İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni gətirilən meyvə sortları: üstünlüyü yerli məhsula verək, yoxsa...

2249 14.07.2018 09:45 İqtisadiyyat A A

Sahibkarlar “dadı meyvəyə torpaq, iqlim verir” deyir

Azərbaycanda meyvə-tərəvəzin istehsalı və ixracı sürətlə artır. Xüsusilə son 2 ildə bu məhsulların ölkədən kənara ixracında qeydə alınan böyük artım diqqəti cəlb edir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycandan meyvə-tərəvəz ixracı 548 min 998 ton təşkil edib. Bundan ölkəyə 502,8 milyon dollar vəsait daxil olub. Bu ilin altı ayında isə ölkədən xaricə ixrac olunan meyvə-tərəvəzin həcmi 299 min 677 ton təşkil edib ki, bundan əldə olunan gəlir 276,7 milyon dollara bərabər olub.

Meyvə-tərəvəzin idxalına gəlincə, 2017-ci ildə bu göstərici 280 min tondan azca yüksək olub, ona xərclənən vəsait isə 132,3 milyon dollar təşkil edib. Bu ilin altı ayında Azərbaycana 166 min 830 ton meyvə-tərəvəz gətirilib ki, buna da 89,3 milyon dollar xərc çəkilib.

Hazırda ölkənin qeyri-neft ixracında əsas yeri məhz meyvə-tərəvəz tutur. Bu məhsulların ixracında yaranmış əlverişli şərtlər getdikcə daha çox sayda sahibkarın meyvə-tərəvəz istehsalına yönlənməsinə gətirib çıxarır. Sahibkarlar xarici ölkələrdən çoxsaylı meyvə-tərəvəz sortları gətirirlər. Bu sortlar yerli sortlardan məhsuldarlığı, eləcə də xəstəliklərə davamlılığı ilə seçilir. Amma maraqlıdır ki, yerli əhali bir çox hallarda yeni gətirilən meyvə-tərəvəz sortlarının dadını bəyənmir. İnsanlar tez-tez köhnə sortların daha dadlı olduğunu bildirir, onların sıradan çıxacağından ehtiyatlanırlar.

Bəşir Quliyev ile ilgili görsel sonucu

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev bu mövqe ilə razılaşmır. Onun dediyinə görə, sahibkarların daha məhsuldar, xarici görünüşcə cəlbedici, xəstəliklərə daha davamlı sortların axtarışında olması təbii və həm də lazımlı prosesdir: “Yeni gətirilənlər də mədəni sortlardır, meşə sortları deyil ki. Bu gün bizim ənənəvi adlandırdığımız sortlar 60-70-ci illərdə sovet elmi institutları, alimləri tərəfindən yetişdirilən sortlardır. Onları ilkin olaraq sovxoz-kolxozların bağlarında əkirdilər, sonralar həyətlərə də gedib çıxdı. İndi də sahibkarların yeni sortlar gətirib yetişdirməsində heç bir problem yoxdur. Deyirlər, Azərbaycanın ənənəvi pomidor sortları... Bakı pomidoru deyilən ”Durento" 1972-ci ildə Hollandiyanın “Royal Fitch” şirkəti tərəfindən yaradılıb, 1990-cı illərdə Bakıya gətirilib. Belə götürdükdə, pomidor, ümumiyyətlə, Azərbaycanın yerli bitkisi deyil, Amerikadan gətirilmədir"

Assosiasiya rəhbəri deyir ki, meyvəni dadlı edən torpaq və təbii-iqlim şərtləridir: “Hər hansı sortu gətirib yetişdirsək, Azərbaycanın torpağı, təbii-iqlim şəraitinə uyğunlaşacaq, dadlı olacaq. Digər tərəfdən, sahibkara, biznesmenə demək olmaz ki, yeni sortlar axtarma, gətirmə. Sahibkarların da gətirdiyi hər sort özünü tutmur axı. Hansı dadlı, məhsuldar olursa, o da özünə bazar tapır. Hazırda böyük sürətlə yeni meyvə-tərəvəz bağları, sahələri salınır. Bu istiqamətdə böyük işlər görülür. Bunu isə ancaq ki, təqdir etmək lazımdır”.

İş adamı, Azərbaycanda ilk dəfə faraş meyvə bağı salan Mürvət Həsənli bildirir ki, bir neçə sort meyvəni istilikxana şəraitində yetişdirirlər: “Yerli məhsullardan 20-30 gün əvvəl yetişəcək meyvələr. 3 cür ərik, şaftalı, yapon alçası və üzüm əkmişik. Bu il ilkin olaraq 500 kiloqramadək şaftalı və nektarin topladıq. Çox dadlı, yerli sortlardan da qat-qat ləzzətli meyvələrdir. İnşallah, gələn ilin aprelindən daha çox həcmdə məhsulu bazara çıxara biləcəyik”.

İş adamı deyir ki, yeni sortları əkmək hər kəsin öz istəyi ilə olan işdir: “Kiməsə məcburən həyətində yeni sort meyvə əkdirilmir. Yeni sortlar ancaq iri təsərrüfatlarda, sahibkarla tərəfindən əkilir. Buna görə də köhnə sortların sıradan çıxacağından ehtiyatlanmağa ehtiyac yoxdur”.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR