İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstriyanın asanlaşdırılması

3443 14.04.2014 08:08 Yazarlar A A
Bu yaxınlarda Avstriyanın baş prokuroru Bakıya səfərə gəlmişdi, bizim baş prokuror Zakir Qaralovla da görüşmüşdü. Düzü, mən bilmirəm avstriyalı prokurorun əsas məqsədi nə idi, bəlkə də o Milli Bankımızın adı keçən cinayət işi ilə bağlı səfər eləmişdi. Çünki Azərbaycan manatı Avstriyada çap olunub, bizimkilər pulun çapı zamanı korrupsiya əməliyyatına avstriyalıları da bulaşdırıblar, indi Vyanada bu işlə bağlı çoxlu vəzifəli adamın məhkəməsi gedir. Ancaq mənim diqqətimi cəlb edən bu deyil - onsuz bilirik ki, kim yapokratlarla əməkdaşlıq edirsə onun zibilə, çirkaba bulaşması mütləqdir. Neft damcısı 25 litr içməli suyu yararsız vəziyyətə gətirə bilirmiş. 

Mənə ləzzət eləyən Qaralovun avstriyalı prokurora... ASAN-xidmət mərkəzlərindən danışması oldu. Sitat: “Baş prokuror korrupsiya ilə mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə söhbət açaraq, idarənin müsbət iş təcrübəsinin daha geniş mütəxəssis kütləsinə çatdırılması üçün Baş İdarənin rəisi Kamran Əliyevin BPA-nın konfranslarının birində çıxışının təşkil edilməsini, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən ”ASAN xidmət" mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model olaraq, Avropada təşviqi və BPA-da təqdimatlarının keçirilməsini təklif edib". Yadımdan çıxmamış: bu sitatdakı BPA - Beynəlxalq Prokurorlar Assosiasiyası adlı qurum imiş və avstriyalı prokuror hazırda həm də bunun başqanı imiş. Əgər Qaralov ona bu cür gülməli təkliflər edirsə, demək BPA da çoxdan deqradasiyaya uğramış beynəlxalq bir qurumdur. Əhalisinin 90 faizi siyasi və vicdan məhbusu kimi yaşayan Azərbaycana gəlib bu yöndə gərgin və əməli fəaliyyət göstərən prokurorluqla əməkdaşlıq BPA-nın iflası deyilmi? 

Azərbaycanın korrupsiya ilə mübarizə üzrə təcrübəsini, ASAN-xidmət anekdotunu Avropada yaymaq təklifi Zakir müəllimin yumor hissinin yerində olduğunu göstərir. Hər şey bir yana qalsın, korrupsiya üzrə dünyadakı durumu qiymətləndirən nüfuzlu “Transparency İnternational” qurumunun hesabatlarına görə Avstriya korrupsiya indeksi üzrə ən yaxşı ölkələrdən biridir, 170 ölkə arasında 15-ci yerdədir. Azərbaycan isə bu siyahıda Ermənistan (123) və Gürcüstandan (68) da pis yerdədir - 134-cü yer. İndi sən korrupsiya üzrə Nigeriya, Honduras və Uqanda ilə yanaşı duran Azərbaycanı Avropa üçün, Avstriya üçün necə örnək göstərə bilərsən? Bunu Gerhard Yaroşa deyərkən Qaralov qızarıbmı? 

Əslində bu ASAN-xidmət, üç-dörd düşük, kimsəyə lazım olmayan kağız parçasını, Azərbaycan Respublikası kimi bir banan-dövlətin sənədlərini almağı asanlaşdırmağı korrupsiya ilə mübarizə sayanlar mifologiyanın əsiridir, iqtidarın tələsinə düşənlərdir. Bürokratiyada, sənəd işində xırda rüşvətxorluq dövlət səviyyəsində korrupsiyanın yalnız çox xırda bir hissəsidir. Korrupsiya qat-qat geniş anlayışdır, Azərbaycanda isə ağılagəlməz dərəcədə genişdir. 

Korrupsiya dövlət əmlakını külli miqdarda əkişdirib ofşor zonalarda ailə üzvlərinin adına yatırtmaqdır. Gəlir deklarasiyasını gizlətməkdir. Bütün iqtisadiyyatı monopoliyaya almaqdır. Vəzifələrə qohum-əqrəbanı yerləşdirməkdir. Bu istiqamətdə hansısa mübarizə əlaməti görmüsünüzmü? Qətiyyən. 

Sözgəlişi, bu “deklarasiya” sözünün özünü də yapçılar yolub buraxıblar. Bu sözün anlamı fransızcadan gəlir, “deklaration” - “açıqlamaq, bəyan etmək” deməkdir, bizim korrupsiya ilə mübarizə qanunvericiliyində isə yazılıb ki, vəzifəli şəxslərin gəlir deklarasiyası haqda sənədlər dövlət sirridir. Belə bir anekdot... 




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR