İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın “əmlak kralı” ilə bağlı şok dosye

13065 31.07.2014 08:55 Ölkə A A


Sayt bunlarla bağlı sözün həqiqi mənasında sensasiyalı məlumatlar, faktlar əldə edib. Bizə təqdim olunan materiallarda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinə gəlmiş-getmiş demək olar ki, bütün şəxslərin bu illər ərzində hansı qanunsuzluqlarda, cinayətlərdə iştirak etdiyi, nələrə sahib olduğu və sairlə bağlı geniş dosyelər var. Bundan əlavə, ƏMDK-da, onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istər Bakı Şəhər Ərazi İdarəsində, istərsə də digər rayon və şəhər ərazi idarələrindəki qanunsuzluq, korrupsiya, rüşvətxorluq faktlarına dair geniş məlumatlar təqdim edilib. Bu materialları sayt hissə-hissə dərc edir. Ümid edirik ki, aidiyyəti qurumlar bu faktları araşdıraraq hüquqi qiymət verəcək.

10 milyonlarla manat rüşvət yığılan qurumda 6 ayda 2 korrupsiya faktı aşkarlanıb...
Mətləbə keçməzdən öncə qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən verilən məlumata görə, 2014-cü ilin birinci yarımilliyində ƏMDK-nın strukturlarındakı korrupsiya və rüşvətxorluq faktına görə cəmi 2 cinayət işi açılıb. Ancaq yerlərdən gələn məlumatlar göstərir ki, ƏMDK-nın strukturlarında, xüsusən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində və onun ərazi idarələriində baş verən korrupsiya, rüşvətxorluq hallarının sayı-hesabı yoxdur. Mətbuatda, televiziyada bununla bağlı demək olar ki, hər gün vətəndaşların şikayətlərinə rast gəlinir. Hətta son illər Əmlak Komitəsindəki korrupsiya və qanunsuzluqlar beynəlxalq təşkilatların hesabatlarına belə düşməyə başlayıb. Bu çür geniş miqyaslı qanunsuzluqların baş verməsi təbii ki, ƏMDK-nın rəhbərliyinin, o cümlədən sədr Kərəm Həsənovun, müavinləri Rafiq Cəlilovun və Rüstəm Şahbazovun da fəaliyyətini diqqət mərkəzinə gətirir. Onların ƏMDK-nın strukturlarında, o cümlədən Rafiq Cəlilovun birbaşa nəzarətində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrində yığılan milyonlarla manat rüşvətdən xəbərləri yoxdurmu? İnandırıcı deyil...

Hər halda, son illər Kərəm Həsənovun ölkənin ən güclü oliqarxlarından birinə çevrilməsinin, adının baş nazirliyə iddialılar sırasında çəkilməsinin arxasında məhz onun rəhbərlik etdiyi qurumun tabeliyindəki idarələrdə hər ay müxtəlif qanunsuz yollarla yığılan 10 milyonlarla manat “çirkli pulların” böyük rolu olduğuna dair iddialar mövcuddur. Ancaq Kərəm Həsənovun, necə deyərlər, gününü ancaq Əmlakdan gələn pulları saymaq, “yerləşdirməklə” keçirdiyini iddia etmək də mümkün deyil. Belə ki, bu gün Kərəm Həsənovun çoxsaylı zavodlara, şirkətlərə, obyektlərə, tikinti firmalarına, 1000 hektarlarla kənd təsərrüfatı məhsulları istehsal edən ərazilərə və sair malik olduğu bildirilir. Onun adı həmçinin ölkədə, xüsusən paytaxtda aparılan söküntü-tikinti işlərində xərclənən 100 milyonlara nəzarət edən şəxslərdən biri kimi çəkilir. Bəs hazirda 46 yaşı olan, 32 yaşından özəlləşdirmə prosesinə nəzarət edən Kərəm Həsənov bu imkanları necə əldə edib?

Qardaşı Rafiq Fərhad Əliyevdən Kərəm Həsənova vəzifə verməyi xahiş edir
Beləliklə, Kərəm Həsənovun şəxsi dosyesindən başlayırıq... (Qeyd edək ki, bu material Kərəm Həsənovu çox yaxından tanıyan birinin dilindən nəql olunub...)
Kərəm Həsənov 1992-ci ildən xarici təşkilatların tələbi və məsləhəti ilə bü
tün keçmiş SSRİ respublikalarında yaradılmış formal bir qurum olan Anti-inhisar Komitəsində sıradan bir məsləhətçi işləyirdi. 90-cı illərin sonlarında o, sabiq iqtisadi inkişaf nazri Fərhad Əliyevin qardaşı, “Azpetrol” Şirkətinin rəhbəri Rafiq Əliyevlə tanış olur. Kərəm Həsənovun odlu-alovlu çıxışları Rafiq Əliyevin xoşuna gəlir.

K.Həsənov vaxtaşırı uzun illərdir işlədiyi komitədəki əmək haqqının azlığından, Yasamalda kirayədə yaşamasından, rayondan yardım olmasa dolanışığının çətinliyindən R.Əliyevə gileylənərək, əlverişli variant olsa həmyerli kimi onun da nəzərə alınmasını xahiş edirdi. Fərhad Əliyev dövlət əmlak naziri təyin olunduqdan sonra R.Əliyev qardaşından K.Həsənovu məsul bir vəzifəyə təyin etməyi xahiş edir.

Qardaşının sözünü eşidən F.Əliyev K.Həsənovu qəbul edir. Onu başdan-ayağa süzdükdən sonra ilk tapşırığını verir: “Əynindəki nimdaş pal-paltarını dəyiş, məmura yaraşan tərzdə geyin...”

Kərəm Həsənov “barmaq gətirmək” üçün göndərilən yerdən “qol gətirir”
Fərhad Əliyev bu görüşdən sonra Kərəm Həsənovu sınaq müddətinə departament direktorunun müavini təyin etdi. Həmin müddətdə “barmaq gətirmək” üçün göndərdiyi yerdən Kərəm Həsənovun “qol gətirdiyini” müşahidə edən Fərhad Əliyev qardaşının zamin durduğu bu gəncdə qeyri-adi “istedad” olduğunu görür. Kərəm Həsənovla bağlı qardaşının səhv etmədiyini, onun karyera xatirinə istənilən addımı atmağa hazır bir şəxs olduğunu başa düşür. Lakin Kərəm Həsənovdakı bu “keyfiyyətin” sonradan onun özünə qarşı da çevrilə biləcəyini nəzərə almır...

Sınaq müddəti başa çatdıqdan sonra Fərhad Əliyev Kərəm Həsənovu Orta və İri Müəssisələrin Özəlləşdirilməsinin Təşkili Departamentinin direktoru təyin edir. Respublikada ən məsuliyyətli sahələrdən birinin etibar edildiyi vaxtda belə bir şəxs F.Əliyev üçün çox lazım idi. O, F.Əliyevin ona olan inamından, etimadından istifadə edib digər həmyerliləri - Anti-inhisar Komitəsində işləyən Rüstəm Şahbazovu özünə müavin təyin etdirir və beləliklə, “Cəlilabad triosu” yaranır...

Kərəm Həsənov özəlləşdirmədə “haqq” yığılması mexanizmini işə salır
K.Həsənov özəlləşdirməyə açıq elan olunmuş, lakin hələ özəlləşdirilməmiş Bakı, Sumqayıt, Gəncə şəhərində yerləşən müəssisələrdən aylıq, əvvəlki baş idarəsi ləğv olunmuş komitənin tabeliyində olan müəssisələrdən, müştərək müəssisələrdən, səhmlərinin 30 % -i və ya daha çox hissəsi özəlləşdirilməmiş ASC-lərdən, həmçinin səhmlərinin müəyyən hissəsi özəlləşdirilmiş, lakin səhm sahibi naməlum olan ASC-lərdən rüblük “haqq” yığılması mexanizmini işə salır.

Nəzərə alsaq ki, həmin vaxt respublikada 1000-dən çox ASC, bundan xeyli çox özəlləşdirilməmiş, ancaq komitənin tabeliyinə verilən dövlət idarə və müəssisəsi fəaliyyət göstərirdi, toplanan pulun miqdarını təsəvvür etmək çətin olmaz.

I Dövlət Proqramı çərçivəsində səhmlərinin müəyyən hissəsi özəlləşdirilmiş ASC idarə heyəti sədrlərindən, səhmdarların birinci ümumi yığıncağına qədər sədr təyin olunmuş əvvəlki müəssisə rəhbərlərindən istənilən təsərrüfat fəaliyyəti ilə bağlı komitə ilə razılaşmaları tələb olundu. K.Həsənov hər şeydən, qarşılaşdığı bütün imkanlardan yararlanmaq istəyirdi. Tutduğu vəzifəyə görə buna nail də olurdu. Heç nəyi geri qaytarmırdı. Hətta bir müəssisə rəhbərinin taksidən onun xidməti maşınına ev şəraitində hazırlanmış meyvə mürəbbələri qoyduğunu da əməkdaşlar görmüşdü...

İxtisaslaşdırılmış çek hərraclarından qazanc götürməyin də yolunu tapır
Yalnız bir sahədə - ixtisaslaşdırılmış çek hərraclarından əvvəllər təcrübəsiz olduğundan pay götürə bilmirdi. Lakin sonradan burdan da qazanmağın çarəsini tapdı. Dostu Rüstəm Şahbazovla birləşib, Fərhad Əliyevdən xəlvəti bəzi ASC-lərə tələbə yoldaşlarının, dostlarının, qohumlarının, yaxınlarının adına müəyyən qədər çek qoyaraq həmin müəssisələrin 3-5 % səhmlərini ələ keçirirdilər. Sonradan isə həmin səhmləri böyük məbləğə özlərinin saxta yolla qalib elan etdikləri nəzarət səhm sahibinə sataraq külli miqdarda qazanc götürürdülər. Təbii ki, bu qazancdan Fərhad Əliyevin xəbəri olmadığından cəmi 2 yerə bölürdülər.

K.Həsənovun özündən vəzifəcə böyüklərlə müti, vəzifəcə aşağılarla əzazil, qaba, etikasız tərzdə danışığı, davranış və hərəkətləri tabeliyindəki əməkdaşları onunla təmasdan çəkindirirdi. Bir dəfə səfərdən qayıdarkən onun xidməti nəqliyyat vasitəsini sürət məhdudiyyətini keçdiyi üçün Qaradağ postunda saxladığına görə YPX-nin əməkdaşını təhqir etməsi əhvalatını eşitməyən yox idi.

Hətta nazirliyin Ağdaş rayon şöbəsinin rəisi Sadiq Yunusovla kabinetdə əlbəyaxa olduğu xəbəri də bütün nazirliyə yayılmışdı. Lakin şöbə rəisi respublikanın məşhur xalq şairinin yaxın qohumu olduğu üçün onu vəzifədən azad etməyə gücü çatmadı...
Əməkdaşlar ilk gündən bu cavan oğlanın istər gənclərə, istərsə də yaşlılara yuxarıdan aşağı baxdığını, sanki özünü DƏN-də birinci şəxs hesab etdiyini müşahidə edirdilər. O özü də müəyyən səbəblərdən adını açıqlamaq istəmədiyimiz, Qərb bölgəsi rayon şöbələrindən birinin rəisi ilə söhbət zamanı yaxın zamanlarda bu binaya özünün rəhbərlik edəcəyini bildirmişdi. Və həqiqətən istəyinə nail oldu...

Fərhad Əliyev Kərəm Həsənovu, o da dostlarını özəlləşdirmənin başına keçirir
K.Həsənovun canfəşanlığı və fədakarlığı Fərhad Əliyev tərəfindən qiymətləndirildi. Onun təqdimatı ilə 2000-ci ildə K.Həsənov dövlət əmlakı nazirinin müavini vəzifəsinə təyin olundu.

2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi yaradıldı. Yeni strukturda Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ayrıca bir komitə səlahiyyətli qurum oldu.

F.Əliyevin təqdimatı ilə onun etibarlı adamı hesab etdiyi K.Həsənov da bu departamentin direktoru təyin olundu. ƏMDK sədrinin hazırki müavinləri Rüstəm Şahbazov departamentin Orta və İri Müəssisələrin Özəlləşdirilməsi İdarəsinin rəisi, Rafiq Cəlilov isə Yarımçıq Tikililərin Özəlləşdirilməsi şöbəsinin rəisi təyin olundular.

Fərhad Əliyevə Rafiq Cəlilovun da namizədliyini qardaşı Rafiq Əliyev vermişdi...
İqtisadi inkişaf naziri işlədiyi dövrlərdə F.Əliyev həm nazirliyin əsasnaməsinə, həm də öz şəxsi marağına uyğun olaraq, respublikada inhisarçılığa qarşı fəal mübarizə aparırdı. Bu mübarizədə F.Əliyevlə o zaman Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyən Kəmaləddin Heydərovun və idxal-ixracda süni inhisar yaradan digər iri ranqlı məmurların mübarizəsi tam kəskinləşmişdi.

F.Əliyev bir tərəfdən müxtəlif dövlət və hökumət tədbirlərində iştirakı, digər tərəfdən xarici ölkələrə işgüzar səfərləri ilə əlaqədar K.Həsənovun rəhbərlik etdiyi departamenti demək olar ki, nəzarətsiz buraxmışdı. Bu səhvi F.Əliyevi gözləmədiyi halda uçuruma apardı...

(ardı var)


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR