İnsanlara hürriyət, millətlərə istiqlal!

Leşyeyənlərin mübarizəsi

1333 20.01.2017 08:35 Yazarlar A A
Abutalıbov əslində düz deyir, jurnalistlərimiz boş-boş işlərlə məşğul olmaqdansa bel götürüb arx qazmalı, paytaxtı basan suların qabağını açmalıdır. Jurnalistikanın beş qəpiklik hörməti qalmayan, söz azadlığı çirkab sularına qarışdırılıb kanalizasiyaya axıdılan, qəzetləri məmurların tualet kağızı, televiziyaları isə telekanalizasiya kimi istifadə edilən yerdə ayrı nə deməli idi? Hələ hörmətlə yanaşıbdır. Adam bəlkə qırx ildir paytaxtın icra hakimidir. Bakı bütün Avropada yeganə şəhərdir ki, onun meri yoxdur, bələdiyyə seçkisi keçirilmir. Buna kim etiraz elədi? Jurnalistlər haçan bu faktı kampaniya şəklində qaldırıb mer seçkisi tələb etdilər? Heç xalqın da xəbəri yoxdur. 

Yaxşısı budur Mətbuat Şurası da arxqazma kampaniyasına töhfəsini versin. Örnək üçün, pis qazan jurnalistləri “reket arx qazanlar” adlandırmaq, “qara lopatkalılar” dəftərinə salmaq olar. Yoxsa elə bil bekarçılıq yaranıb, hörmətli Amaşov sosial şəbəkələrin, internetin tənzimlənməsindən danışır. Hələ arxın içində gör nə qədər iş var! 

Sözgəlişi, dünən rayonlardan birində ana doğum zamanı öldü, körpəsi də öldü. Əgər vaxtında jurnalistlər o qadının yerinə doğsaydılar, belə faciə yaranardımı? O cümlədən Hacıbala müəllim də asudə vaxtlarında doğa bilər. Biz gərək məsuliyyətli vətəndaş olaraq hər işin qulpundan yapışaq, dövlətçiliyimizə töhfə verək. 

İşıq pulu qalxandan bəri şadlıq sarayları, toyxanalar salonu qızdırmağa qənaət edir, nəticədə camaat içəridə donur, xəstəlik tapır. Ən pisi odur ki, bəy və gəlini don vura bilər. O zaman jurnalistlərin və icra hakimiyyətinin vəzifələri daha da artır. Əks halda, millətimizin nəsil artımı necə olacaq? Axı biz 1 milyard yarım müsəlman camaatını cüzi də olsa təmsil edirik, dünya xristianları isə bizim artmağımızdan qorxurlar. 21-ci əsr türk-müsəlman əsri olacaqdır! Almaniyada artıq kişi tapılmır. Suriyanı da ona görə qatıb-qarışdırdılar ki, cavan kişilər mühacirət eləsin, Avropaya yeni qan gəlsin. Bunlar zarafat deyil, geopolitik məsələdir. Hələ İranda bir şam var, hamamı onunla qızdırırlar. MAQATE İranı elə o şama görə blokadaya alıbdır, deyirlər, tez edin, o şamın sirrini bizə açın. O şamdan bizə də lazımdır -  qızdırma salmaq üçün. 

Temadan o qədər uzaq getdik, heç düzü indi bilmirəm nədən yazırdım. İki gün qabaq poçtuma Azərbaycan Tibb Universitetindən gözəl bir məktub daxil oldu. Orda keçəl bir həkim saçları sıx, sağlam saxlamağın yolları haqda uca millətimizə dəyərli məsləhətlərini vermişdi. Sitat: “Saç tökülmələrinin qarşısını almaq üçün diqqətli olmaq, stressdən qorunmaq, düzgün qidalanmaq lazımdır”. 

Görün necə gözəl həkimlərimiz vardır. O qrip həkimi yadınıza gəlirmi? O qardaş da deyirdi yaxşı yeyib-için, xəstələnməyin. Guya biz özümüz bunu bilmirik. 14 il həkimlik oxuyublar, öyrəndikləri budur: “Yeməyinə fikir ver”. Hamısını yığıb göndərəsən yağış yağanda arx açmağa... Yemək var ki, fikir də verək? Hərçənd bu həkimlərin özləri 200-300 manat maaşla yeməklərinə necə fikir verə bilirlər, stressdən nə cür qorunurlar - bunun özü də bəşər tarixinin anlaşılmaz sirlərindən biridir. 

Böhranın həyatımızı necə vurduğunu AMEA Zoologiya İnstitutunun lap təzə bir araşdırması da ortaya çıxardıb. Yox, kasıbçılıqdan camaat bir-birinin ətini yeməyə başlamayıb, bu zooloji xasiyyətimiz həmişə var, olub, olacaq. İstər varlı vaxtımız olsun, istər kasıb - yırtıcılıq adətimizdir. Bunu heç araşdırmaq lazım deyil. Bəs zooloqlarımız nəyi aşkar ediblər? Türyançay qoruğunda leşyeyən quşların sayında (kərkəs, qartal və sairə) azalma müşahidə edilib. Səbəb isə qida azlığıdır. Sən demə, o ətrafda ev heyvanlarının leşlərində 35,5 faiz azalma vardır. Ya kənd təsərrüfatı rəhmətə gedibdir, ya da camaat ölən ev heyvanların leşlərini daha çölə atmır, kolbasaya-zada vurur. Bəlkə də dükandan sosiska alanda hansısa kərkəsin boğazına şərik çıxırıq. 

Hacıbala müəllim baldırından kəsib kərkəslərə versin. Nə biləsən, bəlkə bu minvalla Məlikməmmədə dönüb bizi işıqlı dünyaya çıxardacaq? 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR