İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə də yaş senzi...

2535 30.07.2016 07:30 Yazarlar A A
Bu günlərdə mərhum müğənni İlhamə Quliyevanın məşhur “Yaşın nə fərqi var ki” hitinin leytmotiv misrası növbəti dəfə çək-çevir predmeti olub. Ortaya çıxıb ki, bəlkə eşq-məhəbbət məsələlərində yaşın fərqi yoxdur, amma dövlət idarəetməsi xüsusunda yaşın fərqi varmış. 

Ən azı konstitusiyada seçkili orqanlarda azyaşlıların, daha dəqiqi, yaşı az olanların iştirakına məhdudiyyət vardı. Ölkə prezidenti olmaq istəyənlər 35 yaşlarını doldurmalıydı. 
İndi təklif var ki, yaş senzi aşağı düşürülsün. 

Hey, gidi dünya... Bir zamanlar prezidentlik üçün yaş senzinin yuxarı həddi də vardı. Ayaz Mütəllibovun prezidentlik dönəmində konstitusiyaya belə bir dəyişiklik etmişdilər ki, yaşı 70-i ötmüş şəxs prezident seçilə bilməz. 

Bu, sırf Heydər Əliyevin qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Çünki onu hakimiyyətə gətirmək istəyən qüvvələr fəallıq edirdilər. 50+ yaşı olan Mütəllibov bunu bilir və müqavimət göstərirdi, qayıdışın qabağını “konstitusion yolla” almaq istəyirdi. 
Tale elə gətirdi ki, konstitusiyaya növbəti dəfə düzəliş olundu, Əliyevin hakimiyyətə yolu açıldı. Hətta artıq 80 yaşı olanda da hakim partiya onun prezidentliyə namizədliyini irəli sürmüşdü. 

İndi isə prezidentlik yaşının aşağı həddini yenidən müəyyənləşdirmək, bir də prezidenti səlahiyyət müddətinin 7 il edilməsi təşəbbüsü var. 

Ortalıq bu təşəbbüslərin dəstəkçiləri ilə dolub-daşır. Rəsmən qaynaşırlar. Hərəsi öz dünyagörüşünə uyğun şəkildə ali saraydan qaynaqlanan layihəyə dəstək, qüvvət verir.
Baş nazirin müavini Əli Əhmədov yaş senzi ilə bağlı tarixdən nümunələr gətirib, Şah İsmayılın, Makedoniyalı İsgəndərin, Napoleonun adını çəkib, onların erkən yaşda dövlət başına keçdiklərini deyib. 

Birincisi, orta əsr xanədanlıqları ilə müasir dövrdə seçki yoluyla formalaşdırılmalı olan idarəetmə sistemlərini müqayisə etmək çox qüsurludur. Çünki qədim dövrlərdə hökmdar olmaq üçün heç 14 yaşa çatmağa da ehtiyac yox idi, xanədanlığın 1-2 yaşlı varislərinin də taxta çıxarıldığı hallar olub. Buna isə hakimiyyətə gəlmək deyilməz.

Heç Napoleon da hakimiyyətə seçki yoluyla gəlməyib, qazandığı hərbi qələbələrə görə malik olduğu şöhrətdən və dövrün konyukturundan istifadə edərək, hərbi-siyasi çevriliş yoluyla hakimiyyəti götürüb.

Bir başqası da ciddi-cəhdlə prezidentin səlahiyyət müddətinin 7 il olması ideyasını müdafiə edir, bir çox ölkələrdə artıq bu sistemin qəbul edildiyini bildirir.
O “bir çox ölkələr” hansılardır, hansı inkişaf etmiş, demokratiya örnəyi olan ölkələrdir, konkret bir şey yoxdur. Dünyanın ən demokratik ölkələrində artıq prezidentlik institutunun özü simvolik hala gəlib, heç onun səlahiyyət müddətinin nə qədər olması da mübahisə predmeti olmaqdan çıxıb. 

Bu cür ideyaları müdafiə edənlər adi şahsevənlərdir. Onlar ya saray əyanlarıdır, ya da özlərini birtəhər əyan-əşrəf arasına pərçim etmək istəyənlərdir. 

Əgər sabah ali saraydan təşəbbüs gəlsə ki, prezidentin səlahiyyət müddət azaldılıb 4 il olsun, bu adamlar dərhal qabağa düşəcək, ideyanı müdafiə edəcəklər. Əksinə olsa, prezidentlik müddətinin 10 il, hətta ömürlük olması təklif edilsə, onlar yenə də sübut etməyə çalışacaqlar ki, düzü budur, çox ağıllı təklifdir, dünyanın çox yerində belədir.
Biz bu cür, özlərinə ziyalı deyən, özlərini cəmiyyətin qaymağı sayan adamlarla, məmurlarla insan haqlarına riayət edilən demokratik dövlət qurmaq, Avropa ailəsinə inteqrasiya etmək istəyirik.

Mümkün ola bilərmi? Əsla ola bilməz. Konstitusiya üzərində vaxtaşırı düzəlişlər aparmaqla, bu toxunulmaz qanunları hər dəfə arzuya, günün konyukturasına uyğunlaşdırmaqla xəyallarda olan, haqq-ədalətin bərqərar olduğu, dünya miqyasında adından yaxşı mənada söz etdirən dövləti qura bilməyəcəyik. 

Bax, elə bu cür də davam edəcəyik.  Az çəkəcək, çox çəkəcək, bilinmir. Ancaq bu yol bizi işıqlığa, gülüstana aparmayacaq. Bunu əminliklə demək olar. Fəqət böyüklər bu kimi xəbərdarlıqlara baxan deyil, öz iradələrini yeridəcək, bildiklərini edəcəklər. Nə də xalq onlara “dur” deməyəcək.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR