İnsanlara hürriyət, millətlərə istiqlal!

Unitaz modeli

6401 17.01.2017 08:30 Yazarlar A A

Kasıbçılığın üzü qara olsun, ölkəmizdə işsizlik baş alıb gedir. Təzəlikcə baş prokuror yanında Korrupsiya ilə Qanlı Savaş İdarəsinin (köhnə adı mübarizə idi, sonradan rəhbərlik gördü ki, bunlar bir rüşvətxora da aman vermir, idarənin ayağı dəyən hər yerdə qan su yerinə axır, o üzdən adını dəyişdilər) Kamran Əliyev brifinq keçirdi, 2016-cı ilin yekunlarından danışdı. Kamran müəllim deyir keçən il 10 cinayət işi rüşvət almaq haqda qaldırılmışdır. 

Halbuki idarə 2015-ci ildə 14 rüşvət alma cinayəti qeyd etmişdi. Deməli, millət artıq rüşvət almağa da pul tapmır. Bu, çox mənfi haldır. Bəs biz necə yaşayacağıq? 10-15 rüşvət cinayətinin bu boyda respublika üçün çox az olmasını hələ bir qırağa qoyaq, azala-azala getsə bir neçə ilə tutmağa bir damazlıq rüşvətxor köpəyoğlu da tapılmayacaqdır. 
Ancaq müəyyən işıq ucu, ümid yeri vardır. İdarənin statistikasına əsasən rüşvətvermə cinayətində artım olubdur. (Açığı, mən bunun bizdə cinayət sayıldığını ilk dəfə idi öyrəndim; belə gözəl təşəbbüslər niyə pis qiymətləndirilir, anlamadım. Şair demişkən, sən verməsən, mən verməsəm, necə çıxar peykimiz kosmosa?) 2015-ci ildə 9 rüşvətvermə halı üzrə cinayət işi açılıb, 2016-cı ildə bu rəqəm 14 olubdur. Məntiqlə, keçən il millətin pulu əlində qalıbdır, rüşvət verməyə adam tapmayıblar. 

Bu, bir az pisdir. İqtisadi təşəbbüsləri beşiyində boğmaq (hardasan, ay Südabə xanım?) cəhdidir. Eyni zamanda mümkündür bizim məmurlar rüşvəti dollarla alırlar, keçən il isə dollar qıtlığı yaranmışdır. Məsələn, keçmiş MTN generalı Sübahir müəllim şahmat azarkeşi imiş, onun bağ evindən daş-qaşla bəzədilmiş şahmat tapılmışdı. 

Pulsuzluq mədəniyyət sahəsində özünü daha kəskin göstərir. Bu həftə Opera və Balet Teatrında balerinaları işdən çıxartdılar, onlar da bəyanat verib AzDramaya qoşulduqlarını açıqladılar. Zarafat edirəm, bu dəqiqə bütün teatrlarda dramatik vəziyyətdir, balerinalara yiyə duran hələlik yoxdur. “Sonalar gölü”ndə - neftin içində üzən sənətkarlarımız hazırda “İldırımlı yollar”da “Leyli və Məcnun” kimi həsrət çəkirlər. Filarmoniya, Dövlət Rəqs Ansamblı, Dövlət Xoru və sairə - hamısında krizisdən ciddi narazılıq toplanmışdır. 
Kinoçəkənlər isə “Azərbaycanfilm”in direktoru Müşfiq müəllimdən narazılıq edirlər. Deyirlər oranı sünnət toyu mərasiminə çeviribdir - qohumlarını başına yığıb büdcə vəsaitlərini kefi istədiyi kimi sümürür. 

Bu gün-sabah Anar müəllim dövlətin yazıçılara ayırdığı masaj və alt trikotaj pullarının azalmasından şikayətlənib “Ədəbiyyat qəzeti”ni müxalifətin ruporuna çevirsə, təəccüblənmərəm. Bunlar hamısı bağdakı əriyin kontingentidir. Ərik azalan kimi xislətləri üzə çıxır. Deyirlər, 1992-ci ildə Elçibəy hakimiyyətə gələndən sonra bu AYB-ni vecinə almır, pul ənamı vermək bir yana, heç dövlət tədbirlərinə çağırıb kökə qırığı da yedirtmirlər və bir gün bu şərait(sizliy)ə dözməyən Anar müəllim baş nazir Pənah Hüseynin qəbuluna gəlib şikayətlənir: “Niyə bizdən istifadə eləmirsiniz?” Baş nazir təəccüblənir, deyir nə üçün edək, gedin kitabınızı yazın da. Bundan sonra Anar müəllim başa düşür ki, AXC-Müsavat cütlüyündən Fatıya (AYB) tuman olmayacaq, küsüb gedir Türkiyəyə, bir də Surət aləmi qarışdıranda kabab iyinə qayıdır. 

İnsanlar və təşkilatlar bir yana qalsın, adi dəmir borularda da etibar qalmayıbdır. Səngəçalda qaz durbası son 1 ayda 3 dəfə partlayıb yanıbdır. Bu durba pullu vaxtımızda niyə partlamırdı? Yetim əlində qoğal əcaib görünürmüş...

Sonda bildirim ki, gərək böhrana baxmayaraq milli birliyimizi azaltmayaq, hökumətin ətrafında sıx birləşək. Unitazımız düşmənlərin gözünə girsin, ürəyini yandırsın. Səhv oxumadınız, “unitaz” - latın dilində elə “birlik” deməkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR