İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi söhbəti

1261 23.01.2017 08:05 Yazarlar A A



Bu yaxında Fransadan bir yazıçı gəlmişdi, Qaçqınkomun sədri Əli müəllim onunla görüşdə Qarabağ həqiqətlərindən çoxlu danışdı, informasiya blokadamızı qəhrəmancasına yardı və belə bir cümlə işlətdi: “Ermənistanın keçmiş prezidenti Köçəryan və indiki prezidenti Sərkisyan Azərbaycan vətəndaşlarıdır”. Düzü, bunun hüquqi nəticələri necə olacaq bilmirəm. Bəlkə də Əli müəllim Köçəryan və Sərkisyanın Dağlıq Qarabağdan məcburi köçkün olmasını nəzərdə tutaraq onları komitənin yardım siyahısına daxil edibdir, hər ay çörək pulu, işıq pulu, qaz pulunu biz ödəyirik? Hər şey mümkündür. Gürcüstanda erməni kilsələrinə qaz veririksə, niyə öz vətəndaşımıza qaz verməyək? Əsas odur qanunlar pozulmasın. 
Bax, elə israilli-rus bloqqer Lapşin adlı idiotun Belarusda həbsi, ölkəmizə gətirilmək, burda zindana salınmaq qorxusu altında bizdən üzr istəməsi nəyə desən dəyərdi. Əsl qanunçuluğun təntənəsi budur! Azərbaycan dövlətinin gücünə şəkk gətirənin ağzı əyilər. Bizim vurduğumuz qalxmır. 
Hərçənd, bu dəqiqə bütün dünyada jurnalist-bloqqer tayfasının vəziyyəti qibtə olunası deyil. Türkiyə Azərbaycanın Amerikadakı müxbirinin intervüsünə görə bizdə telekanalizasiyanı bağlatdırdı. Rusiya başqa azərbaycanlı müxbiri öz xarici işlər nazirinə köntöy sual verdiyi üçün işdən qovdurdu. Tramp CNN boyda dünya devini, Əflatun müəllim kimi, “reket jurnalistlər”in qara dəftərinə saldı. O bloqqeri də üzrxahlığına baxmayaraq biz tutub bura gətirib, yerli bloqqerlərimiz kimi, döyüb ağlada bilsək fısqırıq olardı. 
Pis zəmanəyə gəlmişik. Afrikada Azərbaycanın əsas dost və qardaşlarından biri Qambiya prezidenti Yəhya Cammeh müəllim idi. Tam adı belənçikdir pasportda: Yahya Abdul-Azziz Jemus Junkung Diliu Jammeh. (Ümumiyyətlə, bu dövləti bizə doğma edən şeylər çoxdur. Misal üçün, Qambiyanın da bayrağı üç zolaqdır: qırmızı, mavi və yaşıl. İki il qabaq isə özlərini islam dövləti elan etdilər. Bir də çoxlu timsah var, bəziləri hətta dövlət vəzifəsinə qoyulur, deputat seçilir).  Yəhya müəllim cəmi 23 il prezident olandan sonra keçən il şeytan azdırdı, seçki keçirtdi və uduzdu. Uduzanda dedi ta millət istəmirsə gedirəm. Ancaq bir ay keçmədi, sarayı gəzib var-dövlətə, cah-cəlala təzədən baxandan sonra dedi gedin tullanın, özüm qalacağam vəzifədə, xalq məni sevir. Bundan sonra Afrika Şurası-zad işə qarışdı, qonşu dövlətlər ordu yeritdi, Yəhya müəllim Bakıya qaçdı, indi onu aran rayonlarımızdan birinə icra hakimi qoyacağıq, biz dostu dar gündə atanlardan deyilik. Zarafat edirəm, hələlik Yəhya müəllim Ekvatorial Qvineya adlı başqa Afrika dövlətinə qaçqın kimi gedibdir. Gözləyək görək Əli müəllim onu da yardım siyahısına daxil edirmi. 
Bəs burda zəmanənin korlanması nədədir? Yazım biləsiniz: həmin bu Yəhya müəllimdən qabaq Qambiyanın cəmi bircə nəfər prezidenti olub. Dauda Kayraba Cavara (təxminən Davud Qərib oğlu Cavadlı deməkdir) adlı həmin ümummilli lider Qambiyanı 1962-ci ildən 1994-cü ilə qədər fırlatmışdır! Tam 32 il! Hələ onda da vəzifədən getmək fikri yox imiş, ordu leytenantı Yəhya müəllim çevriliş edib bunu ölkədən qovmuşdu. Necə ki, indi Yəhya müəllimin özünü qovdular.
İndi özünüz baxın, əgər Qambiyada qabaqkı prezident 32, indiki 23 il vəzifədə qalmışdısa, təzə 10 il qala bilsə şükür edəcək. Bunlar isə dövlətçiliyin, sabitliyin sarsılmasına gətirir. Odur, İsveçrədə hər il prezidenti seçirlər, düz-əməlli səlahiyyəti də yoxdur. Təsəvvür elə, Yəhya müəllimin prezidentliyi ərzində İsveçrədə 23 prezident dəyişibdir. Dəhşətdir. Alp dağlarında camaat inək kimi ot yeyir aclıqdan. Şokolad tikəsi üstündə gündə nə qədər adam ölür.
Yazını isə Akif Çovdarovun oğlunun sözləri ilə bitirmək istəyirəm: “Kişi kişinin üzünə durmaz!” 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR