İnsanlara hürriyət, millətlərə istiqlal!

Terror və bəd sürprizlərlə dolu il

793 24.12.2016 08:05 Yazarlar A A

Dünyanın dəngəsi həqiqətən pozulub. İl ildən ağır gəlir. Əfsus ki, başa çatmaqda olan 2016-cı il terror aktları ilə daha zəngin oldu. Yaxın Şərqdən, qardaş Türkiyədən tutmuş, Avropa ölkələrinədək terror sərhəd tanımadı, silsilə qanlı aktlar nəticəsində yüzlərlə günahsız insan, uşaq, qadın, gənc həyatından oldu, ondan qat-qat çox saydası isə şikəstə, əlilə çevrildi, həyatları qaraldı.

Ən betəri odur ki, daxil olacağımız ildə də bu qəbildən proqnozlar sakitləşdirici deyil. Əsas səbəb də qlobal güclərin toqquşan dövlət maraqları və dünya liderlərinin ambisiyalarıdır. Onların Xeyir-Şər təsnifatına yanaşması artıq dəyişib. Qəribəsi də elə budur: qlobal güclərin hamısı məhz Şərlə mübarizə apardıqlarını bəyan edir.

Elədisə, nədən o zaman cahanda Şərin təcəssümü olan terror azalmır, qan-qadalar, çocuqların qətliamı bitmək bilmir? Axı, məntiqlə bitməli, dayanmalı idi. Demək, hansısa güc, lider siyasi riyakarlıq edir, Şəri Xeyir cildində bəşəriyyətə sırımaq istəyir.

Məhz Xeyir-Şər bölgüsünə dəyişən münasibətin nəticəsidir ki, İstanbuldakı son müdhiş terror aktını demokratik dünyanın əksər liderləri, Avropanın mötəbər təşkilatları sinik şəkildə terror adlandırmadılar. Rusiyanın Türkiyədəki səfirinin qətlini isə Qərb mediasında Hələbə görə “qisas aktı” saydılar. “Nyu York Times”ın analitiki beləcə də yazmışdı ki, Rusiya səfiri gərək, iki ay öncə öldürüləydi. Yeri gəlmişkən, Rusiya daha çox şər qüvvələrini dəstəkləyir (Bəşər Əsəd, erməni işğalçıları və separatçıları, Donbas başkəsənləri, Abxaziya və Osetiya separatçıları)...

***

Azərbaycana gəlincə, Rəbbimizə şükür edək ki, terror bu il də bizdən yan ötdü. Hərgah, texnogen və digər səbəblərdən itkilərimiz heç də az olmadı. Aprel döyüşləri zamanı şəhidlər verdik, daha 10 neftçimiz Xəzərin sularında qərq oldu, intihar halları, yol qəzasında ölənlərin sayı isə rəsmi statistikaya görə, az qala, rekord həddə çatdı. Dəm qazı da ki can almaqda davam edir - qış hələ təzə girib... 

Fəqət, insan itkilərinin bir hissəsi əgər özümüzdən asılı olmayan səbəblərdən baş verdisə, verirsə, ikinci qisim səbəblər əfsus ki, məmur bespredeli və səhlənkarlığı, mövcud siyasi sistemin yararsızlığı, insana yetərli diqqət və dəyər ayrılmaması səbəbindən oldu. Məsələn, “Neft daşaları”ndakı növbəti texnogen qəza: mütəxəssislərin rəyincə, qəzanın kökündə tikilinin, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olmaması ön sırada dayanır.

Yaxud ölkəni başına götürən intiharlar, özünü yandırmaqıla həyatına vida deyən vətəndaşlarımız. Doğrudur, suisidlər inkişaf eləmiş ölkələrdə də qeydə alınır - məişət və başqa zəmində. Amma və lakin bizdəki intiharların əhaliyə nisbətdə həm sayı, həm də aşağı yaş göstəricisi (uşaqlar) qan dondurur. 

Ayrı sözlə, sırf Azərbaycanla bağlı özəl səbəblər var. Bu sıraya öncə getdikcə qəlizşləşən sosial-iqtisadi vəziyyəti, nəfsi sərhəd tanımayan məmurların biganəliyini, sabaha ümidsizliyi aid eləmək gərəkir. Problemli kreditlər və dolların kursunun gündən-günə artması ilə bu problemin daha da ağırlaşması, bahalaşmanın yeni dalğası, bütün bunlar psixoloqlara görə, ölkəyə suisidlər baxımından növbəti ildə də yaxşı heç nə vəd eləmir. 

Beləcə, məmləkət xalqla birgə növbəti təqvim ilinə daha ağır iqtisadi-psixoloji yüklə girir. Qarşıdakı ildə mümkün fəsadları önləməyin tək yolu isə ləngimədən iqtisadi islahatlara başlamaqdır. Bundan ötrü ən əvvəl iqtisadi-biznes azadlıqlarını təmin etmək, ölkədə total korrupsiya və monopoliyanın kökünü kəsmək, mülkiyyət toxunulmazlığına real zəmanət vermək və məhkəmələrin müstəqilliyini təmin eləməkdir - hansı problemlər ki, Azərbaycana xarici sərmayələrin qoyuluşunu əngəlləyir, ölkədən kapital və insan axınını stimullaşdırır. 
Ancaq korrupsioner məmurlarla hansısa islahatın baş tutması da mistik görünür. İstənilən halda iqtidardakı qüvvə, hökumət, məmur təbəqəsi gerçəkdən Azərbaycanı istəyirsə, bir an öncə üzünü xalqa çevirməyi bacarmalıdır. Əks halda, gələn il terrordan da təhlükəli kataklizmlər qaçılmaz olacaq.





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR