İnsanlara hürriyət, millətlərə istiqlal!

Gücümüz özümüzə çatır...

1685 16.01.2017 08:35 Yazarlar A A

Bir neçə il öncə siyasi məhkəmələrlə bağlı hər gün yolum Bakı Ağır Cinayətlər Məhkəməsinə düşürdü. Həmin mənzərələri daha çox orda görürdüm. 

“Namus üstündə” arvadını öldürən kişinin qürurlu qohumları, borca görə əmisi oğlunu bıçaqlayan gəncin bir-birini söyən atası... İndi bu mənzərələri qəzetimizin məhkəmə müxbiri İlkin Muradov daha çox görür. Elə gün olmur ki, onun qan donduran qətllərlə bağlı məhkəmə reportajlarını oxuyub, təsirlənməyək. Hətta həmin xəbərlər qəzetin “mətbəx”inə çatanda əməkdaşlar onu öz aralarında uzun-uzadı da müzakirə edirlər. 

Nə yalan deyim, bəzən özümüzü də qınamadan keçmirik. “Bəlkə biz bu qətllərdən çox yazırıq deyə insanlarda bir alışma, öyrəşmə, özənmə prosesi başlanır” demədiyimiz də olmur... 

Amma yazmağa, yazdığımızın presedentə çevrilməsinə qalsaydı, bu günə qədər bu ölkədə çox şey yaxşılığa görə dəyişməli deyildimi? 

Amma fikir verin, qətllərin amansızlığı sanki sətirlərdən yağır. Xəbəri axıra qədər oxuyursan, bunca amansızlıq üçün səbəb arayırsan. Yoxdur! Qadın boşanmaq istəyib deyə kişi 15 bıçaq zərbəsi ilə onu öldürüb. Qız təcavüzə uğrayıb, anası buna görə onu qətlə yetirib. Əmisi oğlunu borcunu qaytarmadığı üçün yaba ilə qanına qəltan edib. Bəs ailə institutu, ailə dəyərli, dünyaya örnək göstərməyə çalışdığımız mental dəyərlər? Səbəblərə baxanda ayağının altından yer ikinci dəfə qaçır. Çar-naçar hər şeyi maddi problemlərin üstünə atırsan. İnsanları çarəsizləşdirən, aqressiyasını ən yaxınındakından çıxarmağa vadar edən aclığı, işsizliyi səbəb göstərirsən bu kimi qətllərə. Təsəllidir, əlbəttə. Çünki Azərbaycan ailəsi rəsmən mənəvi aşınmaya məruz qalıb. Dəyərlər sıfırlanıb, humanizm, anlayış, empati qurmaqdan... əsər yox. 

Təsəvvür edin, uşaq yaxşı oxumur. Ata-ana yaşadıqları kasıb həyatı uşaqları da yaşamasın, “oxuyub adam olsun” deyə onu şillə-qapazla kitab-dəftərin üstünə qaytarırlar. Bunun da adı olur uşağı yönləndirmək, tərbiyə, yol göstərmək. 

Döyə-döyə, travma yaşadaraq. Kəmərlə döyüləndən sonra dərs oxuyan uşaqdan hansı gerizəkalı savadlı kadr, yaxşı insan olacağına ümid edir? Özgəsi vaxt qərb ailələrinə ironiya edirik: bir problemləri olan kimi ailə psixoloqunun yanına gedirlər deyib, qəşş edirik. Əslindəsə bu ağır şərtlər daxilində nəinki özünü, ailəni kontrolda saxlamaq ən böyük dərddir. Problem təkcə maddi deyil ki. Ətrafında baş verən pis sürprizlər, çevrəndəki insanlardan gələn və gələcək pisliklər, bunlarla mübarizə aparma taktikası. Biri bunları dinləyəndən sonra dərdlər xeyli azalır, elmlə sübut olunub bu. 

Əgər bu dinləyən professionaldırsa, yol göstərəndirsə, daha yaxşı, problemlərin çözülmə ehtimalı daha böyük. Balta, bıçaq, tapança ilə çözmək yerinə professional dəstək alıb, şirin dillə həll etmək daha məntiqli görünmürmü?  

Ekspertlərsə deyirlər ki, indi ailə daxilində qətllərin, zorakılığın  artmasının bir səbəbi də qadınların azad yaşaması, amma kişilərin bu azadlığa qarşı çıxması ilə bağlıdır. Yəni, əvvəllər kişi nə deyirdisə, qadın lbaş üstə» deyib onunla razılaşırdı. Amma indi vəziyyət göstərir ki, qadınlar kişilərdən daha çox inkişaf edirlər. Yəni əvvəlki həyat tərzi ilə qadınlar razılaşmırlar. Bu isə kişilərdə qıcıq yaradır. Qadın itaət etməyəndə kişi ailədə başçı, idarəçi funksiyasının itirildiyini təsəvvür edir. Bu zaman ailədaxili zorakılıq halları baş verir. Anormal vəziyyətdir. Səni sevməyən, səninlə bir evdə yaşamağı istəməyən bir qadına (kişiyə) qarşı niyə zor tətbiq edəsən ki? Uzaqbaşı içində sevgi qırıntıları qalıbsa, bu ailəni xilas etmək, həyat yoldaşını özünə yenidən bağlamaq üçün çarələr axtarar, gözəlliklər edərsən. Məsələn, dava etdiyi günün axşamı evinə gül alıb gəlmiş hansı kişi aqressiya ilə qarşılaşar? Adi bir misal.

Əslində son 20 ildə müxtəlif böhranlı şərtlərin, fərqli mühitlərin  daxilində yetişmiş insanların ciddi psixoloji problemlər yaşaması təbiidir. Bu, onların iş, dostluq, ailə münasibətlərinə də təsirsiz ötüşə bilməz. Amma ailə həkimi kimi, ailə psixoloqu, ailə terapisti də olmalıdır. Ailənin bütün fərdlərini tanıyan bir professionalın bu “gəmi”nin batmaması üçün verəcəyi ekspert məsləhətini xəfifə almaq olmaz. Təəssüf ki, xüsusən də bizim qadınlar baxdıqları seriallardan təsirlənib, ordakıların imitasiyası olan bir münasibət sərgiləyirlər. Unudurlar ki, orda bir həftə əvvəl görüb də, özlərini oxşatmağa çalışdıqları asi qadın qəhrəman bir həftə sonra reytinq qurbanı olduğu üçün yayımı dayandırılan serialın sadəcə maaşlı aktrisasıdır. Rejissor fantaziyası, epataj, reytinq tələsi...

Doğrudanmı həyatı bu qədər xəfifə almaq olar? 

Ailə hər zaman problemlərin həll olunduğu, dərdlərin sıfırlandığı ocaq olub. Adı üstündə - isti bir yer. Ora insan dincini almağa, bəzənsə qayğılarını bölüşüb yüngülləşməyə gəlir. Son zamanlar ellikcə oranı da qan çanağı etməyi başarmışıq. 
Qanın istisi isə heç kimi isitmir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR