İnsanlara hürriyət, millətlərə istiqlal!

“Balam” sözünün mənası nədir?

6895 23.01.2017 09:20 Yazarlar A A

Cəmiyyətdə yeni bir sosial qrup yaranıb. Onları “həə, nolsun” adlandırmanın tərəfdarıyam. Nə etsən, nə yazsan... cavab bundan uzağa getmir. 

Bu kateqoriyaya elə gəlir ki, Vətəni sevmək, öz millətin barədə ümumiləşdirilmiş təhqirlərə etiraz etmək bir vətənşüvənlikdir və ya publikaya oynamaqdır. Bu şəxslər elə düşünür ki, sənin içini ölkənlə bağlı heç bir şey tərpədə, ağrıda bilməz. Həmin kateqoriyalı insanlar əmindir ki, sən bununla bağlı nəsə deyirsənsə, yüz faiz məqsədin var, kiminsə havasına oynayırsan və ya müasir terminlə desək, sifariş icra edirsən. 

Ötən həftə “Recep İvedik 5" filminin yayımlanan fraqmanına etiraz edən azərbaycanlı professor Aygün Attara da bu cür münasibət göstərənlər oldu. Həm də ilk gündən. Osmanlı türklərinin etirazı məlum, onlar hesab edirdilər ki, ”dəhşət gülməli" olan bu aktyorun filmi ilə bağlı nəsə etiraz etmək onların yumor hissini aşağılamaq deməkdir. Əslindəsə Recep İvedik xarakterinə baxıb, ondan satirik həzz almağın özü elə həmin xarakter boyda sual işarəsidir. 
Amma bununla işimiz yox. Boks yarışmasında azərbaycanlı idmançını aşağılayıb, üzərində ölkəmizin bayrağı olan formaya təpik atmaq... və bunun adına güldürmək demək nə vaxtdan normal sayılır? Buna etiraz etmək nə zamandan vətənşüvənlik adlandırılır? 

Bəlkə çoxlarınız üçün yad mövzudur. Amma bu günə qədər azərbaycanlı obrazlar Türkiyə serialları və filmlərində bir qayda olaraq ya dələduz iş adamı, ya əxlaqsız qadın, ya da pullu ər axtaran çoxbilmiş qızlar sifətində tanınıb. Doğrudanmı məşhur tamaşada deyildiyi kimi, “3 professorumuz, 4 elmlər namizədimiz, 2 şairimiz yoxdur” ki, bizi bu qonşu ölkədə layiqincə təmsil etsin, adımız onunla anılsın və sair? (Hərçənd ki, elə yerli istehsalımız olan “Həm ziyarət, həm ticarət” filmindəki professor obrazını yada salanda osmanlılara şükr edirsən -S.T). “

Yaxşı Cazibe" serialını xatırlayırsız yəqin. İki il boyunca Azərbaycan ləhcəsi hesabına serialı reytinq rekordsmeni etdilər. Axırda baş rol ifaçısı ilə filmin yapımçıları arasında insident yaşandı deyə, azərbaycanlı baş rol ifaçısını ər tapmaq üçün dələduzluq edən qadın kimi təqdim etdilər. “Dedelerimi evlendirirken” adlı filmdə isə bundan da betər. Orda da yaşlı-yaşlı kişilər evlənmək üçün Azərbaycandan gəlin gətirirlər, gəlinlər toyun səhəri günü qızılları da götürüb aradan çıxırlar. 

“Möhtəşəm Yüzil”də tariximiz təhrif olunur, musiqi yarışmalarında mahnılarımız oğurlanır... Örnəklər çoxdur. Buna hansısa formada bir “dayan” deyən tapılmayacaq? 

Biz Recep İvediki bəyənməyə bilərik. Səviyyəsiz yumor deyib, uşaqlarımızın baxmasına da izn vermərik. Amma bu, faktı dəyişmir axı. Adamın filmlərini milyonlar izləyir. Təkcə son filminin fraqmanını 19 milyon nəfər izləyib. İndi siz filmin izlənmə rekordunu təxmin edin. Buna bir elm adamımız, səviyyəli bir professorumuz tərəfindən etiraz edilib və azərbaycanlı idmançı ilə bağlı səhnə filmdən çıxarılıb. Bu da etirazın effektindən xəbər vermirmi? Onun nəticəsinin olması bir görk sayılmırmı?

Yəni, bundan sonra hansısa film yapımçısı, ssenarist bu cür “zarafatlar” etməzdən əvvəl yüz ölçüb, bir biçməyəcəkmi? Filmdən səhnə çıxarmaq sizə zarafat gəlməsin. Bunun ciddi maliyyəsi, əziyyəti var. Etiraz güclü olmasa, dəstək almasa, bu cür nəticə də verməzdi.  
Niyə azərbaycanlılarla bağlı Osmanlı türklərində yaranan zarafatlar bunca aşağı səviyyəli, şitdir, bir fikriniz varmı? Türkiyədən olan bir jurnalistlə, bir müsahiblə, bir dostunuzla söhbət zamanı “Sizdə təyyarə düşür deyirlər, düzdür?”, “Balam sözünün anlamı nədir?” tipli sualları tez-tez eşidirsiz? İllərdir bu suallardan bezməmisiz? Sırf belə filmlərə, beldən aşağı zarafatlara görə yaranıb həmin suallar. O zaman kiminsə bu sayaq məsələdə önə çıxıb, etiraz etməsi sizi niyə qıcıqlandırır? 

Hərə öz sahəsində mübarizə aparsın məncə. Professordan müdafiə naziri, artistdən isə tarixçi olmasını gözləməsək, problem olmayacaq. Kimin bu sahədə nəyə gücü çatırsa onu da edir. Ölkə üçün, millətin adı üçün atılan addımları aşağılamaq bütün hallarda o pisliyi edənlərlə eyni cərgədə dayanmaqdır. Hesab edin ki, Recep İvediyin o üzdəniraq zarafatını qəbul etməklə, ona “yumor” deyib keçməklə bayrağı təpikləmək eyni anlama gəlir. Biz bayrağı ayaq altına atanlara necə hirsliyiksə, bu sayaq yumorlara da o cür dözümsüz olmalıyıq. 

Yumor hissi təhqirdən keçmir. Təhqirdən keçən “yumor” isə güldürmür....

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR