İnsanlara hürriyət, millətlərə istiqlal!

Peterburq gözləntiləri - Putinə inanmaq olarmı?

1844 18.06.2016 08:10 Yazarlar A A
Sankt-Peterburqda ənənəvi “iqtisadi forum” öz işinə başlayıb. Dünyanın iqtisadi və siyasi mərkəzlərinin iqtisadi-maliyyə sanksiyaları altında olan Rusiyada belə bir tədbirin düzənlənməsi əslinə qalsa, karikatura təsiri bağışlayır və ucuz özünüreklam, özünüaldatmadan savayı bir şey deyil. Elə buna görə tədbirin adını dırnağa aldıq. Çünki gerçək iqtisadi sammitlərin hədəfi ayrı olur.

Təsadüfi deyil ki, daha çox Rusiya prezidenti V.Putinin  təbliğatına yönələn bu tədbirə əsasən onun olan-qalan 1-2 dostu, gizli-açıq lobbiçiləri qatılıb - Fransanın sabiq prezidenti, qatı anti-Türkiyəçi və erməni havadarı, daima Rusiya əleyhinə sanksiyaların ləğvi tərəfdarı kimi çıxış edən Nikola Sarkozi timsallı. Postsovet məkanının xala xətrinə Peterburqa (gəzməyə) gəlmiş sözəbaxan liderləri də öz yerində.

Forumun 1-ci günü ən çox diqqətimizi çəkən də məhz Sarkozinin ənənəvi mövqe sərgiləməsi, Rusiyanın postsovet məkanında, Yaxın və Orta Şərqdə destruktiv rolunu gözardı edib dostu Putinin siyasətini təqdir etməsi oldu. Qəribədir ki, BMT baş katibi Pan Gi Mun da Rusiya liderinin şəninə tərif söylədi, onun “beynəlxalq sülhə töhfə verməsindən” dəm vuraraq, Kreml başçısına minnətdarlıq elədi. İnsafən, Putin də borclu qalmadı - Pan Gİ Muna sülh ödülü verdi.

Bu da sizə daha bir paradoks: dünyanın aparıcı kəsimi - ABŞ və Avropa Birliyi Moskvanın beynəlxalq hüququ, BMT normalarını ayaqaltı etməsinə, Krımın ilhaqına görə ona sanksiyalar tətbiq elədiyi halda, həmin beynəlxalq hüquq normaları üzərində hamıdan çox əsməli olan BMT baş katibi Rusiya prezidentinə difirambalar söyləyir, Putinin beynəlxalq sülhə “töhfəsindən” danışır.

Hansı töhfədir o elə? Məgər keçmiş sovet məkanında etnik-ərazi münaqişələri və qanlı müharibələrin, hərbi təcavüz və işğalçılığın, eləcə də işğalçıların (Ermənistan) arxasında duran tək qüvvə Rusiya deyil? Beynəlxalq sülhə, Qarabağla bağlı BMT qətnamələrinin reallaşmasına ən böyük əngəl yenə məhz Rusiya deyil ki? Bəs, əli öz xalqının qanına bulaşan Bəşər Əsədin hakimiyyətini möhkəmlədən necə, Putin deyil bəyəm?

Şübhə eləmirik, bu sualların cavabı Pan Gi Muna da bəllidir. Amma nə edəsən ki, BMT amorf bir qurum kimi böyük güclərin əlində siyasi alət olaraq qalmaqadadır. Putinin Muna sülh mükafatı verməsi ilə bu acı gerçək öz təsdiqini təzədən tapmış oldu.

Cənab Pan Gi Mun onu da bilməmiş olmaz ki, Rusiyanın postsovet məkanında münaqişələri körükləməsi, burnunu Suriyaya soxması həm də yaşayışı günbəgün ağırlaşan öz əhalisinin diqqətini ağır daxili iqtisadi problemlərdən yayındırmaq niyyəti güdür. Amma Rusiya artıq “mayadan” yeməyə başlayıb.

Bunu indi biz demirik. Ölkənin ağıllı iqtisadçılarında biri, sabiq maliyyə naziri Aleksey Kudrin Peterburq forumu ərəfəsində deyib. Onun hesablamasına görə, Rusiyanın maliyyə ehtiyatları ona cəmi 2-3 ilə kifayət edəcək. “Ölkə hazırda keçmişinin hesabına yaşayır. Biz reallığı hiss etmirik, neft rezervlərimizi satmaqla defisiti bağlamağa çalışırıq. Daha 2-3 il bunu edə biləcəyik” - eks-nazir xəbərdarlıq edib.

“Rusiya özünün yekun çöküşünə bir neçə il qalmış neft tələsinə düşən Sovet İttifaqının taleyini yaşayır”. Bunu da ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik şirkətinin eksperti Loren Qudriç bildirib. Ekspert səbəb qismində Putinin yanlış siyasi kursunu göstərir. Onun qənaətincə, Putin yol ayrıcında qalıb və əgər o, təcili kursu dəyişməsə Rusiyanın çöküşü qaçılmaz olacaq.

Bəlkə də bu çöküş bütün dünyanın xeyrinə olardı. Çünki Pan Gi Mun, Sarkozi kimilər nə qədər ört-basdır eləsə də, beynəlxalq və regional sülhə ən böyük təhlükə Rusiyanın özüdür. Yalnız bir nigarançılıq var -  o da coğrafi cəhətdən bu nəhəng ölkənin böyük nüvə potensialının taleyi ilə bağlıdır. Həmin silahlardan bir neçəsi terror təşkilatlarının əlinə keçməz ki? Bəşəriyyət “yağışdan çıxıb yağmura düşməz ki”?

Məsələ bundadır. Yoxsa ki, yerdə qalan şeylər çoxdan aydındır. O sırada Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Putinin vasitəçiliyi ilə keçiriləcək görüşü də regional sülhə yox, müstəsna olaraq Kremlin hüdudsuz ambisiyalarının gerçəkləməsinə yönəlik tədbir kimi yadda qalacaq. 

Buna əmin olmaq üçün daha bir neçə gün gözləməyə dəyməz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR