İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara kağız

5720 10.01.2017 09:37 Yazarlar A A
Hüseyn Məmmədov adlı bir sosial şəbəkə dostumuz Kazbek dağına çıxmaq üçün gedib Gürcüstana, orda hansısa ucqar dərədə kənd evində qalmaq istəyiblər, evin yiyəsindən soruşublar ki, sizdə odun sobası varmı. 

Ev yiyəsi deyib yoxdur. Bunlar “biz o zaman bu evdə qalası olmadıq” deyib sağollaşmaq istərkən ev yiyəsi soruşub odun sobası axı sizin nəyinizə lazımdır. (Doğrusu, bu yerinə qədər mənim ağlıma ancaq romantik mənzərələr gəlmişdi. Fikirləşdim yəqin dostlarımız sobanın közündə kartof basdırmaq, üstündə çörək qızartmaq tipində qış mənzərələri qurmaq istəyiblər). Ancaq dostlarımızın dərdi lirika yox, elə sadəcə qızınmaq imiş. Bu məqsədlə sobanı soruşublar. Ev yiyəsi gürcünü gülmək tutub, deyib rəhmətliyin uşağı, odun sobası nədir, ev qaz kombisi ilə qızır, gəlin rahatlıqla yaşayın. 

Bax, həmin gürcünün dağ kəndindəki evinə kombi yandırmaq üçün qazı Azərbaycan verir. Azərbaycanın özündə isə nəinki dağ kəndlərində, heç Bakının özündə camaat kombini işlədə bilmir. Qazın təzyiqinin aşağı olmasından şikayətləri enerjiyə çevirmək olsa, bəlkə bütün Qafqazı isitməyimiz mümkündür. 

Niyə belədir? Bu dövlət bizim üçün, azərbaycanlılar üçün deyilmi? Dünən başqa bir fakt oxudum. Xırda detaldır, ancaq mənzərəni yetərincə dəqiq göstərir. 

Azərbaycan Milli Elmlər Akademiyası faktiki tam olaraq dövlət büdcəsindən maliyyələşir, yəni xalqın pulu, vergiləri ilə çalışır. (Bu vəsait dünya standartından çox aşağıdır - hələ bunu qırağa qoyaq. Hər halda, alimlər bu hallarından razıdırlar). AMEA-nın hansısa elmi kəşflərdən gələn pullar, iqtisadiyyatda tətbiqini tapmış ixtiralardan-zaddan pul qazandığını eşitməmişik. Varsa da, dövlət büdcəsindən alınan vəsaitin yanında qəpik-quruşdur. Ancaq dünən baxıram ki, AMEA kitabxanasının xalqın istifadəsi üçün qiymətini illik 100 manat müəyyən ediblər. Kim AMEA işçisi deyilsə, o kitabxanaya girib nəyəsə baxmağa ildə 100 manat verməlidir. Keçən ilə qədər bu qiymət 5 manat imiş. 20 dəfə qiyməti qaldırıblar. 

Mən hələ “orda nə araşdırmaq olar”, “illik 100 manata dəyərmi” - bu tip sualları bir qırağa qoyuram. Ancaq o kitabxana elə mənim, sənin, bizim pulumuzla - dövlət büdcəsi hesabına açılıbsa, dövlətə məxsusdursa, mən bunun biliyindən yararlanmağa niyə bu qədər çox pul ödəməliyəm? Elə bil pul verib kitablar alırsan, sonra həmin kitablara baxmaq üçün də pul verirsən. Bu nə əcaib durumdur? Sanki dədəsindən qalma kitabxanadır, hər kəs istədiyi qiyməti yapışdırır. Millətə, onun kasıb və elm axtaran övladlarına şərait yaratmaq əvəzinə badalaq vurur, maneçilik törədirlər. 

Hələ mən onu demirəm ki,  indiyə qədər AMEA kitabxanasının bir çox resursları (müəlliflik hüququnun müddəti keçənlər, dövlətin puluyla yazılan kitablar və sairə) internetdə, açıq, pulsuz istifadəyə qoyulmalı idi. Başqa dillərdə yüzlərlə belə resurs var, bizdə biri də yoxdur. Niyə axı?

Yanvar ayının ilk ongünlüyü elektrikdən istifadəyə görə qəbzləri almış vətəndaşların şok keçirməsi ilə də yadda qaldı. “Bu qərar azsaylı adamlara toxunacaq, villa sahibləri çox pul ödəyəcək” tipli demaqoqiyaların yalan olması əyani göründü. Keçən il ikirəqəmli ödəmə qəbzləri alan zəhmətkeşlərimiz indi üçrəqəmli qəbzlər almağa başlayıblar. Tarif Şurasının qiymət artımına qədər 70 manat ödəyən adam indi 180 manatlıq çeklə donub qalıb. “Bizim Cəbiş müəllim” filmində bir səhnə yadıma düşür. Eynilə indi işıq qəbzləri alan zəhmətkeşlərimizin durumunun təsviridir. Orda poçtalyon bir qadına cəbhədən ərinin ölüm xəbərini - “qara kağızı” gətirir, qadın isə təkidlə bu kağızın ona yox, başqasına gəldiyini deyir, Cəbiş müəllimi də özünə şahid tutmağa çalışır: “Ay qardaş, sən də bax, vallah bu məktub mənə deyil!?” Qucağındakı uşaq da durumu dramatikləşdirmək üçün dayanmadan ağlayır. Poçtalyon isə qara gün eynəyi ilə lap indiki cangüdənlərə bənzəyir. 

İşıq idarəsinin “qara kağızını” alan zəhmətkeşlərimiz indi qorxu içində o biri “qara kağızları” - qazın, suyun, manatın xəbərlərini gözləyirlər. Belə qaraxəbər hökumət zəhmətkeşlərimizin nəyinə lazımdır, məlum deyil. Bəlkə də ümid edirlər ki, “qara xəbər” kağızlarının axırında “Reyxstaqa bayraq sancılacaq”.




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR