İnsanlara hürriyət, millətlərə istiqlal!

Yığışdırılmayan türmələr

7251 30.12.2016 08:45 Yazarlar A A

Siyasi dustaq, AXCP üzvü Məmməd İbrahim cəzasının üçdə birini çəkdiyi üçün məntəqə tipli türməyə köçürülmək istəyir, ancaq məhkəmə onu ümumi türmədə - 16 saylı cəzaçəkmə Müəssisəsində saxlamaq qərarı verib. Bu zaman həmin 16 saylı türmənin əməkdaşı Tacəddin müəllimin rəyi əsas götürülüb. Tacəddin müəllim deyib ki, Məmməd bəyin cəzasını yüngülləşdirmək lazım deyil, çünki o, türmədə bizim sözümüzə baxmır, yatdığı yeri yığışdırmır, ərazini süpürmür. 

Birinci dəfə deyil, insanlara türmədə zülm etmək üçün bu tip bəhanələri çox görmüşük. İndi yadıma ikisi düşür. Bir dəfə jurnalist Qənimət Zahidin də cəzasını yüngülləşdirməkdən bənzər bəhanə ilə imtina edilmişdi, türmə rəisi demişdi ki, Qənimət bəy dustaqlar arasında voleybol yarışına qatılmayıb. Müsavatçı Yadigar Sadıqovu da həmin bu andıra qalmış (çünki kağız üzərindədir, real tətbiqini kimsə görməyib) “üçdə bir” maddəsinə salmaqdan imtinanı Qaradağ Rayon Məhkəməsi 14 saylı türmədən gəlmiş xarakteristika sənədi ilə əsaslandırmışdı, orda isə belə yazılıbmış: “Yadigar Sadıqov peşmançılıq hissi keçirmir, bütün günü, səhərdən axşamacan kitab oxuyur”. 

Doğrusu, bizim Ədliyyə Nazirliyinin hazırladığı türmələrdə davranış qaydalarına görə bu əməllər - yerini yığışdırmamaq, bütün günü ancaq kitab oxumaq, voleyboldan imtina və sairə belə absurd hərəkətlər pozuntu sayılır. Buna əsaslanıb dustağın cəzasını yüngülləşdirməyə bilərlər. Kağız-qələm öz əllərində deyilmi? Nə cür daxili qayda istəsən, yaz getsin. Kim sənə gözün üstündə qaşın var deyə bilər? 

Hətta lazım gəlsə, bunu dünyadakı başqa absurd qanun-qaydalarla tutuşdurub haqq qazandırarlar. Örnək üçün, ABŞ-ın Nyu York şəhərində tramvayda dovşan ovlamaq qadağandır. Avstraliyada insanlara ağcaqanadları... dişləmək qadağan edilibdir. Andorrada arvadı ancaq yastıqla döymək olar. Efiopiyada isə, inanmazsınız, adamı kartofdan artıq qızartmaq qadağandır. Bizdə şükürlər olsun, belə qanunlar hələlik qəbul edilməyibdir. Biz insanları qızartmırıq, ancaq soyutma və xaş edirik. Ancaq məni məsələnin başqa yönü düşündürür. 

Hər dəfə türmələrdən gəlib məhkəmədə “filankəs islah olunmayıb, cəzasını azaltmayın” deyib arxayın şəkildə çıxıb gedən türmə işçiləri var. Bəs bunları niyə cəzalandıran yoxdur? Yuxarıda söhbət açdığım Tacəddin müəllimə niyə “tacını hardan almısan” deyilmir? 

Axı türmənin vəzifəsi təkcə qapını bağlayıb adamı boğmaq deyil. Orda insanlar islah olunmalı, tərbiyələnməli, təzədən cəmiyyətə qayıtmalıdır. Əgər dustaq islah edilməyibsə, bu, həm də türmə rəhbərliyinin günahıdır. Təəssüf ki, biz buna görə cəzalanan rəislər görmürük. Ümid edirəm Ədliyyə Nazirliyi yaxın gələcəkdə qaldırdığım məsələyə diqqətlə yanaşacaqdır. “Üçdə bir” ala bilməyən məhkumları çox olan rəislərin maaşından üçdə biri cərimə tutulsun. Misal üçün. Yoxsa elə fəxrlə gəlib məhkəmədə deyirlər ki, dustaq islah olunmayıb, sanki buna görə medal almalıdırlar. Bəlkə almalıdırlar, nə biləsən...

Ümumiyyətlə, bizdə çox adam öz işiylə düzgün məşğul olmur. Dövlət Təhlükəsizlik Xidməti hazırda valyuta alverçilərini tutur, məlum deyil kiminsə ağacın dibində başqasına dollar satmasının dövlətçiliyimizə hansı təhlükəsi var. Özü də bankda dollar yoxdursa, camaat bunu hardansa almalı deyilmi? 

Üstəlik, bu “qanunsuz valyuta alveri” çox absurd maddədir, kiminsə cibinə nəşə atıb tutmaq tipində bir şeydir. İstədiyin adamı bu maddə ilə ilişdirmək olar. Yəni sən küçədə DTX-nin əməkdaşının gözü qabağında bir dostuna 100 dollar ver, əvəzində manatla pulunu al - səni tutmaq olar. Sivil dünyada belə şeyləri, o cümlədən kiminsə marixuana istifadə eləməsini (bir ot ki, təbii şəkildə çöldə bitir və hər kəsin əlinə düşə bilər, burda cinayət tərkibi absurddur) artıq cinayət kateqoriyasından çıxarırlar. Ən son Gürcüstan marixuanadan istifadəni cinayətlər sırasından sildi. Gör indi orda türmələr necə boşalacaq. Bizdə isə iki ot yarpağına görə tutulan, bədbəxt edilən minlərlə adam var, türmələrdə də yer qalmayıb. 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR