İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın sifətinə vurulan ikinci şillə

12759 16.02.2016 18:01 Yazarlar A A
Siyasi həftə Türkiyə baş naziri Əhməd Davudoğlunun Kiyevdə verdiyi məlum və sensasion bəyanatla açıldı. Əslində möhtərəm Davudoğlu yeni bir şey də deməyib, hamının bildiyi reallıqları sadəcə, dilə gətirib və işğalçı kimi Rusiya və Ermənistanı barmaqla göstərib.  

Gözlənildiyi kimi, Rusiyanın cavabı özünü çox gözlətmədi. Ancaq bu cavab dişsiz idi. Çünki Davudoğlunun konkret ittihamlarını qırağa qoyan Rusiya XİN rəsmisi, xanım Mariya Zaxarova Osmanlı imperiyasından dəm vurur cavab bəyanatında. 

Zaxarova bir kəlmə də demədi ki, “xeyr, cənab baş nazir, yanılırsınız, Moskva Ermənistanın arxasında dayanmır, heç vaxt da dayanmayıb”. Belə şey eşitmədik. Yaxşı, lap tutaq, Rusiya Ermənistanı dəstəkləmir. Onda Moskvaya nə mane olur(du) ki, heç olmasa, Gürcüstan, Ukrayna bir qırağa, Azərbaycan ərazilərinin işğal altında olması faktını təsdiqləsin?! 

Bu da olmadı. Yenə ABŞ rəsmiləri, həmsədr Ceyms Uorlik arada xala xətrinə “Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır” tipli açıqlamalar verir, Rusiya bunu da dilə gətirmir. Elə təkcə buna görə Rusiya heç vaxt Türkiyə qədər Azərbaycanda rəğbət yiyəsi ola bilməz. Acı gerçək, sərt reallıq ayrı şeydir. 

Söz düşmüşkən, Türkiyə baş nazirinin açıqlamasına uğursuz cavabında Rusiya XİN rəsmisi onu da deyib ki, “Türkiyə Rusiya ilə Azərbaycannın arasına girə bilməz”. Zatən, Türkiyə çoxdan Bakı və Moskvanın arasındadır və bəlli məsələdir nəyə görə, necə. Bu xüsusda Əhməd Davudoğlunun Kiyev bəyanatı 24 noyabr “Su-24” insidentindən sonra Rusiyanın sifətinə vurulan ikinci şillə də sayıla bilər... 

*****

Deyirlər, siyasət çılpaq həqiqətləri sevmir. İş də ondadır ki, erməni, rus işğalı o qədər böyük həqiqətdir ki, onu danmaq böyük siyasətin belə, imkanları xaricindədir. Necə ki, beynəlxalq hüquqdan dəm vuran Rusiya forpost Ermənistanla birgə özünü illərdir gülünc və absurd duruma salıb – həm Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya ilə bağlı, həm də Krım, Donbas məsələlərində.          

Bəzi ifrat optimistlər də iddia edir ki, guya Rusiya-Türkiyə münasibətlərinin əvvəlki isti məcraya qayıtması Qarabağ münaqişənin həllinə münbit zəmin yarada bilər. Ancaq nədənsə unudulur ki, Moskva Ankara ilə tarix boyu az qala, ən ideal münasibətlərə malik olduğu dönəmdə - 24 noyabr təyyarə insidentindən əvvəl də Qarabağ məsələsinin həllinə təşəbbüs göstərməyib. 

Yaddaşları təzələyək: qardaş ölkə hətta Qərbin iradəsi əleyhinə gedərək, Kremlə qarşı sanksiyalara qoşulmadı. NATO üzvü ola-ola şimal qonşumuzla yaxınlaşma siyasəti aparmaqda davam elədi. Gəl ki, yenə Rusiya Qarabağ məsələsinin çözümü üçün forpost Ermənistana hər hansı təzyiq göstərmədi. Bunun əlamətini görmədik. Heç “çırt” da olmadı – mətbuatın yazdığı və bir neçə ekspertin söylədiyi bəzi ehtimalvari fikirlərdən savayı. Hərgah, Rusiya arzulasa, məsələ cəmi bir həftənin içində yoluna qoyular. 

Bütün bunlar bir daha şübhə yeri saxlamır ki, ixtilaflın həlli Ankara-Moskva münasibətlərinin səviyyəsindən asılı deyil və Rusiya Qarabağ məsələsində istədiyi hədəflərə çatmasa, onun çözümünə yardımçı olmayacaq, əksinə, ermənin əli ilə onu qəlizləşdirməyə çalışacaq – necə ki, qəlizləşdirir. 

Ya da Dağlıq Qarabağ konflikti o zaman dinc formada yoluna qoyulacaq ki, geosiyasi Rusiya amili tamamən təsirsiz hala gələcək və işğalçı Ermənistan da arxasız olduğunu anlayacaq. Başqa variant hələ ki, real görünmür – o cümlədən də torpaqlarımızın hərb yolu ilə azad olunması.

Hələliksə, qardaş Türkiyəyə Kiyev bəyanatına görə atəşin bir TƏŞƏKKÜR bildirək! Rəsmi Bakı ona layiq davranmasa da...   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR