İnsanlara hürriyət, millətlərə istiqlal!

Arabanın 5-ci təkəri olanlar - içimizdəki təhlükə

1770 23.01.2017 10:17 Yazarlar A A


Lavrovun məlum bəyanatı və ardınca jurnalistlə bağlı yaşanan insident Qarabağ məsələsində yaxşı bir test oldu, lakmus kağızı rolu oynadı: toplum üçün, yalançı patriotlar uçun, həmçinin də rəsmilər və Kremlin Azərbaycana gerçək münasibətinə əmin olmaq üçün.

Bu insident eyni zamanda içimizdəki gizli “5-ci kolonçu”ların çevrəsinə işıq saldı, Rusiyanın burdakı “papaq altındakı” dəstəkçilərini üzə çıxardı. Həmin açıqlamaya reaksiyalar bu prizmadan baxanda daha qiymətli görünür. Sən demə, aramızda Rusiyanı Rusiyanın özündən, erməni əsilli Lavrovu Lavrovun özündən çox istəyənlər varmış və onların dairəsi heç də sadə azərbaycanlılarla əhatələnmirmiş. 

Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun da adı hallandı son olayda. Təəssüf. Deyilənlərə görə, Lider TV müxbiri Anar Həsənovun Lavrov-Kələntərova naqolay sual verdiyi üçün işdən çıxarılmasında onun müstəsna “xidməti” olub, üstəlik, jurnalisti suala görə (?! –Z.S.) təhqir etdiyi deyilir. 

Düzdür, səfir hələ məsələyə reaksiya bildirməyib. Ancaq adamın inanmağı gəlmir. Bəyəm o, Rusiyanın Rusiyadakı səfiridir, yoxsa Azərbaycanın səfiri? Hər şey qırağa, bu, həmin Bülbüloğlu deyilmi ki, “sülh danışıqları nəticə verməzə, Azərbaycan istənilən yolla öz ərazilərini azad edəcək” demişdi?! Özüdür ki var. O zaman nə baş verir? 

Məgər jurnalisti işdən qovmaqla Kremlin Azərbaycana, Qarabağa münasibəti dəyişdi? Ya bəlkə Lavrov öz sözlərini geri götürdü?

Yaxud Lider TV rəsmisinin olaya əcaib reaksiyasına baxın: deyir ki, guya jurnalist Sergey Lavrova verdiyi kəskin suala görə işindən kənarlaşdırılmayıb. Bəs nəyə görə çıxarılıb – deyilmir. Və nəyə görə məhz indi işdən çıxarılıb, tutaq ki, məlum insidentdən bir az əvvəl yox?.. 

Axı, biz niyə beləyik? Kobud çıxmasın, nədən “eşşəyə gücümüz çatmır, palanı döyürük”? Lavrovun təhqiramiz açıqlamasına görə Bakıda Rusiya səfirliyi önündə etiraz aksiyası keçirmək, Moskvanın Azərbaycana qarşı əsl niyyətini ortaya çıxaran bu cəsarətli suala görə jurnalistə təşəkkür eləmək, ona arxa durmaq əvəzinə, nədən o sıxışdırılmalı, işindən olmalıdır? Kimin dəyirmanına su tökürük? Dünyanı özümüzə güldürməyə nə gərək - harda görülüb ki, jurnalist verdiyi suala görə öz işini itirsin? Allahın Ermənistanı Rusiyanın satelliti, marioneti ola-ola, vaxtaşırı bu ölkəyə qarşı etirazlar edir. Biz isə... 

Sonra. Nə üçün 1 nömrəli milli məsələmizdə bu dərəcədə nala-mıxa vuranlarımız, Rusiyadan tük tökənlərimiz var? Özü də içində yüksək ranqlıları olmamaqla? Yaxşı, sabah həqiqətən də Vətən müharibəsi başlasa, belələrinə yüksək postları, hərbi görəvləri, silah-sursatı, arxa cəbhəni etibar eləmək olarmı? Azərbaycanı 5 qəpiyə satmazlarmı Kremlin burdakı gizli-aşkar “5-ci kolonçu”lar?

Hələ ki müharibə yoxdur. Yoxdusa, o zaman Qarabağ diplomatik cəbhəsində dövlət və millət olaraq qətiyyətimizi, prinsipiallığımızı, qürurumuzu daim qorumalıyıq. Əks halda, heç kim bizi saymayacaq. Ən əvvəl də Rusiya həmişə dirənişimizi görməlidir bu məsələdə. Yoxsa bizi mağmın hesab edib, bir az da üstümüzə gələcək. 

İş də ondadır ki, hansı vəzifədə, harda olursan-ol, hansı statusu daşıyırsan-daşı, öncə azərbaycançı ol! Mərd ol, kişi ol! Torpağı, namusu, qeyrəti şəxsi və korporativ maraqlardan heç vaxt aşağıda tutma! Kiminsə, hansısa ölkənin, xarici gücün, onun-bunun “5-ci kolonu”, daha betəri, arabanın 5-ci təkəri olma! Çünki bu – eybəcər görünür. Zira, hər şey öz qlafında təbiidir, gözəldir, uzunömürlüdür...

Bunu yazırıq, ancaq yaxşı bilirik ki, azərbaycançı olmaq üçün öncə azərbaycanlı olmaq lazımdır. Azərbaycanlı isə heç də həmişə azərbaycanca danışan adam deyil. Azərbaycanı, onun torpağını, suyunu, havasını doğma anası kimi sevən şəxsdir! Bu mənada doğrudan da hər bəd işdə bir xeyir başlanğıcı var. Çünki Lavrov insidenti indiki Rusiyanın başında duranların Azərbaycanla bağlı əsl xislətinə əmin olmaq, ocağımızın başındakı “5-ci kolon”çuların çevrəsini tanımaq üçün bənzərsiz fürsət yaratdı.    



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR