İnsanlara hürriyət, millətlərə istiqlal!

Virtual Azərbaycanda real sir-sifətlər

1677 20.01.2017 08:15 Yazarlar A A

Real həyata baxmayın, bizim virtual aləmdə hamı ağıllıdır, hamı vaxtaşırı çox ağıllı şərhlər, məsləhətlər  verir.

Hamı burda dissidentdir, hər şeyə etiraz edər, heç kəslə razılaşmazlar, mütləq öz fikirləri var.
Ölkənin ən şən və hazırcavab adamları burdadır: hər sözə bir söz qoşarlar, bir mövzunun çürüyünü, absurdunu çıxarana qədər zarafat edərlər, lağlağı ərşə dirənər. 

Burada hamı hər şeyi bilir, istənilən mövzu üzrə ekspertlik edirlər - beynəlxalq vəziyyətdən tutmuş ta ölkədaxili kriminogen duruma qədər. Təhlilləri çox dərindir, onlara görə, dünyada nə baş verirsə, hamısı Amerika və İsrailin oyunudur.

Burdakı vətənpərvərlərin üzünü görmə, bircə dəfə milli bayrağı çəpəki tut, gününü göstərsinlər. Hələ bunun himn oxunması var, hərbi salamın düzgün verilməsi var. Hamısına hərfbəhərf, santimetrinə qədər ciddi riayət edilməlidir.

 Din-iman əhlinin bu aləmdə xüsusi mövqeyi var, keşikdədirlər, “kafir”, “sionist”, “şeytan” adlandırılmaq istəmirsənsə, ya yazdığına diqqət etməlisən, ya da o “inqilab keşikçiləri” ilə dostluğu kəsməlisən.

Hakimiyyətin hər addımını, hərəkətini, qərarını dəstəkləyənlər ordusu var burada, prinsipləri “hökumət nə edir, düz edir, ona qarşı çıxanlar erməni dəyirmanına su tökür”dür. Sabah bir yumurta 100 manata qalxsa da, onlar hökuməti dəstəkləyəcəklər.

“Hakimiyyət nə edir, səhv edir” deyənlər bu aləmdə daha çoxdur, içlərində elə fanatiklər var ki, sabah hökumət basıb Qarabağı alsa da, razılaşmayacaqlar, deyəcəklər, düz olmadı, rejim xalqa növbəti dəfə xəyanət etdi. 

Ölkənin ən höcət, ən cığal, ən mübahisə sevən adamları məhz burdadır. Saatlarla yazışa, höcətləşə bilərlər.  Onlar həmişə haqlıdır - qatığa ağ deyəndə də, qara deyəndə də. Hətta özlərindən əvvəl bu iki rəngi seçənlər varsa, onlar üçüncü, dördüncü variantın üzərində israr edəcəklər.

Dalaşqan adamların da çoxu burdadır, heç nədən dava salar, virtualda sözləri çəpləşən kimi, bir-birilə söyüşər, realda görüş təyin edərlər.

Yaxşı ki, onların yarıdan çoxu virtualda igid, realda qorxaqdırlar, görüş yerinə gəlməzlər, məlum olar ki, bəziləri Gürcüstanda, Ukraynada, Amerikadadır.

Bay, manyaklardan danışmadıq. Onlar burada faraş mal təzəyi üstündə qaynaşan milçəklər qədərdirlər. Ölkənin facebook üzvü olan qız-gəlinlərini bezar ediblər. Orta statistik göstəriciyə görə, bir qadının daxili poçtuna həftə ərzində 247 “tanış olaq, görüşək” mesajı gəlir. Əgər qadın ailə durumunu “boşanmış” olaraq qeyd edibsə, durumun riyazi düsturu 247*5=1235 şəklini alır. 

Psixopatlar bu aləmin bəzəiyidir. Onlar hər gün istifadəçiləri terrorizə edirlər. 

Bəs çuğullar varmı? N qədər. Onların işi-gücü istifadəçilərin statuslarını, şərhlərini izləmək, skrinşot edib saxlamaq, əlaqədar orqanlara raport verməkdir. Sizcə, bu gənc fəallar nəyə görə vaxtaşırı saxlanılır, onlara xəbərdarlıq edilir? Çuğulların işidir, gecə-gündüz dövlətçiliyin keşiyindədirlər. 

Yəni cəmiyyətdə nə simada, obrazda, sir-sifətdə adam varsa, hamısı burdadır. Hamısının buradakı mövcudluq motivini anlamaq olar. Hərənin bir dərdi, bir arzusu var.  
Dələduzlar da az deyil. Vaxtaşırı kimisə aldadır, türkün sözü, dolandırır, dolanışıq pulunu əlindən alırlar. Məsələn, o gün bir qız yazıb ki, bir nəfər onu işə düzəltmək adıyla ondan 3 min manat alıb və qeyb olub. Kim o dələduzu tapsa, qız ona mükafat verəcəkmiş. Bir oğlan da yazıb ki, bacı, vallah, bu bəxt ki səndə var, biri çxacaq, “dələduzu tapmışam” deyəcək, mükafatı alıb aradan çıxacaq.

Hə, bir də virtual aləm vasitəsilə real adamlara üstüörtülü, laübalı, ünvanlı mesajlar göndərənlər var. Cürbəcür mesajlar. Romantik səpkilisi da var, siyasi səciyyəlisi də, məişət səviyyəlisi də.  Mesajların ən unikalını bir tanınmış şair yazmışdı. Şair qeyd etmişdi ki, onun oğlunun dostlarından kimsə oğlanı elə içirdib ki, övlad evə başqasının ayaqqabısını geyib gəlib. Şair həmin adamı axtarırdı ki, ona iki kəlmə söz desin. 

Uzun sözün kəsəsi, bizim virtual aləmimiz belədir. Bu real aləmdən daha maraqlı, daha şəffafdır. Bir dəlixana düşünün. Bir var, ona kənardan baxasan, bir də var hasarından içəri keçəsən. Bizim virtual aləmimiz o hasarın iç tərəfidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR