İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəli yığıncağı

2544 13.01.2014 08:08 Yazarlar A A
Azərbaycanda qanunsuz bir rejimin fəaliyyət göstərməsi, hüquq-mühafizə orqanlarının bacarıqsızlığı, camaatın bu orqanlara qətiyyən etibar etmədiyi hər gün yeni faktlarla üzə çıxır. “20 Yanvar” metrosu tərəfdə bir gəncin güllələnib öldürülməsini nəzərdə tutmuram. Onsuz belə qətllər adiləşib, yapokratların “vaxtilə gecələr küçəyə çıxa bilmirdik” demaqoqiyası xalq tərəfindən lətifə kimi qarşılanır. Diqqətimi tamam ayrı fakt çəkib. 
Dünənki xəbərdir: “Noyabrın 15-də Maştağadakı ruhi xəstəxanadan qaçanların axırıncı iki nəfərini də polis tutub. Onları tutarkən müqavimət göstəriblər, üzərlərində maskalar və soyuq silah olub”. O qaçışda 4 nəfər olmuşdu. Birini yanılmıramsa az sonra tutmuşdular, ikincisini valideynləri təhvil vermişdi. Ya da hər ikisini valideynləri geri qaytarmışdı. Hadisədən sonra xəstəxanada mühafizəçi işləyən polis intihar etmişdi. Yetərincə müəmmalı əhvalat idi. Bunda sözüm yox. Belə detalları polis sistemində araşdırmaq çox çətindir. Siz ayrı detala fikir verin.

Noyabrın 15-dən indiyə qədər 2 ay keçir. 2 ay ərzində ruhi xəstələri tapa bilməyən hüquq-mühafizə orqanlarının bacarığına bir quş. Bunlar ağlı yerində olan cinayətkarları necə tuturlar? 

Ya da mümkündür ki, bu şəxslər heç ruhi xəstə deyil, Azərbaycanda geniş yayılmış praktika üzrə məhkəmədə hakimə rüşvət verib törətdikləri cinayət zamanı anlaqsız olmaları sənədi alıbmış. İntuisiyam deyir ki, elə belədir. Əks halda ruhi xəstələr onları axtaran hüquq-mühafizə orqanlarından tam 2 ay necə gizlənə bilərdilər? Onlar dəlidirsə, ağıllı kimdir?

Hesab edək onlar gerçəkdən xəstə olublar. Bu da ayrı biabırçılıqdır. Deməli camaat böyründə gizlənən iki təhlükəli xəstə, cinayətkar haqda hüquq-mühafizə orqanlarına məlumat vermək istəməyib. Səbəb sadədir: camaat hakimiyyətdən və hüquq-mühafizə orqanlarından daha çox qorxur, onları daha çox dəli hesab edir, nəinki hansısa sadə insanı. Şəxsən mən qaranlıq küçədə gedərkən arxadan uni- formada hər hansı şəxsin yaxınlaşdığını görəndə asta qaçan namərddir deyibən dabanıma tüpürürəm. Göz gördüyündən qorxar, mən qısa həyatımda uni-formalıların adam döyməsini daha çox görmüşəm. Dövlət orqanları olmasaydı xalqımız min dəfə xoşbəxt yaşayardı. 
Söz düşmüşkən, mən tam ciddi olaraq hesab edirəm ki, biz dövlət qurmasaydıq indikindən yaxşı olardı. Anarxiya tərəfdarı deyiləm, ancaq indiki də dövlət deyil. Dövləti vətəndaşlar qururlar ki, müəyyən ümumi problemlərini həll etsin. Məsələn, xarici təhlükədən qorusun. Bizdə xarici təhlükə 20 ildən çoxdur ölkənin qərbində böyük ərazini tutub. Dövlət imkansız şəxslərin, uşaqların, qocaların problemlərini həll etməlidir. Ancaq qocalar dilənçi payı pensiya alır, uşaqlar məktəbsiz, əyləncəsiz, sevincsiz böyüyürlər. Gələcəyə heç bir ümidi olmayan, perspektivsiz bir respublikada elliklə sürünürük. Bu bizim nəyimizə lazım idi? Etiraf edirəm ki, hərdən 89-91-ci illərdə SSRİ-yə qarşı meydan hərəkatında iştirakımı, gecələr küçələrdə yatmağımı, soyuq-isti demədən mitinqlərə qatılmağımı xatırlayıb özümü söyürəm. Deyirəm nə axmaq işlərlə məşğul olmuşam, axırda əski kommunistlər müstəqilliyin nemətlərini basıb yeyəcəkdisə bunlar nəyə lazım idi? Yeganə təsəlli odur ki, tək deyiləm, bu cür fikirləşən yüzlərlə adam tanıyıram. 
Hansı daşı qaldırsan, altından bir qrup mafiya nümayəndəsinin obyektləri çıxır. Görməmişcəsinə hər şeyi basıb qamarlayıblar. 

Ruhi xəstələrin qaçmasından başlayıb müstəqil dövlət qayırmağımıza gəlib çıxdıq. Əcəb keçid oldu, sanki o da bir qara dəlilikmiş. Ögsüz  ölkədir, neyləmək olar, bəzən cümlələr də hərəsi qaçıb bir yerə dağılır.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR