İnsanlara hürriyət, millətlərə istiqlal!

İki şairin harayı... təkcə iki şairinmi?

1289 09.01.2017 14:26 Yazarlar A A
Kim nə deyir-desin, ana dilimizə münasibət millətə, Vətənə, dövlətə münasibətdir. Bu torpaqda doğulan, onun suyunu içib-çörəyini yeyən, havasını udan kəs əgər illər uzunu öz dilində yox, ayrı dildə danışmağı özünə fəxr sayırsa, ana dilini öyrənməyi özünə ar bilirsə, bu - millətə və onun dəyərlərinə, yediyin qaba tüpürmək deməkdir. 

Belə davranışa, təfəkkür tərzinə bəraət ola bilməz, zira, it də 1-2 ilə dil öyrənir. Öncə sən zəhmət çək öz dilini mükəmməl bil, ona hörmət bəslə, sonra neçə dil bilirsən, öz işindir. Çox dil bilmək qəbahət deyil. Əksinə, deyirlər, insan neçə dil bilirsə, bir o qədər sayda adamdır. Fəqət, əvvəlcə ana dili, dövlət dili! 

Əfsus ki, dil problemi az qala, müstəqilliyimizlə yaşıddır. İllərdir deyirik, yazırıq, ancaq xeyri azdır – hərgah, problemin olmaması üçün qanunverici baza çoxdan mövcuddur. Gəl ki, SSRİ tərkibindəki kimi, eyni problem hələ də bizə diş ağardır, bəzi manqurt valideynlərin sayəsində hətta nəsildən nəslə ötürülür. Qorxulusu budur. Çünki hansı dili doğma sayırsansa, sən elə o millətin nümayəndəsisən, o ölkənin potensial “5-ci kolonu”san!.. 

*****

Son günlərdə iki ünlü şair-ziyalımız – Musa Yaqub və Sabir Rüstəmxanlı yenidən bu problemi təzədən gündəmə gətiriblər. Musa Yaqub konkret olaraq, dilimizin yad sözlərlə korlanmasına, Bakının mərkəzində, “Torqovı”da Azərbaycan dilindən əsər-əlamət olmadığına diqqət çəkib. Ana dilimizdən başqa az qala bütün dillərə - rus, ingilis dillərinə sayğı göstərildiyini ürək ağrısı ilə qeyd edib.

Sabir bəy isə Bakı-İstanbul reysində üzləşdiyi əcaib bir mənzərəyə öz facebook səhifəsində reaksiya verib: “Təyyarədə bir ailə də vardı. Ata-ana, bir dəstə uşaq, qohumlar və bir də qəfəsdə balaca it. Hamısı bərkdən, nümayişkaranə şəkildə rusca danışır. Olsun! Hansı dildə danışmaq hər kəsin öz işidir. Ancaq bu, Azərbaycan təyyarəsidir və hamı azərbaycanlıdır. Hansı dildə danışırsan danış, amma ətrafındakıları yox saymalı deyilsən, bura sənin evin deyil, elə danışmalısan ki, qonşularının rahatlığı pozulmasın. Hiss olunur ki, bu adamlar belə şeyləri qanmır ya da bu qanmazlıqlarını gözə soxmaqdan zövq alırlar. Balaca  it də böyük hikkəsi və sahiblərinin hayasızlığından seçilməyən bir çığır- bağırla qəfəsi yeyib-tökür, civiltili səsi ilə ətrafdakıların beynini deşir. Dişim bağırsagımı kəsir. Adamlar yerlərini tutanda ailənin üzvlərindən bir uşaq bir neçə dəqiqəliyinə yanımda oturdu. “Azərbaycanlısan? Yəni, azərbaycanlı ailəsisiniz”, deyə soruşdum. Başı ilə təsdiqlədi. “O itinizlə hansı dildə istəyirsrniz danışa bilərsiniz, bəs öz aranızda niyə ana dilində danışmırsınız” soruşdum. Uşaq qızardı və utana-utana “bilmirəm, evimizdə bizə rusca öyrədirlər” dedi. Deməli, hər şey ata-anadan asılıdır. Ata-ana dilini öyrətmir və sevdirmir, Vətənini sevdirmir, ətrafındakıları adam yerinə qoymadan Vətənində yabançı dildə bağıra-bağıra danışmaq öyrədir. Görəsən dünyanın hansı cahil xalqında bu xəstəlik var. Görəsən bu ləyaqətsizlik, satqınlıq, dar düşüncə hardan qaynaqlanır?”.

Məsələ də bunda – qaynaqdadır! Yəqin ki, ən əvvəl valideyndən qaynaqlanır. Sonra da həmin valideynin valideynindən. Beləcə irsi ötürülür... 

*****

Diqqət edin, Rusiyanı ərazilərimiizn işğalında ittiham edirik, ancaq 25 ildir soyadlarımızdakı rus sonluqlarından da qurtulmaq istəmirik. Yaşlı nəsil heç. Müstəqillik dövründə dünyaya göz açan gənc nəslin soyadlarına baxın. Məktəblərdə sinif jurnallarını açıb şagirdlərin familiyalarına baxın. Yüzdə 80% rus sonluqlu soyadlarıdır. Halbuki, yeni doğulanlara milli soyad vermək heç bir problem kəsb eləmir. Yetər ki, valideynin istəyi, milli qüruru olsun. 
Ancaq belə görünür, hu məsələsini də dövlət artıq öz nəzarətinə götürməli, heç olmasa, təzə doğulanlarla bağlı məcburiyyət tətbiq eləməlidir. Axı, biz kiminlə bir millət – iki dövlətik, Rusiya ilə yoxsa Türkiyə ilə? 

Yaxud ordumuzda, hərbi hissələrimizdə, şəhidlər arasında bircə imkanlı ailənin uşaqlarına rast gəlməzsiniz. Çünki Vətən onlar üçün, onların ailələri üçün yalnız kef çəkmək, əylənmək üçündür... 

*****

Əlbəttə ki, hər millətdə ballastlar, manqurtlar, alaq otları, parazitlər olur. Təhlükəsi bu ballastların, alaq otları və parazitlərin bütün cəmiyyəti sara bilməsidir. Bax, buna yol vermək olmaz. Görünür, qanunlar kifayət deyil. Bu – təkcə dövlətin işi, vəzifəsi də deyil. Gərəkdir ki, ictimai nəzarət də güclü olsun, cəmiyyətin “sanitarları” olan ziyalı kəsim, vətəndaş mövqeyi güclü olan hər kəs ayıq-sayıq olsun. Haray çəkən iki şairimiz kimi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR