İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizi öldürdülər...

740 18.01.2017 15:07 Yazarlar A A
Bu gün qızımın oxuduğu məktəbdə  20 Yanvara həsr edilən stend gördük. 
Qızım ordakı qorxulu şəkilləri şərh etməmi istədi. “Tanklar şəhərimizi tutmağa gəlmişdilər. İnsanlar da tankların qabağına çıxıb vətəni qoruyurdular. 

Bu, güllə dəymiş aynadı, bu, tankın əzdiyi maşındı, bu da həmin gün silahla öldürülən insan”. 
Üzümə elə baxdı ki...

Uşağa  il boyu  məğlubiyyət acısından danışırıq. 

Elə hey “bizi öldürdülər” deyirik. Elə hey yazıq, aciz tərəfik.   

Xocalıdan, Mart qırğınından, Qubadakı memorial abidədən, Şuşanın işğalından danış, bitmir. Bunlardan söz edəndə çox ağır suallar verir: 
- Niyə biz torpaqlarımızı vermişik? 
- Verməmişik, alıblar.  
- Niyə alıblar?  
- Silahımız az olub. Gücümüz çatmayıb.  
- Bəs onların silahı hardandı?  
- Onlara Rusiya kömək edib.  

- Bizə niyə heç bir ölkə kömək etməyib? Türkiyə qardaşımızdı deyirdin axı. Amerika dünyanın ən güclü ölkəsidi deyirdin. Bəs niyə kömək etməyiblər?.. Bəs niyə ordumuz Qarabağı geri almır? İndi güclü ordumuz var axı. Televizorda göstərmişdin.  
- Prezidentimiz əmr verməlidi. O, əmr vermədən olmaz. 

- Niyə əmr vermir?  

- Yəqin savaş olmasını, qan tökülməsini, insanların ölməsini istəmir. İstəyir, razılığa gəlib alaq...  

- İndi bizim torpaqlarda başqa adamlar yaşayır? Mən çox əsəbiləşirəm, ana. 

Nə artırıram, nə azaldıram. Aramızda eynən bu cür dialoq olur. Hətta daha ağır... Mövzunu siyasiləşdirmək istəmirəm. İnsaniləşdirmək istəyirəm. 

Bu dəfə heç nə soruşmadı, üzündəki susqun sual dəhşətli idi. 
 
Balamın gözlərindəki sualdan çox utandım. Tez onu öpüb, qaçdım. 

Bu utancın içində uşaqlarımızın gələcəyini başqa ölkələrdə görməyimiz, onları bu ölkədən çıxarmaq istəyimiz və buna görə ciddi səbəblərimiz də var. 

Biz bu uşaqlar üçün normal, sağlam, qanuni bir məmləkət qurmalıydıq. 
Bizim uşaqlar polis görəndə özlərini güvəndə hiss etməli idilər. 

Bizim uşaqlar müəllimə tapınmalıydılar. 
Dövlət babanı sevməliydilər. 

Bizim tariximizdə qələbə günlərimiz olmalıydı. 

Bayramlardan adamlara yox, xalqa - vətənə bağlı bayramlardan danışmalıydıq.  
Biz bu uşaqlara paramparça, hər sahəsi dağılmış bir vətən qoyduq. 

“Bizi öldürdülər ...” kimi cümlələrin qızımın qüruruna toxunduğunu hiss etdim. Seçilməyə öyrəşən uşağın özündən asılı olmayan səbəblərdən uduzan, əzilən tərəfdə olduğunu anlamasını onun gözlərindən oxumaq öldürücüdü. O, anlayırdı. Çox oxuyub beş alsa da, şeirləri əzbərləsə də, hamıdan yaxşı rəsm çəksə də xeyri yoxdu; gücsüz tərəfdi. 
 Biz yenə nəyisə düz eləmirik.  

Yenə uşaqlarımızı doğru böyütmürük. 

İllər öncə 20 Yanvarın qələbə günü kimi qeyd olunmasını təklif edənlər vardı. Onda gündəmi şadlıq sarayları tutmuşdu, hər yerdə çal-çağır idi deyə yaman qorxdum. Dedim, bu günü qələbə kimi elan etsələr, olan-qalan dəyərlərimiz də əldən gedər. Bütün televiziyaların efirində atılıb düşərlər o gün.   

Ona görə qarşı çıxdım. İndi vəziyyət xeyli dəyişib. Həmin həşir azalıb. İndi biz bu tarixi “Azadlıq günü” kimi yaşaya bilərik. Çünki 20 Yanvar Azərbaycanın imperiya əsarətindən qurtuluşuna bağlıdı. Özümüzlə  öyündüyümüz gündü. 

20 Yanvarı uşaqlarımıza azadlıq mücadiləmiz kimi, qurtuluşumuz kimi anlatmağın vaxtı çatdığını düşünürəm.  

Nəyin bahasına – o, artıq şərəfli məsələdi. Utanc gətirməyəcək “bizi öldürdülər”di. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR