İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəməndə atəşkəs başladı və pozuldu

769 18.12.2018 23:54 Dünya A A

Yəmən müharibəsinin bu şəkildə bitməsi kimin üçün əlverişli deyil?

İsveçdə başlayan Yəmən danışıqları müsbət nəticəsini verib. Tərəflər ötən gün atəşkəs mövzusunda razılığa gəlib və artıq ötən gündən Yəmənin husilər və Mansur Hadi tərəfdarları aparılan döyüşlər dayanıb.

Ancaq atəşkəs qüvvəyə mindikdən bir neçə saat sonra tərəflər arasında artilleriya atəşləri başlayıb. Səudiyyə Ərəbistanı və BƏƏ hərbi koalisiyası husi qüvvələrinin Hudeyda şəhərinin şərqində top atəşləri həyata keçirdiyini bəyan edib. Gecə sabaha qədər döyüşlərin davam etdiyi iddia olunur.

Qeyd edək ki, Yəmən danışıqları dekabrın əvvəlində paytaxt Stokholm şəhəri yaxınlığında Rimbo qəsəbəsində başlayıb. Yəmən danışıqlarının əsas hədəfi Yəməndə atəşkəsin əldə olunması, əsirlərin azad edilməsi, ümumiyyətlə, müharibəyə son qoyulmasıdır. Danışıqların təşkilatçısı, BMT-nin Yəmən üzrə xüsusi təmsilçisi Martin Qriffits hələ ötən həftə keçirdiyi mətbuat konfransında deyib ki, danışıqlar prosesində ciddi irəliləyiş var, ancaq ciddi nəticə üçün dəstəyə ehtiyac var.

Qriffits İsveç danışıqlarında tərəflərə təqdim olunan həll planının detallarını açıqlayıb. “Əl-Cəzirə”nin məlumatına görə, BMT xüsusi təmsilçisinin açıqladığı sənəddə siyasi və hərbi keçid mərhələsinin detalları qeyd olunub. Bundan başqa, sənəddə bütün Yəmən ərazisində, o cümlədən Səudiyyə Ərəbistanı ilə sərhəddə döyüşlərin dayandırılması təklif olunub. Ümumilikdə isə danışıqlar Yəməndəki humanitar böhran, həbsdə saxlanılan şəxslərin taleyi, humanitar yardımların böhran nöqtələrinə çatdırılmasına imkan verilməsi, Taiz şəhərində blokadanın ləğv olunması, həmçinin Səna şəhər beynəlxalq hava limanının yenidən açılması kimi mövzular üzərində aparılır.

Yəməndə atəşkəs ile ilgili görsel sonucu

Ümumilikdə isə tərəflər bu günə qədər əsirlərin dəyişdirilməsi, Hudeyda şəhəri ətrafından orduların çəkilməsi, Taiz ətrafında blokadanın götürülməsi, Səna aeroportunun açılması mövzularında anlaşıb.

Ancaq qarşı tərəf, yəni Yəmən husilərinin Ənsraullah təşkilatı bu iddiaları təkzib edib. Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam “Əl-Cəzirə” televiziyasına verdiyi açıqlamada bildirib ki, Səudiyyə Ərəbistanı aviasiyası atəşkəs qüvvəyə minməmişdən əvvəl hava zərbələrini başladıb. Ancaq eyni zamanda Ənsarullah təmsilçisi İsveç anlaşmasını dəstəklədiklərini və Yəmən xalqının atəşkəsə sadiq qalacağını bildirib.

Qeyd edək ki, Ədəndən sonra Yəmənin əsas dəniz limanlarından olan Hudeyda şəhəri husi hökumətinin nəzarətində olan bölgəyə yeganə yardım nöqtəsi hesab olunur və Yəmən hökumətinə gələn yardımların 90 faizi məhz bu şəhərdən keçir. Bu səbəbdən də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya husilərin sonuncu “nəfəsliyini” qapatmaq üçün bu ilin yazından Hudeyda şəhərinə geniş miqyaslı hücum əməliyyatı başladıb. Ancaq bir neçə dəfə həyata keçirilən irimiqyaslı hücumlar nəticə verməyib və şəhəri husilərdən almaq mümkün olmayıb.

Lakin əvəzində aramsız olaraq Hudeydanı bombalayan koalisiya aviasiyası şəhərli yerlə bir edib. hal-hazırda Hudeyda şəhərində 150 min insanın döyüşən qüvvələrin mühasirəsində qaldığı bildirilir. Ancaq şəhərin strateji əhəmiyyəti səbəbindən tərəflər geri çəkilmək istəmir. İsveçdə başlayan danışıqlar zamanı ilk anlaşmazlıq məhz Hudeyda mövzusunda olub. BMT şəhərinə sülhyaratma qüvvələri göndərməyi təklif etsə də, husilər buna razılıq verməyib. Husi tərəfi Hudeydanın yalnız tərəfsiz bölgə olmasına razılaşıb.

Xatırladaq ki, 2014-cü ilin payızında husilərin Sənaya hücum edərək prezident Hadini devirdikdən sonra başlayan münaqişə 2015-ci ilin 26 martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb hərbi koalisiyasının Yəmənə hücumu ilə ağır müharibəyə çevrilmişdi. Hazırda da tərəflər arasında savaş davam edir.

Yəməndə atəşkəs ile ilgili görsel sonucu

Yəməndə atəşkəs əldə olunması üçün 2016-cı ildə İsveçrədə danışıqlar başlasa da, əldə olunan atəşkəs razılaşması pozulduğu üçün danışıqlar yarımçıq qalmışdı. İndi isə Yəməndə humanitar böhran daha da dərinləşib, əhalinin yarıdan çoxu aclıq çəkir, xəstəlik səbəbindən minlərlə uşaq ölüb. Yəməndə humanitar böhran dözülməz həddə çatıb, dinc əhalinin bombalanması nəticəsində hər gün onlarla dinc insan ölür.

Yəməndə 2015-ci il martın 26-da başlayan Səudiyyə Ərəbistanı hərbi müdaxiləsindən sonra 55 min insan ölüb. Onlardan 7 mini mülki əhalidir. Hazırda 22 milyon əhalisi olan Yəməndə 15 milyon insan qida əldə etməkdə çətinlik çəkir.

Beynəlxalq uşaq təşkilatı “Save the Children”in məlumatına əsasən münaqişəsinin başladığı 2015-ci ilin yazından bu yana Yəməndə 5 yaşdan aşağı 85 min uşaq ölüb. Hal-hazırda 27 milyonluq Yəməndə əhalinin 75 faizi qida və dərman yardımına möhtacdır. 5,2 milyon uşaq isə aclıq təhlükəsi altındadır.

Yəməndəki atəşkəs hazırda İsveç danışıqlarında iştirak edən əsas tərəflər olan Hadi hökuməti və Husi hökuməti arasında başlanıb. Ancaq Ölkənin cənubunda hələ də güclü olan keçmiş Cənubi Yəmən tərəfdarları olan qüvvələr, eləcə də ölkənin cənub şərq hissəsində böyük ərazilərə nəzarət edən “Yəmən əl-Qaidəsi” danışıqlara dəvət olunmayıb.

Ä°lgili resim

Digər tərəfdən, Yəməndə faktiki olaraq savaşan və mandat müharibəsi aparan İran, Səudiyyə Ərəbistanı və BƏƏ İsveç danışıqlarına dəvət olunmayıb. Müşahidəçilərə görə, atəşkəsin pozulması və münaqişənin yenidən alovlanması da məhz bu ölkələrin marağındadır. Yəmən müharibəsi son illərdə İran-Səudiyyə Ərəbistanı toqquşmasının əsas nöqtəsi idi. Bu həm də Səudiyyə Ərəbistanının regionda yeni güc mərkəzi olması yolunda ilk imtahanı idi. Məhz bu səbəbdən ər-Riyad Yəməndə savaşı tez bitirmək, husiləri cəzalandırmaq və özünə yaxın Mansur Hadini yenidən Yəmən hakimiyyətinə qaytarmaq üçün ağır müharibəyə başlayıb. ABŞ institutlarının hesablamalarına görə, Yəmən müharibəsi bu günə qədər Səudiyyə Ərəbistanına 200 milyard dollardan baha başa gəlib. Üstəlik bütün bunların yanında ər-Riyad qələbə olmadan husilərin hərbi-siyasi güc olaraq tanındığı anlaşmaya o qədər də isti yanaşmır. Baxmayaraq ki, jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra krallığın siyasi təsir imkanları xeyli zəifləyib. lakin istənilən halda bu cür sonluq Ərəbistan hakimiyyəti üçün o qədər də əlverişli deyil. bu səbəbdən də atəşkəsin o qədər də dayanıqlı olduğunu demək olmur. Lakin məsələ ondadır ki, indi BMT, eləcə də ABŞ rəhbərliyi Yəməndəki müharibənin bitməsində israr edir. Bu səbəbdən də krallıq rəhbərlərinin başqa yolu qalmayıb.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR