İnsanlara hürriyət, millətlərə istiqlal!

Təfəkkürün bağlanması

7183 18.01.2017 08:45 Yazarlar A A

Qardaş Türkiyə siyasi-ictimai və iqtisadi böhrandan dolları yandırmaq, dollara burun silmək, dolları cırmaq və çaya atmaq kimi üsullarla çıxmağa çalışır, Əziz Nesinin əsərlərini oxuduğumuz üçün deyə bilərik ki, bu üsullar fayda verə də bilər. Çox mümkündür. 

Sözgəlişi, bu günlərdə Türkiyə təhsil naziri orta məktəblərin yuxarı sinif biologiya kitablarından Darvinin təkamül nəzəriyyəsinin çıxarılacağını açıqlayıb. Deyir, biz insanın meymundan əmələ gəlməsini uşaqlara öyrədə bilmərik, palçıq və qabırğa daha yaxşıdır. Olsun. Ancaq təkamül nəzəriyyəsini təkcə bu yanlış anlaşılan meymun məsələsi ilə (Axundovun qəhrəmanı İbrahimxəlil kimyagər demişkən, “meymunu yada salmayaq”) əlaqələndirmək olmaz axı. Bunun təbii seçməsi var, nəsil dəyişmələri söhbəti var, ümumiyyətlə, çağdaş tibb elmini, genetikanı, mikrobiologiyanı-filanı Darvinsiz necə öyrənəcəksən? 90-cı illərdə bir yaxın adam Türkiyənin Boğaziçi Universitetində oxuyurdu, mən onun aldığı elmi, biliyi özümüzün məktəblərimizlə müqayisə edib, heyrətə gəlirdim. Heyf, indi Türkiyə təhsili də məhvə gedir. Alimlər, təhsil adamları da dəhşətli xof və şantajın qabağında susurlar, çünki səsini çıxardan “Fetoçu” damğası vurulub zindana atılır. 

“Bir millət, iki dövlət” siyasətinə uyğun olaraq gərək biz də manatın xilası üçün dollara qarşı nəsə aksiyalar edəydik. Hələlik bunu görmürük. Təklif edirəm, kimsə dollarla tualetə gedib bunun videosunu yaysın. Amerikanı bu yolla diz çökdürərik. Manat möhkəmlənər. İsmayıllı yelsəpet zavodu işə düşər. Hətta mümkündür Qarabağ qayıtsın. (Keçən ilin aprelində əsas hissəsini almışıq, qalır ucu-qulağı, onları da yavaş-yavaş alırıq).

Hərçənd, dünya şöhrətimiz manatın kursuna baxmayaraq heç azalmır, hətta artır. Harda neft oğrusu, bandit, quldur varsa Bakıda sığınacaq tapır. Keçənlərdə bir gürcü neft oğrusu-məmuru burda aşkara çıxmışdı, lap təzə xəbəri isə İnterpolun İran milli bürosunun şefi Məsud Rizvani açıqlayıb. Deyir bir iranlı neft oğrusu məmur varmış, Bakıda gizlənirdi, onu 2017-ci ilin yanvarında tutub Tehrana apardıq. Neft oğrularını Bakıya cəlb edən görəsən nədir? Bunun əsasında bəlkə “Neft oğrularının beynəlxalq konfransı” keçirdək, xeyli pul silək? 

Ancaq kədərli xəbər də var: dünya ali məktəblərinin reytinq cədvəlində Harvardı tozanaqda buraxan, Oksfordu ayaqaltı edən, BDU-nu kirə çıxardan məşhur universitetimiz Təfəkkür bağlanmışdır! Bəs biz indi təpəmizə haranın külünü tökək? Mail Dəmirli irsi necə olacaq? Gömrükdəki nehrəmli generallar diplomu indi hardan alacaqlar? Təfəkkürsüz millət, araqsız xaş kimi bir şeydir!   

Yazını hörmətli oxuculardan birinin məktubu ilə bitirirəm: “Mən ”Yeni Müsavat" qəzetində Zamin Hacının “Hörümçəklər cücü deyil” məqaləsini oxudum. Müəllif maraqlı mövzuya toxunub və əslində demək olar ki, reallığı yazıb. Lakin mən bildirmək istəyirəm ki, 1964-cü il təvəllüdlüyəm və gözümü açıb ağlım kəsəndən Laçın rayonu Qarıqışlaq kəndində olan evimizdə atamızın iş otağında divarın üç tərəfin tutmuş kitab rəflərində mindən artıq elmi, bədii, elmi fantastik və sair janrlarda kitablar olub. Mən özüm Bakıda oxuyan vaxt boş vaxtlarımda kitab mağazalarını gəzib hər dəfə yeni çapdan çıxmış kitablar almışam. Hörmətli cənab prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə son illərdə latın qrafikası ilə milyonlarla kitablar çap olunub və davam edir. Sadəcə olaraq müəllifin bu haqda qeyd etdiyi məsələ ola bilsin ki, indiki dövrümüzdə  internetdən istifadənin artmasıdır. Ancaq bununla belə müəlliflə tam razıyam. Millət nə qədər savadlı olarsa dövlətimiz də bir o qədər güclü olar. Birdə ki müəllifdən Azərbaycan TV kanallarında səviyyəsiz, maraqsız, şit və əttökən şou verilişlər barədə geniş bir analitik məqalə yazmasını xahiş edirəm. Hörmətlə Səfərov Elman Telman oğlu".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR