İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKIDA İÇMƏLİ SU QITLIĞINA SƏBƏB NƏDİR?

2486 24.08.2010 09:45 Ölkə A A
Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bu qıtlığı ilk növbədə yayda su zavodlarında istehsalın artması ilə izah edir: “Yayda su ilə bağlı şikayətlər çox artır. Bunun bir səbəbi də yayda su zavodlarının istehsalının artması ilə bağlıdır. Hər yay Bakı şəhərində təkcə Abşeronda 100-dən çox su sexi işə düşür. Əhali üçün vaxtilə çəkilmiş Şollar, Kür-1, Kür-2 su kəmərlərindən iri su şirkətləri su istehsal edirlər. Nağıllarımızda deyildiyi kimi, əjdaha suyun üstündə oturub, əhalinin suyunu kəsir. ”Coco-cola", “Pepsi-Cola”, “Aqua-vita”, “Aysu” kimi yüzlərlə sexlər su kəmərlərinin üzərində oturub əhaliyə gələn suyu istismar edirlər və qablaşdırılan müftə sular əhaliyə pulla satılır".
Mütəxəssisin fikrincə, su qıtlığına digər səbəb həmin ərazilərdə tikilən mülk və villa sahiblərinin içməli suyu istismar etməsilə əlaqədardır: “Üstəlik də həmin ərazilərdə çoxlu sayda villalar var ki, həyətlərdə su hovuzları tikilib, bağ sahələri suvarılır, nəticədə içməli su əhaliyə çatmır. Bu da çox su itkisinə gətirib çıxarır. Eyni zamanda hər gün əhali ilə ”Azərsu" işçiləri arasında narazılıq olur. Əhali şikayətlənir ki, su yoxdur, “Azərsu” isə deyir ki, pulumuzu ödəyin, su verək. Digər tərəfdən, su sayğacları qoyulmayan mənzillərdə adambaşına verilən supulu baha qiymətə yazıldığından, bu da əhalidə narazılıq doğurur. Su sayğacı qoyulan evlərdə də ki, supulu sayğaca uyğun ödənmir".
D.Məmmədov çıxış yolunu hökumətin əvvəlki illərdən qalan supulunu əhaliyə bağışlanmasında görür: “Bütün bu narazılıqlardan əhalini qurtarmaq üçün bir yol var: necə ki, ölkə başçısı əhaliyə əvvəlki illərdən qalma qazpulunu bağışladı, eləcə də supulunu bağışlasa, bu mübahisəyə son qoyular. Güman etmək olar ki, ilin axırınadək Oğuzdan gələn su kəməri paytaxta çatdıqdan sonra bu mübahisələrə nisbətən son qoyulacaq”.
İçməli suyun tərkibinin aşağı keyfiyyətdə olmasını isə D.Məmmədov su anbarlarının və şəhərə, eləcə də binalara gələn su kəmərlərinin köhnəlməsi ilə əlaqələndirdi: “İnsaf naminə ”Azərsu" bu gün əhalini su ilə təmin etməyə çalışır. Amma məlum məsələdir ki, 100 faiz içməli su ilə təmin edə bilmir. Bunun da müxtəlif səbəbləri var. İri su anbarları, sutəmizləyici qurğular və kəmərlər - hamısı 30-40 il bundan əvvəl quraşdırılıb. Həmin kəmərlərin içərisində paslanma gedib, evlərə tərkibi təmizlənmiş sular verilsə belə, binalara paslanmış kəmərlərlə su nəql olunursa, bu sular içməyə yenə də yararsız hala düşür. Odur ki, təmiz su təminatı üçün həmin kəmərlər də, qurğular da yenilənməlidir".
Azərbaycanda içməli su probleminə dair mövzunun davamı olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR