İnsanlara hürriyət, millətlərə istiqlal!

Saytların şərh bölümü olmalıdırmı? - Mövzuya dair qısa qeydlərim

2191 04.01.2014 14:43 Yazarlar A A
Rauf Arifoğlu

Hələ 2007-ci ildə, Washington Post qəzetində olanda heyrətlə öyrəndik ki, qəzetə aid saytın yalnız şərhlər bölümündə 20-dən artıq əməkdaş çalışır... Bizə bilgi verildi ki, ümumilikdə, saytda 33 redaktor, 900-dən artıq işçi var... Oradan qismən əxz etdik - daha sonra da birbaşa təcrübədə aydınlaşdırdıq ki, saytın şərhlər bölümünün onun tirajı və reytinq göstəriciləri ilə birbaşa, əvəzolunmaz bağlantısı var... Mini Feysbuk kimi düşünün... Hər qəzet şərh bölümü vasitəsi ilə özünün sosial şəbəkəsini qurur... Orada sadə, yaxud da sadə olmayan, lakin adını gizlətməsi səbəbindən komplekssiz yazan vətəndaşlar bir-biri ilə deyişir, savaşır, müzakirə-mübahisə edir, məqalə yazır, məlumat paylaşır, yazarın, siyasətçinin səhvlərini tutur, bəzən də söyürlər... Hər kəsdən mədəni tövr gözləmək əbəsdir, xüsusi ilə də ona görə ki, şərh bölümündə yazanların əksəriyyəti gerçək kimliyini gizlədir...  

Sonra kimlərsə söyəni qınayır, kimlərsə ona dəstək verir, kimlərsə cavab yazır... Sonra bu vətəndaşlar gün ərzində daha bir neçə dəfə sayta girirlər ki, görsünlər yazdıqlarına kim nə cavab yazıb, kim nə "mız" qoyub... Və yenidən nələrsə yazırlar... Bir qrup oxucular da var, onlar da məqalələrdən daha çox onun altındakı şərhləri oxuyurlar... 

Xüsusi xidmət orqanları da əlavə ştat və kompyuter ayırır, başlayır buralarda "kriminal" axtarmağa... Yaxud da partiyalar, öz fəallarına tapşırırlar ki, filan sayta girib, filan liderə dair xəbər və müsahibələrin altından gün ərzində neqativ və aşağılayıcı şərhlər yazmaq sizin işinizdir bundan sonra... Beləcə, oxucuların ciddi bir hissəsi sayta bağlanır, bir hissəsi də məqsədli və qərəzli olaraq saytı izləyir... Gün ərzində yüzlərlə insan müxtəlif yerlərdən və əlinə keçən istənilən cihazdan bir neçə dəfə sayta girir... Nəticədə... Sayt əlavə, maraqlı "vətəndaş müxbirliyi"nin töhfələrini, çoxçeşidliyini  özündə əks etdirir... Tiraj dəfələrlə artır, "saytda qalma müddəti" deyilən reytinqin qızıl göstəricisi təmin olunur, reklam verənlər də bu göstəricilərə görə qərar verirlər... Bir sözlə, şərh bölümü əvəzolunmaz və vazkeçilməz, gələcəyi böyük olan bir vasitədir. Kimdə yoxdursa, o saytın böyüməsi də mümkünsüz... Minlərlə sadə vətəndaş da, əlçatmaz görünən istənilən siyasi xadimin, deputatın, hətta prezidentin, nazirlərin haqqında fikir və iradlarını, təqdir, ya da təhqirlərini ifadə etməyə yer tapır... Və belə məqamda da redaktorlara, şərhlərə cavab yazan əməkdaşlara meydan açılır (həm də iş yeri). Onlar söyüş və təhqirləri redaktə edir, onlara xəbərdarlıq, yaxud cavablar yazır, şərhlərdəki maraqlı məlumatları, bilgiləri informasiya bürosuna ötürür, əndazəni aşanların, təhdid və terror əsdirənlərin İP girişlərini "ban" edir və s... Yeni bir istiqamətdir bizim üçün; lakin mühüm bir elementdir, qaçılması mümkünsüz amildir. Washington Post-dakı 20 işçinin işi isə, bizə dedilər ki, online rejimdə oxucularla yazışmaq, onların şərhlərinə cavab vermək, israr və iradlarına uyğun qərarlar qəbul etməkdir... Onlar 24 saat, növbəlilik prinsipi ilə, fərqli bölümlərdə vətəndaşla saytın daimi ünsiyyətini qururlar. Hətta bəzən saytın daimi şərhçisi həyatındakı dəyişiklik, çətinlik və s. məsələlərlə bağlı saytın administratorundan məsləhət də istəyir və...alır. 

Bizdə də, inşallah, bu istiqamət böyüdükcə, saytımızı uyğun kadrlarla təmin edəcəyik. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR