İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli çamadanlılar - Rusiyada yaşayan yazarımızın məqaləsi

3079 27.12.2016 14:11 Yazarlar A A
Mühacirətdə olan azərbaycanlılarla bağlı belə bir qınaq olub, həmişə: ermənilər kimi güclü deyillər, yaşadıqları ölkələrin dövlət strukturlarında təmsil oluna bilmirlər və s. 

Məncə, elə də haqsız söhbət deyil və bunun ən ümdə səbəbi mühacir azərbaycanlının yaşadığı ölkədə "əli çamadanlı" yaşamasıdır. Ermənidən fərqli olaraq azərbaycanlının bir ayağı daim vətənindədir. Bir ev qürbətdə alırsa, birini də vətənində tikdirir, qurduğu biznesini yavaş-yavaş vətəninə transfer etməyə çalışır, gələcək həyatını yalnız vətənində xəyal edir. 

O, bura nə vaxtsa geri qayıtmaq üçün gəlib, qayıdır da, amma bəzən dünyasını dəyişərək. Bu yaxşı, ya pis haldı, deyə bilmərəm, fəqət fikir verin, istisna halları çıxsaq, bütün azərbaycanlılar məhz vətənində dəfn olunur. Bir sözlə, dünya azərbaycanlıları haqda qısa təqdimat ifadəsi işlətmək istəsək, "əli çamadanlı azərbaycanlılar" çox da yersiz ifadə olmaz, düşünürəm.

Əslində, bu söz üzərində bir xeyli manevr etmək olardı, amma mən sadəcə, bunu deyirəm: Nə sirri-Xudasa Azərbaycanımızla bağlı ən gözəl işləri quranların böyük əksəriyyəti elə "əliçamadanlılıq həyatı" yaşayanlar olub! Bir baxın, respublikamızın qurucularından götürün ta indiyə qədər, ziyalılarımızın bir xeyli hissəsi məhz mühacir həyatı yaşamayıbmı? 

Yaşayıb axı! Vətən də dağ kimiymiş sən demə, onu tam, dəqiq, bütün olaraq görə bilmək üçün bir müddət kənara çəkilmək, uzağında dayanmaq lazımmış. Bu ləyaqətli "əli çamadanlılar" da belə edib və qayıtdıqdan sonra gördükləri vətənin yaralarına məlhəm olmağa çalışıblar, olublar da!

Bu boyda həqiqəti danmaq olarmı?

Şəxsən mən əziz mühacir xalqımıza "otxod" deyən məlum deputatın da, şiələrlə bağlı yeri gəldi-gəlmədi, olmazın ittihamlar səsləndirən o biri təxribatçı deputatın da dediyi fikirləri belə dəyərləndirirəm: əslində, hər kəs, hər şeyin fərqindədir, insanların bir-birindən yeganə fərqi, fərqində olduğu həqiqəti ifadə edə bilib-bilməməsində, təhrif edib-etməməsindədir - məharət, ən çox da ləyaqət məsələsidir yəni, vəssəlam!

İllər öncə bir dəfə dostlar məni bir təkfirçi vəhhabi ilə görüşdürdülər, xeyli söhbətdən sonra ona dedim ki, yox, narahat olma, batil olduğunu etiraf etməni gözləmirəm, heç istəmirəm də, sadəcə, lütfən bu dediklərim haqda düşün. Təsirlənmişdi necəsə, "düşünə bilmirəm, qardaş!" - dedi titrəyə-titrəyə, maşınını yolun o tayında, gözünün qabağında saxlamışdı, açarısa masanın üzərindəydi, götürüb dürtdüm ovcuna, "kiməsə ver açarı, çəksin o hədiyyəni gözünün qabağından, onda düşünə biləcəksən!" - dedim. Hamı gülüşdü.

Məsələ budur.

İlqar Kamil

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR