İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bosunun “eşik ağası”na çevrilməsi

1786 15.12.2016 08:10 Yazarlar A A

Dünyanın xarici siyasətini qarşıdakı 4 ildə biznesmen yönəldəcək. Yox, söhbət ABŞ-ın yeni ekstravaqant prezidenti, biznesmen-milyarder Donald Trampdan getmir. Trampın dövlət katibi postuna məhz özü kimi bir iş adamını, daha dəqiqi, neft bosunu - “Exon Mobil” neft şirkətinin rəhbəri Reks Tillersonu təyin etməsindən gedir. 

Ağ Evin yeni sahibi özünün twitter səhifəsində özünə xas stildə elə beləcə də yazıb: “Mən dövlət katibi vəzifəsinə həqiqətən dünyanın ən dahi biznesmenlərindən birini, Reks Tillersonu seçmişəm”. Maraqlıdır, deyilmi?

Ola bilsin, Tillerson gerçəkdən də “dünyanın ən dahi biznesmenlərindən biri”dir. Amma o, diplomatiya, böyük siyasət üçün əfsus ki, yad birisidir, obrazlı ifadə eləsək, “peşka”dır - elə Trampın özü kimi. Diplomatiya, siyasət isə qat-qat mürəkkəb fəaliyyət sahələridir, nəinki biznes. Dövlətin xarici işlərinə cavabdeh olana boş yerə “eşik ağası” demirlər ki. Görək cənab Tillerson ona tamamən yad olan bir statusda nə qaynadıb-qatışdıracaq?

İş də ondadır ki, ölkənin xarici siyasətinə, bir qayda olaraq, peşəkarlar, yaxud heç olmasa, beynəlxalq siyasəti bilənlər rəhbərlik edir. Belə görünür ki, Henri Kissincerlər, Madlen Olbraytlar, Kondoliza Rayslar dönəmi, xarizmatik liderlər dövrü bitir. Bunun bəşəriyyətə faydası, yaxud ziyanının olduğunu ən uzağı, gələn ilin ilk aylarında biləcəyik. 

Hər halda, böyük diplomatiyada, böyük siyasətdə böyük “cırlaşma” getməsinin yaxşı şey olmadığı qənaətindəyik. Çünki Azərbaycan müdrik məsəlində deyildiyi kimi “işi iş bacarana”, “çörəyi çörəkçiyə” verməyəndə ÇP-lər, peşmançılıqlar qaçılmaz olur - xüsusən də söhbət ABŞ kimi superdövlətdən, dünyaya düzən vermək iddiasında olan fövqəlgücdən gedirsə, vəziyyət ikiqat ciddiləşir... 

Doğrudan da sürpriz təyinatdır - Trampın özünün ABŞ prezidenti seçilməsi kimi. Sürpriz prezidentdən sürpriz təyinat isə təəccüblü deyil əslində. İndi necə olacaq? Olmaya Tramp Amerikanı, dünyanı da biznesmen dostları ilə birgə öz biznesini idarə etdiyi kimi idarə edəcək, böyük siyasətə biznes qaydalarını tətbiq edəcək? Tətbiq edə biləcəkmi? İmkan verəcəklərmi? 
Suallar açıq qalır və təkcə amerikalıları qayğılandırmır. Hərgah, müəyyən bir təsəlli də var: hər necə olmasa, ABŞ avtoritar, totalitar ölkə deyil ki, bir və ya iki nəfərin, Tramp+Tillerson biznesmen tandeminin iradəsi ilə idarə olunsun. Hərçənd, həm Trampın, həm də yeni dövlət katibi Tillersonun Azərbaycanda tikinti və neft biznesinin olması (“Exon Mobil” Azəri-Çıraq-Günəşli yataqlar blokunda 8 faizlik paya malikdir), bu ilin noyabrında isə Abu-Dabidə SOCAR prezidenti Rövnəq Abdullayevin Tillersonla görüşməsi bəzi ümidverici gözləntilər doğurur.
Ötə yandan, yeni dövlət katibinin Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərdə olması, bunun nəticəsi olaraq 2014-də Putinin ona “Dostluq” ordeni verməsi də qızğın müzakirə predmetidir. Necə  deyərlər, Tillerson “duz-çərəyini” tapdaya bilməz. Hərçənd Tramp ABŞ-ın müdafiə naziri (Pentaqon başçısı) postuna qatı Rusiya əleyhdarı olan şəxsi - Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib. 

Bu da sizə başqa bir nonsens, yaxud daha dəqiqi, növbəti Trampsayağı sürpriz: Amerikanın müdafiə nazirliyi qatı Rusiya əleyhdarına, xarici siyasəti isə Moskvaya loyal olan birisinə tapşırılır. Tramp belə bir komanda ilə konkret olaraq, Rusiyaya münasibətdə vahid siyasəti necə hazırlayıb yürüdücək - maraqlı suallardan biri də budur.

Ancaq bizi ən çox özümüz, Azərbaycan, işğal altındakı ərazilərimizin, Qarabağın taleyi maraqlandırır. Tramp administrasiyasının ölkəmizə, Qarabağa yanaşması necə olacaq? Yəqin ki, bu sualın cavabı təkcə yeni prezidentin və dövlət katibinin ölkəmizlə bağlı biznes əlaqələrindən deyil, həm də iki şəxsin Rusiyaya yönəlik hansı siyasəti izləyəcəyindən asılı olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR