İnsanlara hürriyət, millətlərə istiqlal!

Təvazökarlıq

3358 20.10.2013 09:06 Yazarlar A A
O seçkidə müəllimələr sinələrində, icra nümayəndələri şalvarlarının arxa cibində, başqa şəngülümlər və şüngülümlər də dimdiklərində bülleten daşıyıb qutulara doldurdular ha - bax, o da təvazökarlıqdan idi. Məsələn, normal dövlətlərdə, demokratik quruluşlarda camaat ikinci tur hesabına, uzağı 55-60 faizlər qalib gəlir. Ancaq bizim təvazökar rəhbər seçkidə 85 faiz yazdılar. Daha doğrusu, 84,5 faiz. Düz yazaq, tam təvazökar olsun. Şişirtmək qeyri-təvazökarlıqdır.
Aftafa istehsal edə bilməyən, büdcəsinin dörddə üçünü ingilisin dənizdən çıxartdığı neftlə dolduran bir respublikanın karikatur iqtisadiyyatına “analoqu olmayan” yarlığı yapışdırmaq üçün gərək təvazökar olasan. 20 il hakimiyyəti tutub Qarabağ kartı ilə alver edəsən, camaatın kasıb uşaqları orduda qırıla, ancaq bircə qarış torpaq geri qayıtmaya - bu siyasət təvazökarlıqdır.
Noxud əkinindən tutmuş qaz balonu doldurmağa, duz ələməkdən çay alverinə, telefon konturu satışından ev tikintisinə, bankdan pullu tualetlərə qədər xırım-xırda hər bir şeyi də kontrola alırsan, ofşor şirkətlərin sorağı dünyaya yayılır, tək son 10 ildə Azərbaycandan xarici hesablara daşınan pulların məbləği 48 milyard dolları keçir - bunun adı nədir? Ay sağ olasınız - təvazökarlıq.
BDU jurnalistika fakültəsini dekan qarışıq Balıq Hafizin ulaşma mərasiminə sürürsən, YAP-a üzv olmaq istəməyən tələbəni ləkələyirsən, ölkənin ən namuslu insanlarının çılpaq şəklini çəkirsən, onları guya bu yolla aşağılayırsan, ən ayıq insanlarının cibinə narkotik atırsan, guya bu cür sındırırsan, ən elmli professorunu söydürmək üçün iylənmiş Araz Əlizadələrdən yararlanırsan - təvazökarlıq budurmu? Budur. Sənin hövsələn olsun, yazacağam niyəsini.
Təvazökarlıq Biləcərinin suyunu kəsib kosmosa dılğır bir peyk uçurtmaqdır. Təvazökarlıq 20 il Səy-avuş Novruzova qulaq asan, baş əyən bir topluma 21-ci əsrdə hələ də “Sevgili millət, uca xalq” deyə müraciət eləyə bilmək qabiliyyətidir. Təvazökarlıq Harvardı oxuyub gəlib İqbal Ağazadənin vəkili olmaqdır.
Öz dırnağın qopanda Klivləndə, Gülhanəyə getmək, xalqın başına daş düşəndə isə onu İrana qovalamaqdır təvazökarlıq.
Uşaqlarını İsveçrədə qapalı pansionda, sonra yenə xaricdə oxutdurub Çəmbərəkənd orta məktəbinin qabağına “Təhsil millətin gələcəyidir” şüarı yaxmaqdır (korrektor, düzəltmə, burda “yazmaq” deyil) təvazökarlıq.
Əhəng qarışığını qatıq, kanalizasiya suyunu “Səhər şehi” şirəsi, ayaqqabı kremini “Zelandiya yağı”, eşşək ətini quzu kababı, qoyunu dəvə, dəvəni fil, fili ağcaqanad adıyla sırımaqdır təvazökarlıq.
Bizim ölkədə təvazökarlığın min cür növləri vardır, hansını yazasan, hansını deyəsən... Mən fəxr edirəm ki, azərbaycanlıyam. Yoxsa bu qədər təvazökarlığı harda görərdim? Azərbaycanda təvazökarlıq əbədidir, daimidir, dönməzdir. Təvazökarlığı güclü olan dövlət hər şeyə qadirdir. Mən istəyirəm xalqımız ancaq çay içsin.
Yazını Gəncənin icra başçısı haqda Azərbaycan mətbuatında dərc olunmuş bir şeirlə bitirirəm. Bu sənət əsəri varkən mənim cızmaqaramı davam elətdirmək təvazökarlıqdan min ağac uzaq olardı:

“Gəncəyə bəzək vurursan
Xalqımızın mərd oğulları,
Yollanıb Gəncəyə sarı,
Qurub yaradır diyarı,
Biri də Vəliyev Elmardı.
Binaları bir-bir tikdirir,
Hər yerə asfalt tökdürür.
Bağları da genişlədir,
Sayını çoxaldıb əkdirir.
Yaşıllıqlarla bürüyür,
Şəhəri güzgüyə döndərir.
Su çəkdirib iş gördürür,
Gəncəni gözəl eyləyir.
Sənayeyə fikir verir,
Onu qurub da düzəldir.
İnsanın qayğısını çəkir,
Onlardan razıyam deyir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR