İnsanlara hürriyət, millətlərə istiqlal!

Tırtır dövlətçilik

6268 11.01.2017 09:10 Yazarlar A A

Dünən internetdə bir telekanalizasiya süjetini izlədim: müxbir hansısa rayonumuzda əlinə keçəndən yararlanıb avtomobilə bənzər bir zad qayırmış zəhmətkeşi çəkmişdi. 

Bu “maşın” sözün əsl mənasında bir muzey eksponatı idi. Sanardın 19-cu əsrdən, ilk buxarlı avtomobillərin vaxtından qalıbdır (qabağına yekə bir qazan qoysa eynisi idi). Kəndli adam motosiklet təkəri, elektrik generatoru, KamAZ lampası, Jiqulu oxu, nə bilim, yalan olmasın, helikopter pəri ilə eşşək arabasının karbüratorunu bir-birinə calaq edib qayırdığı texnikaya yarızarafat “Tırtır” adını vermişdi. 

Təzə hal deyil. Azərbaycanın rayonlarında belə istedadlı, Haqverdiyevin diliylə desək, “zorən təbib” adamlarımız çoxdur. Vaxtaşırı onların düzəltdiyi əndirəbadi maşın və qurğuları izləyirik. Biri görürsən paltaryuyan maşını televizora çevirib, bir ayrısı köhnə maqnitofondan ütü yığıb, üçüncüsü fotoaparatla tozsoranı sintez edib və sairə. Hətta bir nəfər helikopter də düzəldib, ancaq hələlik bu merət uçmur, eləcə həyətə qoyub, bekar müxbirlər hər kvartalda o helikopter oyuncağından süjet qayırırlar. Azərbaycanda həmin helikopterdən yazmayan, çəkməyən müxbir müxbir sayılmır. Mətbuat Şurasının bu temada qərarı da var: BDU jurnalistika fakültəsinə girmək istəyənlər mütləq həmin helikopter barədə inşa-reportaj hazırlamalıdır. İkinci şərt də Xınalıqdan fotoreportajdır, daha onu demirəm, mövzumuza dəxli yoxdur. 

Qeyd etdiyim kimi, xalqımızın “velosipedi təzədən kəşf eləmək” arzusu çoxdan var, sadəcə, son illər krizisə görə daha şiddətlənibdir. Məncə, insanların belə yaradıcılığında kasıbçılıq önəmli rol oynayır. İnsanın pulu olsa verib almanın, yaponun, lap elə çinlinin zavod istehsalı texnikasını, avtomobilini alıb iş-gücünə yararlanar, ta niyə zibillikdən detal axtarır? Yeri gəlmişkən, mən baxdığım son videodakı müxbir elə süjeti belə gülməli fikirlə bitirdi ki, indiki böhran şəratində insanlarımız belə texnikalar düzəltməlidir. Texnikanın ustası da dedi sifariş almışam, bir nəfər kəndlimə buna bənzər maşın yığıb verəcəyəm. 

Buyurun. Görün böhran necə yaradıcılıq imkanları açır, milli iqtisadiyyatımızı necə dirçəldir! Təəssüf ki, böhranın iqtisadiyyatımıza xeyrindən danışan gəncin rəhbərlik elədiyi telekanalizasiya bu böhranın ilk qurbanlarından birinə çevrildi və bağlandı, yoxsa indi bu temada yaxşı kinolar çəkərdi. Bəlkə indi o da hardasa oturub oyuncaq telekanalizasiya düzəldib gözünün qurdunu öldürür. Ancaq biz bənzər təşəbbüslərdən niyə yararlanmayaq?
Misal üçün, son vaxtlar hamı donquldanır ki, dollar tapa bilmirik. Aydın məsələdir, dollar xaricdən gəlir. 

Eynilə avtomobillər, başqa texnikalar kimi. Bəs biz bu maşınları özümüz burda yığırıqsa, niyə dolların da millisini qayırmayaq? “Müxbirimiz evinin çardağında kustar üsulla dollar çap edən Peyinqurdu rayonu, Eşşəkbeli kənd sakini Məmmədqulu Həsənquliyevdən eksklüziv intervü almışdır, intervüdə müəllim bildirdi ki, dolları öz imkanları ilə çap edir, yaxın vaxtlarda kəndlilərin sifarişi ilə avro, lirə, rubl, yuan və dram da çap etməyi planlaşdırır” - belə bir süjetlə aranız necədir? 

Bilmirəm diqqət etmisinizmi, son aylarda şirniyyat sexləri çoxalıb. Camaat qiyməti çox qalxmış xarici şirniyyat və peçenyeləri ala bilmir, əvəzində qadınlar yol kənarlarında hərəsi bir elektrik sobası qoyub nəsə bişirirlər. Çox əladır. Krizis olmasa heç onların yadına düşmürdü işləsinlər. Bir də gördün o yol qırağı köşklərdən təzə bir “Ülkər” firması, “Snikers” zavodu, nə bilim, “Qutab” konserni çıxdı. 

Bu gedişlə ola bilər biz dövlətçiliyimizi də təzədən, kustar üsulla yığıb işlətdik. Köhnə mexanizmlər pas atmışdı, dağılıb gedirdi, gündə bir quldur nazir çıxırdı. İndi milli, əldəqayırma, unikal dövlətçilik düzəldəcəyik. Elə biz də bunun adını “Tırtır” dövlətçiliyi qoyarıq - bayaq söz açdığım milli texnikanın şərəfinə...


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR