İnsanlara hürriyət, millətlərə istiqlal!

Uruseti söyə bilməyənlər milləti söyür...

1150 25.12.2016 14:12 Yazarlar A A
90-cı illərin ortalarında Azərbaycandan Rusiyaya kütləvi axın daha da gücləndi. Bu vaxta qədər də köç prosesi gedirdi, amma həmin vaxtdan köç artıq kütləvi xarakter almağa başladı. "Uruset" sözü millətin dilində idi, az qala hər gün eşidirdik. Ya kimsə Urusetə gedirdi, ya oradan hansısa xəbər gəlirdi, ya da kimsə ora getməyin yollarını axtarırdı.

Miqrant həyatı yaşayan millətlərin taleyi bir-birinə çox oxşayır. Məsələn bu yaxınlarda "Birləşmiş sevgi ştatları" adlı bir polyak filminə baxdım, həqiqətən xoşuma gəldi. Filmdə 90-cı illərin ruhunu duyursan, insanların yaşayışını, problemlərini, qayğılarını görürsən. Həmin filmdə Polşadan Qərbi Avropa ölkələrinə köçün elementləri var. 

Ümumiyyətlə, Polşadan Almaniya, Fransa və İngiltərəyə köç böyük olduğu üçün polyak filmlərinin bir çoxunda həmişə bu barədə nəsə olur. Hamısını da izlədikcə oxşarlığı daha yaxından görürsən. Lakin onu da görürsən ki, onların yaşam şərtləri azərbaycanlılardan daha yaxşı olub. 

90-cı illərdə bu Uruset sirli-sehirli bir aləm, Laplandiya kimi bir yer idi. Biz oranı təkcə şokoladlardan və digər hədiyyələrdən tanıyırdıq. Rus şokoladları o dövrün ən yaxşısı idi, tapılmırdı. O zamanlar Rusiyanın şəhərlərini televiziya kanallarında yalnızca bir neçə ötəri kadrda görürdük. Ona görə də ora barədə təsəvvürümüz həmişə qıt olurdu. 

Məsələn, mən elə təsəvvür edirdim ki, Moskva böyük binaları olan, işıqlı bir şəhərdir və onun küçələrində həmişə qar yağır. Və ora kim gedirsə, o dəqiqə varlanır. 

Urusetdən gələnlər dəri kurtkalar geyirdilər, bahalı norka papaqlar qoyurdular. Qəfildən eşidirdik ki, hansısa qız Urusetdə yaşayan birinə ərə gedib. Hər kəs bilirdi ki, onun həyatı bütünlüklə dörd divardan və uşaqdan ibarət olacaq, amma belə qızlar şanslı hesab olunurdu.

Böyüdükcə Urusetin kirli tərəfləri də bizə öz əlamətlərini göstərməyə başladı. Artıq "filan rayona filan qədər meyit gəlib", "filan iş adamını güllələdilər", "azərbaycanlıların işlədiyi bazara skinxedlərin hücumu" tipli xəbərlər eşidirdik. Dəri kurtka geyinib gəzənlərin, norka papaqlıların orada nə zülümlər çəkdiyi bizə aydın olurdu. Artıq bilirdik ki, azərbaycanlılar orda kef eləmirlər. Pul qazanırlar, amma kef eləmirlər. 

Bu günlərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputat Astan Şahverdiyev Rusiyadakı həmvətənlərimizi cəmiyyətin "atxodu" adlandırıb. Azərbaycanda bir rayon icra başçısı, bir deputat... Görün ölkə nə gündədir. 

Bəli, ola bilsin, orada yaşayan azərbaycanlılar təhsil cəhətdən geri qalıblar, çoxu bazarlarda işləyir. Amma bunun səbəbkarı kimdir? Əlbəttə ki, sizlər... Nə vaxt bu ölkəni tək dərdi öz ailəsini dolandırmaq olan insanlar üçün əlverişli bir hala gətirdiniz ki, onlar da hər şeyi atıb ora qaçmasın?

Kim istəyər hər dəqiqəsi qorxu altında, hücum təhlükəsi altında yaşamağı? Kim istəyər ailəsindən uzaq qalmağı? Ölkəni yaşanılmaz vəziyyətə salıb, sonra başını götürüb, gedənlərin dalınca söyürlər. 

Bundan başqa hansı vətəndaşı normal yetişdirdiniz ki, başqa cəmiyyətlərdə bizim haqqımızda doğru-düzgün rəy formalaşdırsın?

Deyəsən, məmurların və deputatların xalqın üzünə söyməsi təkcə bizdə var, başqa ölkələrdə buna heç cürət də etməzdilər. Bütün bəlalarımızın baiskarı olan Uruseti söyə bilməyənlər, məcburiyyətdən ora gedənləri söyür. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR