İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev qatığı haqda

1332 16.01.2017 09:10 Yazarlar A A

Bakıda dükanlarda satılan, kustar üsulla hazırlanan qatıqlara millət qabaqlar “kənd qatığı” deyirdi. İndi fikir vermişəm, çox yerdə daha səmimi olmağa başlayıb “ev qatığı” adlandırırlar. Kənd təsərrüfatı məhv edilibsə, zəhmətkeşlər Bakıda evlərində və gizli sexlərdə qatıq düzəldirsə, doğrudan da bunu elə ev qatığı adıyla markalamaq lazımdır.

Yaxşı olar bir çox idarələr müftə yerə dövlət büdcəsini sümürmək əvəzinə qatıq buraxsınlar, onun da adı “idarə qatığı” olsun. “General qatığı”, “bankir qatığı”, “müəllim qatığı” və sairə - gör necə gözəl səslənir, iqtisadiyyatımızın inkişafına dayaqdır! Şəxsən mən jurnalistikanın başını buraxıb “Qəzet qatığı” hazırlamağa can-başla hazıram. Onsuz da hazırda cəmiyyətin tələblərinə cavab verməyən cızmaqara ilə məşğuluq. Həqiqəti yazmağa milyon dənə maneə varsa, qatıq çalmaq daha məqsədə uyğun deyilmi?
Bax, keçən həftə həmin ev qatıqlarından bir banka almışdım, mənim sevimli məşğuliyyətlərimdən biri həmin qatıq bankalarının ağzına iplə bərkidilən kağız parçalarını oxumaqdır. Düşünürəm ki, o kağızlarda haçansa həyatımın məqsədi, gələcək planlarım, ya da bəd ayaqda keçmişdə nələr olubdur, bu haqda informasiya alacağam. (Dindarlar demişkən, vergi veriləcək). 

Misal üçün, bir dəfə kağızda Şirvan şəhər maarif şöbəsinin müdiri hansısa işçinin məzuniyyətə çıxmasına dərkənar yazmışdı: “Etiraz etmirəm”. Başqa vaxt “Neftçi”nin oyun sxemi haqda məşqçinin qeydləri, bir dəfə isə hətta “Azərsat” peykinin koordinatları sənədi çıxmışdı. Fikrim var o kağızları toplayıb muzey açım. “Qatıq muzeyi” - turistlər üçün də maraqlı olar.

Bu dəfəki qatığın kağızı da tam dövrümüzə uyğun idi: hansısa maliyyəçinin magistr işini vərəqi idi. Bu tip cümlələr yazılmışdı: “Auditor nəzarətin həyata keçirilməsi zamanı kapital bazarında səhmdar cəmiyyətin qiymətləndirilməsi...” və sairə və ilaxır. 

Bəli, bütün maliyyə uğurlarımız beləcə qatığa çevrilib maliyyəçilərin başına yaxıldı, indi aktual temada yazsaq, uzunqulağa mindirilib atası evinə qaytarıldı. Nəticədə hazırda qonşu Gürcüstan Avropa Birliyi ölkələrinə baldan yuna, mineral sudan şəraba qədər min cür məhsul ixrac edib valyuta qazanır, biz isə dırnağımızı gəmiririk. Çünki millət gərək iki yoldan birini seçsin. Populyar iqtisadiyyatın varsa, tez-tez dəyişən, bir növ qeyri-populyar hakimiyyətin olacaq. Əksinə, dahi rəhbər və liderlər altında millətlər həmişə aclıq çəkir. Misal üçün, çox adam bilmir, SSRİ-də 1946-47-ci ildə dəhşətli aclıq olub. 

Bəzi hesablamalara görə aclıqdan 1 milyon yarıma qədər insan ölüb. Təsəvvür edin, faşistlər üzərində qələbədən cəmi 1 il sonra millət çörək tapmırdı. Çünki “dahi” rəhbər Stalinin axmaq siyasəti üzündən bütün iqtisadiyyat darmadağın idi. Məğlub Almaniyadan qalib SSRİ-ni xilas üçün taxıl oğurlayıb gətirirdilər. 

Ancaq insaf naminə onu da yazım ki, hazırda dükanlarda satılan ev qatığı zavod qatığına nisbətən dadlıdır. Bunun özü müsbət addımdır. İstəsələr əhəngdən, karyer tozundan, alebastr və gənəgərçək yağından qatıq düzəldərdilər, nə edə bilərdik? 

Yaxşı yadıma düşdü, keçən yazımda Azərbaycanın kitab çapı və oxunması üzrə miflərindən birini dağıtmışdım. O mif belədir ki, guya biz SSRİ vaxtı oxuyan olmuşuq, müstəqillik dövründə oxumuruq. Hərə servanta yaxşı cildi görünsün deyə beş-on kitab düzürdü, guya bununla alim olurdu. Sosial şəbəkədə o yazımın müzakirəsi zamanı bəziləri məni yalan yazmaqda suçladı. Həmin axmaqlar üçün (mən də səhv edə bilərəm, ancaq yalançılıq təhqirdir, bunu edənlər cavabını almalıdır) dəqiq rəqəmləri yazıram. Bu rəqəmlər hazırda internet resurslarında qalır - həzrəti-Google kömək olsun. Buyurun, qısa icmalla tanış olun. 

1989-cu ildə müttəfiq respublikalar üzrə kitab çapı (çap vahidi ilə): Gürcüstan - 1971, Litva - 1672, Moldova - 1479, Latviya - 1927, Estoniya - 2070, Azərbaycan - 1264. Əhalinin hər 100 nəfərinə düşən kitab nüsxəsi: Litva - 640, Gürcüstan - 369, Moldova - 489, Türkmənistan - 226, Tacikistan - 217, Ermənistan - 382, Azərbaycan - 253 və sairə. Əlbəttə, bizim kitab oxumaq məsələsində əsas müqayisə ermənilərlə aparılsa yaxşıdır. 1918-1990-cı illər arasında SSRİ-də erməni dilində buraxılan kitab, broşür və çap vahidləri (ancaq bədii ədəbiyyat) cəmi 7991 ədəd olub. Azərbaycan dilində bu rəqəm 7770-dir. Əhalinin say nisbətini də nəzərə alanda çox pis uduzuruq. Yaxud, 1980-ci ildə hər 100 nəfərə düşən kitab çapı Azərbaycanda 191 ədəd olub, Ermənistanda isə 291. Gürcüstanda 286. 

1980-ci ilin rəqəmini ona görə yazdım ki, bəzi ağzıgöyçəklər “Qorboçov elədi, yoxsa oxuyurduq” deyə mızıldanmasın. Sovetin nisbətən qarnıtox vaxtında da ermənilər bizdən çox kitab çap ediblər. 

Rəqəm misalı çox gətirmək olar, ancaq nə ehtiyac? Kor kor, gör gör - vəziyyət ortadadır. Nə əkmişik, onu biçirik. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR