İnsanlara hürriyət, millətlərə istiqlal!

Susqunlar - Vasif İsmaylın yazısı

1944 21.01.2017 23:27 Yazarlar A A

Atalar "susmaq qızıldır" deyiblərmiş. Mən də razıyam. Çox vaxt elə sussan yaxşıdır. Abırsızın, məsələn, qarşısında nə edəcəksən? O səni fındıq qədər ağlı ilə mühakimə edib İpək yolu qədər uzun cümlələr quraraq başının ətini yeyirsə, sus, zira abırsızla oturub-durmazlar - çirkabı sənə bulaşar.

Amma biz, bu "susmaq qızıldır" məsələsinin şitini çıxarmışıq, məncə. Elə hey susuruq. Hər yerdə susuruq, hər hadisəyə susuruq. Doğrudur, danışanlarımız var. İndi sizin zənn etdiyiniz məsələdən danışmıram. Lap elə məişətimizlə bağlı hadisələri deyirəm.

Mənim bəzən istifadə etdiyim bir fənd var. "Elədir, ay məşədi" deyib keçişdirirəm. Amma həyati məsələlərə də belə münasibət olmaz axı, deyilmi?

Məsələn, universitetin 2-ci kursunda oxuyan gənc bir xanım, yaşı 20 ola, ya olmaya. Anası ilə qonşu Zərnigar cükküldəşib bunun başını Rusiyada işləyən 44 yaşında bir igidlə calamaq istəyirlər. Anası da müasir qadındır, "gəl, hələ bir qıza da soruşaq, a bacı" deyir. Təqdirəlayiqdir. Alqışlayıram.

Qıza soruşurlar - susur. Yəni bir şeylər deyir, "nə bilim eee, mama"- filan tərzi. Bu ki elə susmaqdır, ay qız...

Sən, Parisə getmək istədiyini, Hindistanda Tac Mahalı görmək arzusunda olduğunu, televiziyada gördüyün Mari Küri kimi özünü elmə həsr etməyi, bir də universitetdən tanıdığın Samiri sevdiyini niyə demirsən?

Orta həcmli bir idarənin iclas salonunda olanları düşünün. Müdir dimdiyi aşağı baxan ovçu quşlar kimi hündürdə oturub "ağıl" verir - səhv başa düşməyin, bəzən həqiqətən də ağıllı fikirlər söyləyə bilər idarə müdirləri.

Camaat isə susur.

Çox susmaq növü var, amma ən acınacaqlısı yanında sənin yaxşı və yaxşı biri olaraq tanıdığın insan haqqında qeybət edərkən susmaqdır.

Doğrudur, yanında qeybət ediblər, sən də susmusan - nə olacaq, sən mənim canım?!

Amma bir əxlaq məsələsidir bu. Bəlkə də vacib deyil, hər kəsin öz işidir, nə də olsa.

Amma belə bir hadisə yaşamışam və məndə dərin iz buraxdı, özümdən utandım.

Ateş Kadıoğlu Türkiyədə də, xaricdə də yaxşı tanınan bir alimdir. Heç yerində durmaz, beyni hər saniyə beş məsələ üstündə birdən işləyər.

Düşmənləri də çoxdur.

Amma çox xoşbəxt insandır - düşmənləri onunla açıq düşmənçilik edirlər.

Universitetin klinikasında professor və dosent heyəti oturub bir məsələni qızğın müzakirə edirlər. Mən də dəvətliyəm, amma ətim nə, budum nə - sakitcə oturmuşam. Söhbət döndü Ateş abiyə gəldi.

Sözlər nə sözlər - mədəni insanın ağzına almağa qadir olduğu ən aşağı sözlər, fikirlər səsləndi.

Üzüldüm, Ateş abi ağ süddən çıxmış qaşıq deyil, amma o deyilənlərin heç yüzdə biri də doğru deyildi.

Doğrusu, etiraz etməyi heç düşünmədim belə. İctimai çəkim çox kiçik idi.

Amma iki gün sonra Ateş abi bunu məndən soruşdu.

Təsdiqlədim.

-Vasıf, hiç Ateş abi öyle biri değil diye söylemedinmi? - dedi.

Utandım. Haqlı idi.

O gün bu gündür, danışıram. Nitqim açılıb.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR