığından yaxşı şeyi də oxumuram, deyim ki, yaxşını oxuyuram - yox. Azərbaycana aid bir şey olanda ona baxıram. Maşallah, o qədər çox yazılıb ki... Həm pis, həm yaxşı. Heç baxmıram”. 

Göründüyü kimi, haqqında yazılanlar onu bir o qədər də narahat etmir. Yaxud da özünü belə göstərməyə çalışır. Hər halda, oxucu üçün “kimdir Hafka” sualı hələ açıq olaraq qalır. Çünki onu Azərbaycanın “Abramoviçi” də adlandırmaq olmaz. Bəs doğrudan da kimdir “Hafka”?

“Hafka” - Hafiz Məcid oğlu Məmmədov. 1964-cü il, dekabrın 2-də Naxçıvanda anadan olub. 1971-1981-ci illər Naxçıvanın 3 saylı orta məktəbində təhsil alıb. 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsilini davam etdirib. 

1985-ci ildən iaşə müəssisəsində mühasib kimi çalışıb. 1987-1988-ci illərdə Sənaye Nazirliyində iqtisadçı, sonra “Provident Bank Manacement” kredit departamentinin direktoru, “Sənan” kiçik müəssisəsinin baş meneceri, “Alpha plus” ticarət müəssisəsinin baş meneceri işləyib. Nəhayət, 1998-ci ildə “Baghlan General Trading” şirkətinin prezidenti olub. İndi onun gah həbs ediləcəyi, gah ölkədən qaçdığı, gah da müflis olduğu söylənir. 
 
Fransa mediasının isə yazdığı ən qəribə xəbər budur ki, iş adamı üç dildə - Azərbaycan, rus və ingiliscə sərbəst danışır. Sən demə, o, evdən çıxanda özü ilə 7 mobil telefon götürür. Londonda və İsveçrədə ofisləri var. Həftənin cümə günləri onu tapmaq müşküldür. 

Çünki həmin günü özünə və ailəsinə həsr edir. 7 mobil telefon gəzdirən, 18 mühafizəçinin müşayiəti ilə zirehli “Mercedes”də hərlənən Məmmədov istər ölkəsinin, istərsə də xarici KİV-də öz imicini müsbət çalarlarda göstərmək istəyir.

H.Məmmədov hələ 2004-cü ildə “Bakı” klubunu təsis edib. O, təkcə Fransa “Lans”ı ilə kifayətlənməyib, “Atletiko” və “Porto”da pay sahibi olmaq niyyətindədir. 
Fransız KİV-in yazdığına görə, azərbaycanlı milyarderin “Lans” futbol klubunun prezidenti Jerve Martellə əvvəllər tanışlığı olmayıb. Məmmədovun bu klubla tanışlığı 2012-ci ildə Kannda olub. Məmmədov ora dincəlməyə gəlibmiş. 

Onlar kazinoda tanış olublar. Yerli kazinodakı tanışlıq sonradan onlarını birgə əməkdaşlığına çevrilib. Elə oyun avtomatları arxasındaca “Lans” söhbəti edilib və H.Məmmədov kluba 20 milyon ayırmağa razılaşıb. 

E.SALAMOĞLU


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR