İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana bənzəyən Nuray...

4449 07.01.2017 12:56 Yazarlar A A

O uşağın “üsyanı” olan videoçarxlı xəbər linkini dəfələrlə ötürdüm, açmadım. Bir də gördüm,  yazıram,  çünki artıq baxmışam...

Əslində 10 yaşda böyük bir yük altında qalan uşaqdır Nuray. Ana ağır xəstə olub, sonra ölüb. Ata ananı xəstəlik üzündən atıb, uşağa baxmayıb. Uşaq xalanın himayəsində böyüyüb. Ata harda olub, bəlli deyil. İndi də gəlib ki, bəs belimdən gələni istəyirəm. Əcəb eləyirsən. Amma bir ciddi məqam var, belindən gələni haqq eləmək üçün əlindən gələni eləmisənmi? Eləməmisən! Onda sual yaranır: hansı haqla, haqq-ədaləti bərqərar edən sistem, yəni məhkəmə, sadəcə belindən gəlib deyə uşağı bioloji ataya verir.  Azərbaycan qanunvericiliyində nə qədər desəniz boşluq, düzəlişə ehtiyacı olan məqam, bənd var. Amma bu qədər başıboşluq olmaz axı. Sadəcə, o qanunlarla işləyənlərin “kefim belə istəyir” prinsipi var!..

Ona görə bir topa üzü qara, zəhimli, qorxunc və formalı əmilər, yəni qorxulu nağılın pis “qəhrəmanları”, on yaşlı qız uşağını o yan-bu yana dartışdırır. İstəyir  işini görüb evinə getsin, uşağını dizinə alıb oynadıb yeməyini yesin, yatsın, səhər başqa bir uşağı bağırtmağa getmək üçün enerji yığsın...

...Nuray isə o videoçarxda gücü çatmayacağını bilə-bilə naleyi-üsyan eləyir, müqavimət göstərir, bəlkə nəsə alındı deyə düşünür...

Yəqin özünüzü xatırladınız eləmi? İndi çoxumuz belə yaşayırıq, özümüzü ora-bura vururuq, üsyan eləyirik ki, bəlkə nəsə alındı...Nə isə... mətləbdən yayınmayaq...

Qarşıda nataraz bir sual var. Bu uşağın yaşayacağı faciə iş icraçılarının və bioloji atanın onu dartan-dartana salması ilə bitirmi?  Əsla! Bu uşaq hələ kim olduğunu dəqiq bilmədiyi atası, ögey anası, onun xiffətini çəkəcək ana qohumları , üstəgəl yeni doğulacaq bacı-qardaşı ilə problemlər yaşayacaq. Bütün bu proses on beş yaşı olana qədər davam edəcək (bəlkə də daha uzun-red). İndi gəlin düşünək körpəliyi, uşaqlığı, yeniyetməliyini itən qız cocuğu, Azərbaycanda daha sonra kim olur? O  ögey ananın başından eləmək üçün tez ərə vermək istədiyi ögey övlad, sevgisiz, qayğısız böyüyən bir qız olur. 18, ya 19 yaşından (ən yaxşı halda-red) ərə gedir, kiminsə şalvar ütüləyəni, uşaq doğanı, bozbaş bişirəni olur. Qısası, həyatı anlamadan bitən birinə çevrilir.  Optimist olmaq mümkünsüzdür. Çünki uşağının hislərini düşünmədən məhkəmə icraçısını belə söyən adam, bioloji ata sonrakı mərhələlərdə heç vaxt normal insan kimi davrana bilməz...

Bu olay həm də sistemdə nə qədər boşluqlar olduğunun göstəricisidir. Bu olay məhkəmə-hüquq sistemində nə qədər ədalətsizliklərə yol verdiyinin aydın ifadəsidir. Bu olay həm də onu ortaya qoyur ki, ölkədə həbsxana mühafizəçiləri, bir də məhkəmə icraçıları arasında nə qədər harda çalışdığını anlamayan, özü də  müxtəlif ixtisaslı adamlar var. İnsan psixologiyası, insanlıq barədə nə qədər qıt, məhdud məlumata sahibdirlər. Bu olayın videomaterial olaraq ortaya çıxmasının bir səbəbi də var: Qubanın prokurorluq və məhkəmə sistemində islahat aparmaq istəyənlər var...

Düzdür, ədalət xatirinə onu da  demək vacibdir ki, iş icraçılarının işi məhkəmə hakiminin işindən də ağırdır. Əgər icraçılar mal-mülk təhvil-təslimi işini icra eləməyə gedirsə, dəfələrlə döyülüb aşağılanqıları, mübahisə edənlərin arasında qaldıqları da olub. Amma olayın predmeti  insan, üstəlik, azyaşlı, ustəlik, mənəvi və psixoloji travmalı uşaqdırsa, məsələyə kökündən başqa cür yanaşma da mütləqdir. Əslində psixoloqsuz olmamalı idi həmin proses. Özü də mərhələli baş verməli idi. Öz aramızdır, illərdir görmədiyi, sonradan qəbirdən xortlamış kimi, “mənim belimdən gəlmisən, gəlmişəm aparım, çünki indi də kefim belə istəyir” ədaləti hansı ədalət kitabında yazılıb?  Aydındır ki, məhkəmə də işi başından eləmək üçün qərar çıxarıb, vəssalam. 

Gərəkdir çıxasan hündür bir yerə avazın gəlincə bağırasan: 
-Ay kişi...ay bala...ayy atafason...ay oğul...ay icraçı, hara dartışdırırsan?.. Beşmərtəbəli söyüş söyə-söyə  oralarda neynirsiniz? Ruhunuz niyə bu qədər ölüdür? Necə sizin keyfiyyətdə adamları o kreslolara oturdublar?  Bığlı-saqqallı, formalı, üz-gözündən zəhirmar tökülən əmilər, sifətinizdən bu yaşda olan mən qorxuram, indi hələ nə yaşadığını anlamayan o azyaşlı neynəsin?!..

...Belə alıb-vermək olmur, müəllimlər, əmilər, dayılar. Kimə deyəsən? Axı ölkədə bütün sahələrdə vəziyyət belədir. Təkcə uşaqları yox, məməlkəti də beləcə dartan-dartana salmısınız. Yəni bu ölkədə potensial cinayətkarları, oğruları, əxlaqsızları, terrorçu və mənəviyyatsızlar ordusunu beləcə yaradırsınız dartışdıra-dartışdıra, bağırda-bağırda... 
Bəlkə çoxunuza qəribə gələcək. Amma bu qızı indiki Azərbaycana bənzəyir. Çarəsiz, nəfəsi qaralmış,  yorğun, yarısı işğal altında, maddi, mənəvi, psixoloji gərginlikdə olan Azərbaycana...


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR