İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə tək

1552 23.01.2017 10:00 Yazarlar A A

Bir vaxtlar Hollivudda “Evdə tək” filminə çəkilmiş Donald Tramp indi Ağ Evdə təkdir. O mənada ki, cənab prezident ölkəsinin və dünyanın problemləri ilə təkbətək qalıb.

İndi o, filmdəki partnyoru 8 yaşlı Kevinin vəziyyətindədir, dünyanı sarmış qarətçilərin, quldurların öhdəsindən gəlməlidir, başını salamat saxlamalı, dolandırmalıdır.

Düzdür, Tramp da Kevin kimi itizəkalı və cəsurdur, amma ölkəsindəki situasiya onun istədiyi kimi deyil. Dünyada heç bir prezident istəməz ki, andiçmə günündəcə ona sərt etirazlar bildirilsin. 

Başqa vaxt yenicə işə başlayan ABŞ prezidentlərinə qarşı 100 gün ərzində nəinki etiraz aksiyası keçirməzdilər, heç adicə mətbuatda tənqid də etməzdilər, 100 günün tamamını gözlərdilər. 

Ancaq indi adamın prezident postunda 100 dəqiqəsi belə tamam olmadı, tənqidçilər bir dəqiqə olsun susmadılar, maskalılar paytaxtda iğtişaş törətdilər, üstəlik, ölkənin hər tərəfindən gəlmiş qadınlar Kapitoli təpəsinin yamacında 100 minlik etiraz aksiyası keçirdilər. 
Bu, o deməkdir ki, yeni prezidentə ölkə əhalisinin tən yarısı etimad bəsləmir. Bu sırada onun öz partiyasının üzvləri də kifayət qədərdir. 

Situasiyan qəlizləşdirən odur ki, seçicilərin Trampa güvənməyən hissəsi passiv loyallardan ibarət deyil, aktiv etirazçılardan ibarətdir. 

1974-cü ildə impiçment edilərək istefa verməyə məcbur qoyulmuş 37-ci prezident Riçard Niksondan sonra ilk dəfədir ki, hələ vəzifəsinin icrasına başlamamış şəxsə qarşı bu qədər intensivlikdə “impiçment” sözü eşitdirilirdi. 

Bu kəlmə və o prosedur ABŞ prezidentlərinin qorxulu röyasdır. Onları hər istədiklərini etməkdən, əlavə səlahiyyətlər qazanmağa çalışmaqdan, qanunsuz üsullarla sərvət toplamaqdan, “bu ölkənin prezidenti mənəm, nə istəyərəm, edərəm” ritorikasına uymaqdan çəkindirən başlıca səbəb impiçment edilmək qorxusudur.

Bir zamanlar ABŞ-ın 42-ci prezidenti Billi Kilnton belə bir xoşagəlməz durumla üz-üzə qalmışdı. Fəqət ona qarşı irəli sürülən ittihamlar dövlətə xəyanət məsələsi ilə bağlı deyildi, ailə xəyanəti qrafasından idi, ona görə də Klinton impiçment edilməkdən canını qurtardı. 
Trampa qarşı isə dövlətə xəyanət ittihamı səsləndirilir. Onun seçilməsində Rusiya dövlətinin rolu olmasına dair şübhələr getdikcə böyüyür. 

Əgər Tramp bir sonrakı qərar və addımlarında Rusiyaya loyallıq və güzəştlər etsə, Kremlin nazıyla oynasa, onun qabağından qaçsa, mühafizəkar Amerika ictimaiyyəti bunu ona bağışlamayacaq. Bu durum Trampın Rusiya qarşısında gözükölgəli olması anlamına gələcək, səslənən ittihamların sübutu kimi qarşılanacaq. 

Prezidentliyinin ilk günündə o, sələfi Obama kimi olmayacağını göstərməyə macal tapıb. Tramp Ağ Evə qədəm basar-basmaz, qaradərili hüquq müdafiəçisi Martin Lüter Kinqin büstünü iş kabinetindən götürdüb, yerinə məşhur siyasətçi Uinston Çörçillin büstünü qoydurub. 

Bu, onun qaradərililərə sevgi bəsləmədiyinin göstəricisi sayıla bilər. Çünki Tramp büst dəyişikliyini bir həftə, bir ay, hətta bir il sonra etsəydi, bu, diqqətləri çəkməzdi. Ancaq o, bunu prezidentliyə başlamasının ilk saatındaca edirsə, demək, verdiyi əmr “bunları yığışdırın, gözüm görməsin” kimi olub. 

Uzun illərin irqi ayrı-seçkiliyindən əziyyət çəkən amerikalı qaradərililər bunu sakit qarşılaya bilməzlər. 

Tərs kimi, Trampa qarşı olan insan birlikləri çoxdur: qadınlar, cinsi azlıqlar, miqrantlar və s. 
O, andiçmə mərasimində hakimiyyətin xalqa, fəhlələrə qaytarıldığını bəyan etsə də, bu, o demək deyil ki, özü kimi milyarder və milyonçularla mübarizə aparacaq. Güman ki, bu, ictimaiyyət arasında rəğbət qazanmaq, riqqət doğurmaq üçün səslənmiş populist çıxışlardır. 
ABŞ ictimaiyyəti isə məhz hay-küylü, populist siyasətçilərdən çəkinir. Çünki onların sağı-solu bəlli olmur, bu gün dediklərini sabah danır, bir il əvvəl qarşı çıxdıqları layihənin qızğın tərəfdarına çevrilirlər. Belə prezidentlər yaranmış problemlər üçün hər zaman başqalarını suçlayır, öz günahlarını heç vaxt etiraf etmir, həmişə haqlı görünməyə çalışırlar.

Tramp səlahiyyətlərinin icrasına məhz bu cür başladı. Bundan sonrakı fəaliyyətində də elə olacaq, ilk uğursuzluğunda “bütün bunlar mənə yarıtmaz Obama administrasiyasının mirasıdır” deyəcək. 

Bu gedişlə o, Ağ Evdə sözün birbaşa mənasında tək qalacaq, amma Kevin kimi situasiyadan çıxa biləcəkmi?


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR