İnsanlara hürriyət, millətlərə istiqlal!

Qrenlandiyadan qayıtmaq

2732 01.04.2014 08:08 Yazarlar A A
Çox populyar Şərq pritçalarından biri gözünün qabağındakını görməyib hansısa uzaq işlərdən bəhs edən insan haqdadır. Müxtəlif variantları var, məsələn, biri belədir ki, gopçu molla süfrə arxasında oturduğu an qəfildən böyrü üstdə dayanır, “Ayy...” eləyir, deyirlər nə oldu, deyir əşşi, heç nə, indicə Təbrizdə bir araba aşırdı, çiynimi verdim, saxladım. Ev yiyəsi bu misilsiz gopu ifşa eləmək üçün hamıya plov gətirəndə mollaya çatası toyuq ətini düyünün altında gizlədir. 

Molla qəzəblənir, deyir, bu nədir, hamıya ət verilib, mənə isə yox. Bu zaman ev yiyəsi əti düyünün altından çıxardır, deyir, bəs sən burda toyuğu aşın altında görmürsən, necə olur Təbrizdə aşan arabanı gördün?

Bunun başqa populyar variantından isə atalar sözü yaranıb: “İsfahan uzaqdadır, yüz iynə boyu burdadır”. Həmin variantda İsfahanda yüz iynə boyu hündürlükdən tullandığını iddia edən şəxsdən bəhs olunurdu. 

Türkiyədə bələdiyyə seçkilərinin camaatımız arasında qızğın müzakirəsini görəndə bu pritça yadıma düşdü. Zəhmətkeşlərimiz o seçki ilə elə maraqlanırlar, sanki Girəsunda bələdiyyə başçısı AKP-dən yox, MHP-dən olsa bunun üçün böyük önəmi olacaqdır. Təbii, anlayıram, Türkiyə bizim üçün çox önəmli dövlətdir, demək olar eyni xalqıq, ordakı ictimai-siyasi proseslərin bizə təsiri var. Ancaq bu qədər də yox də. Yəni Ədirnədə bələdiyyə başçısının Namiq Zeybək, yoxsa Qədir Gopbaş olmasını öyrənəcək qədər önəmli deyil. Biz isə kütləvi informasiya vasitələrimiz sayəsində bunu da öyrəndik.

Halbuki soruşsan Səbayel rayon bələdiyyəsinin sədri kimdir, heç Bayıl sakinləri də bilməyəcək. Qabaqlar yenə satmağa torpaq-filan var idi, o zamanlar uca millətimiz bələdiyyə başçılarını az-maz, pis-yaxşı tanıyırdılar. İndi o da yoxdur deyə, üstəlik, mürtəce qanunlar sayəsində bələdiyyə institutu qəsdən iflasa uğradıldığından azərbaycanlılar yerli özünüidarəetmədən tamam uzaq düşüblər və Girəsun meri ilə maraqlanırlar. 

Yeri gəlmişkən, bu yaxında nəsə düşünürdüm, birdən Gürcüstanın prezidentinin kim olmasını yada salmaq istədim, bacarmadım. Ancaq qabaqlar biz bunu əzbər bilirdik. İronik şəkildə düşündüm ki, artıq Gürcüstan bir növ Avropa ərazisidir, çünki sivil dövlətlərdə də camaat heç prezidentinin (həm də qonşu dövlətinkinin) kimliyini bilmir. Nəyinə gərək? Əsas odur bələdiyyə başçısını, meri, yerli idarəçiləri tanıyasan. 
Öz taleyinə, öz xalqına, öz evinə-eşiyinə biganə olub uzaq diyarların dərdini çəkmək, hətta uğrunda ölmək sanki bizim mental dəyərimizdir. Buyurun, Suriyadan az qala hər gün 1-2 azərbaycanlının ölməsi xəbəri gəlir. 

Bu adamların orda nə işi var? Hansı mübarizə üçün gediblər? Haqq, ədalət, inanc uğrundamı? Bəyəm o mübarizəni dinc şəkildə aparmaq üçün Suriyaya getməyə ehtiyac var? Rəhmətliyin uşağı, Bibiheybətdə stadiona gəlib haqsızlığa etiraz etməyə ərinirsiniz, ancaq arvad-uşaqlı yığışıb Şama gedirsiniz, orda həlak olursunuz. Mən buna nə ad qoyum? Gözünün qabağında burda qardaşını şərləyib zindana salırlar, etiraz etmirsən. Ancaq hansısa virtual cənnət uğrunda ölümə gedirsən. Əcəb inamdır. 

İstəsəniz bir eksperiment aparın. Məhəllədə domino, nərd oynayan ağsaqqallara yaxınlaşın, qulaq asın. Onlar Krım böhranından, Putinin sevgilisindən, nə bilim, Obamanın dovşan saxlamasından danışırlar. Qrenlandiyada buzun əriməsinə etiraz edirlər. Banqladeşdə müsəlmanların başına qurbağa yağmasını qınayırlar. Və sairə. Söhbətin şirin yerində cibinizdən bir vərəq çıxardın və deyin: “Ey ağsaqqallar, yəqin xəbəriniz vardır, uçaskovı Ağobba yazıq Güləndam arvadın yetim oğlu Şirbalanı şərləyib, cibinə nəşə atıb tutdurmaq istəyir, buna etiraz məktubu hazırlayıb nazirə göndəririk, gəlin siz də imza atın”. 

Əgər ordakı 10 ağsaqqaldan heç olmazsa 2-si “Qrenlandiyadan qayıdıb” vərəqə imza atmağa razı olsa mən xalqımızın parlaq gələcəyinə inanıram.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR