İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol tıxacından qurtulmağın yolu

1416 11.01.2017 08:40 Yazarlar A A

Paytaxtımızın şimal-qərb (Biləcəri) girişindəki səhər tıxaclarının aradan qalxmış olmasıyla bağlı şad xəbəri neçə vaxtdır vermək istəyirəm, hər dəfə də qorxuram ki, durum bədnəzər gözünə gələr, yoxuşun zibili çıxar.

Düzü, hər gün gözləyirəm ki, yəqin ötəki günlər bu yolda tıxac olmaması təsadüfdür, bu gün-sabah ənənəvi tıxaclar bərpa olunar, canımız intizardan qurtarar. Neçə dəfə həftənin bazar ertəsi günlərində sınamışam, görmüşəm, yox, yol həmin gün də açıqdır.

Bir aydan artıqdır ki, belədir. Deməli, əlaqədar strukturlar bu problemi çözüblər. Gendən baxanda çözümün nədən ibarət olduğu aydınca görünür. Bunların biri beynəlxalq avtovağzalın yanından dairəvi yola çıxmaq üçün alternativ yolun açılmasıdır. Amma bu, həmin problemin həllinin 10-15 faizini təşkil edə, ya etməyə.

Əsas çözüm vasitəsi avtovağzalın tuşundakı yol ayrıcına müşahidə kamerası yerləşdirilməsi və bu kameranın “cərimə yazan” olmasıdır. 

Əvvəllər beləydi: Xırdalan tərəfdən gələn və DYP-nin postunu keçəndən sonra getdikcə enlənib səkkiz zolaqlı avtobana dönən yol gəlib-gəlib avtovağzalın yanına çatanda darlaşırdı. Burada yaranan tıxacın əsas səbəbi o idi ki, kəmhövsələ, mədəniyyətsiz, intizamsız, dərəzoru sürücülər yolun sağıyla sürətlə şütüyüb gedir, soldakıların hamısını ötür, yolun darlaşan yerinə çatır, sola burulur, maşınlarını zorla yola pərçim edirdilər. 

Nəticədə qəza törətməkdən qorxan intizamlı sürücülər məcburən saxlayır, onlara yol verirdilər və tıxac yaranırdı. Yolun soluyla normal sürətlə gedən intizamlı sürücü o “Bosfor boğazı”nı 20 dəqiqəyə keçdiyi halda sağla şütüyənlər həyasızlıq etmələri üzündən 2 dəqiqəyə “20 Yanvar” metrostansiyasına yetişirdilər. 10 min (məsələn) sürücü tıxacda əziyyət çəkir, 1000 sürücü kef edirdi.

Ancaq yol istismarı sahəsinin başbilənləri bir gün gətirib yolun o darlaşan yerinə müşahidə kamerası qoydular və başladılar intizamsız sürücüləri çəkməyə. Əvvəl-əvvəl bir çox sürücülər kameraya, türkün sözü, aldırmadılar, elə bildilər, kameradır də, onsuz da işləmir. 

Təxminən bir aydan sonra poçtalyonlar onların ünvanına 50 manatlıq cərimə kağızları gətirəndə anladılar ki, yolun sağıyla şütüyüb hamını ötmək, hamıdan qabağa düşmək o qədər də sərfəli iş deyil. Razılaşaq ki, getdiyin ünvana 2-3 dəqiqə tez yetişməkdən ötrü hər gün 50 manat ödəməyə dəyməz. Bunu heç Trampın müşavir kürəkəni də özünə rəva bilməz.
Bir dəfə həmin yerdən solaxay dönüşlərlə vərdiş eləmiş və bu üzdən xeyli cəriməsi olan taksi sürücüsü özü mənə gileyləndi ki, elə bilirmiş, kamera işləmir, basıb keçirmiş, amma heç demə, bu oğraş kamera hər şeyi var, çəkirmiş.

Əlbəttə, müşahidə kameranın oğraş çıxmasını Azərbaycan fenomeni kimi qeydə almaq olardı, amma sürücü qardaş da gərək nəzərə alsın ki, bu hacətin funksiyası çəkməkdir və burada əsas məsələ qaydanı pozmamaqdır. 

Bəli, intizamsız sürücülər hərəyə iki-üç dəfə 50 manatlıq cərimə yeyəndən sonra məcbur oldular ki, yolun qayda-qanunlarına riayət etsinlər. Beləcə, həm dövlət büdcəsi beş-altı milyon (məsələn) qabağa düşdü, həm də Biləcəri yoxuşunda tıxac məsələsi düzəldi.
İndi işbuyuranlıq kimi çıxmasın, bir Biləcəri enişi məsələsi də var axı. Əvvəllər səhər-səhər yoxuşda tıxac olurdusa, indi də axşamlar enişdə tıxac olur.  

Bu tıxacın səbəbi də klassikdir - intizamsız, həyasız, mədəniyyətsiz sürücülərin sağdan cumub irəlilərdə yolu daraltmaları. 

Bu dəfə onlar “Delfin otel”in yanından sağa dönür, yolun aşağısındakı yardımçı yolla irəliləyir, “Rahat market”in yanında sola dönüb yolu daraldır, nəqliyyatın rəvan hərəkətinə mane olur, 150-200 metr sürüb təzədən yanacaqdoldurma məntəqəsinə burulur, məntəqənin içiylə şütüyüb yenidən sola burulur, keçidin altında yolu dübarə daraldırlar. Nəticədə yolun ritmi pozulur, tıxac əmələ gəlir. Bunun da çarəsi var: ya o yardımçı yolu bağlamaq, ya da ordan “sağ-sol” əməliyyatı aparmağı yasaqlamaq, cərimə tətbiq etmək. Elə olsa, hamı quzu kimi yola düzəlib gedəcək.

Cəriməsiz mümkün deyil. Yüz maarifçilik işindənsə 50 manatlıq cərimə daha effektivlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR