İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimiyyət əsirləri...

2040 12.01.2017 08:35 Yazarlar A A

Fəlsəfi baxışlarını təqdir etməsək də burada A.Şopenhauerin və F.Nitşenin bir fikrini xatırlamaya bilmirik. Onların hər ikisi hakimiyyət iradəsini, insanların daim hakimiyyətə can atmasını ictimai hərəkət üçün əsas amil kimi götürürdülər.

Bəli, hakimiyyət hissi qəribə şeydir. Bəlkə də bu hiss insanların psixologiyasının ən dərin qatlarında gizlənmiş ilkin bioloji instinktlərdir. Böyük dövr, bəlkə də milyon illər ərzində insanların başa düşdüyü bir şey var ki, hakimiyyət hissini aradan qaldırmaq olmaz, onu sadəcə, azca da olsa, məhdudlaşdırmağa və bir az da “yonmağ”a çalışmaq olar. Bəli, məsələ bundadır ki, ayrı-ayrı insanların təhtəlşüurunda güclü hakimiyyət hissi özünə yer elədiyi kimi böyük əksəriyyətin, kütlənin də davranışında bir sürü olmaq meyli vardır...
Bunları niyə xatırladım? Bu günlərdə dedilər ki, nəhayət ki, Bəşər Əsəd cənabları hakimiyyətdən getməyə hazır olduğunu bildirib. Amma bu dəfə də bunu yalnız referendum yolu ilə etməyə hazır olduğunu deyib...

Burada Q.Markesin “Patriarxın payızı” əsərini necə xatırlamayasan? Ən çətin anlarda diktator deyirdi ki, mənim hələ xalqım var...

Bəli, onlar - diktatorlar sona qədər xalqlarının onları sevdiyini güman edirlər. Bu adamlar hamıdan, ən yaxın adamlarından, hətta qadınlarından xəyanət gözləyirlər, amma xalqlarının bir gün onlardan üz döndərəcəyinə, onlara xəyanət edə biləcəyinə heç cür inanmırlar...

İndi Suriya hadisələrini hamı birmənalı olaraq Qərbin müdaxiləsi ilə izah edir. Biz də hamılıqla bunu qəbul edirik. Amma bunu qəbul etməklə biz özümüz də belə bir şeyi etiraf etmirikmi ki, biz müsəlmanları sonsuzluğa və ya əbədiyyətə qədər diktatura ilə idarə etmək olar?..

Bəziləri bir az əvvəldə səslənmiş fikri sübut etmək üçün belə bir detala diqqət yetirirlər ki, indi suriyalılar hətta rahat Əsəd dövrünün nostaljisilə yaşayırlar. 

Düzdür, amma bu, o demək deyil ki, həmin dövr böyük bir nostalji ilə xatırlanmağa layiqdir. Sadəcə, proses çox uzandı, Əsədi devirmək və azad Suriya qurmaq mümkün olmadı, insanlar çox ağrı-acılar yaşadılar. Ona görə də rahat kölə həyatı üçün belə qəribsəməyə başladılar...

Deyirlər ki, guya Əsəd Suriya uğrunda vuruşur. Amma bu da böyük bir mifdir - Əsəd özü üçün vuruşur. Onu özünün taleyindən başqa heç bir şey düşündürmür. 

Bundan sonra nə olacağını deyə bilmərik, amma bu adam hakimiyyətdən gedəcəyi təqdirdə müttəhimlər kürsüsündə əyləşməli olacaqdı. Ona görə də vuruşur...

Doğrusu, hətta bu gün də onun hakimiyyətdən gedəcəyinə inanmırıq. Bu gün nə suriyalılara, nə Türkiyəyə, nə də ki, Qərbə Əsəd lazım deyil. Amma o, bircə ölkəyə lazımdır. Bu ölkə də Rusiyadır. Əsəd hakimiyyəti Rusiyanın Suriyada iştirakını təmin edən əsas amildir. O olmasa, hamı dönüb Rusiyaya “Siz burada nə edirsiniz?” deyəcək...
Ona görə də inanmıram ki, Əsəd hakimiyyətdən getmiş olsun. Bir daha deyirəm ki, o, Astana görüşündə belə bir bəyanatla çıxış etməyə hazır olduğunu bildirib. Amma heç inanmağımız gəlmir...

B.Əsəd hakimiyyətin əsirinə, öz cinayətlərinin girovuna çevrilib. Onun da yolu böyük ehtimalla nə vaxtsa dar ağacından keçəcək. Özü də bunları çox yaxşı anlayır. Elə ona görə də öz xalqına qarşı vuruşmaqda davam edir...

Ən əsası isə odur ki, onun səhvlərindən öyrənmək istəyənlər də yoxdur. Necə ki, Əsəd digər ərəb diktatorlarının səhvlərindən öyrənmədi. Baxıb görürsən ki, dünyada diktaturaları devirmək üçün qanlı müharibələr və qovğalar davam etdiyi bir vaxtda kimlərsə addım-addım diktaturalarını qurmaqda davam edir. Əgər bəşər tarixində hər hansı bir diktatura istisna olsaydı, biz yenə də bu səyləri başa düşməyə çalışardıq. Amma belə bir istisna yoxdur. 

Termodinamikanın ikinci qanununda deyilir ki, hər şey köhnəlir, sıradan çıxır. Bu mənada dünyanın ən möhtəşəm və ən varlı diktaturaları da istisna deyildir - onlar da bir gün uçur və dağılır... Sadəcə, bəziləri buna heç cür inanmaq istəmir...

Olsun. Qoy, inanmasınlar. Onların nəyəsə inanması və yaxud da inanmaması ilə heç nə həll olunmur. Bəşər tarixində azadlığa can atmaq kimi bir proses də var - insanlar daim azadlığa can atır, öz azadlıqlarını genişləndirməyə cəhd edirlər. 

Bu prosesdə kiçik ləngimələr və hətta geriləmələr mümkündür. Amma onu dayandırmaq mümkün deyil, çünki bu da tarixin bir qanunudur...



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR