İnsanlara hürriyət, millətlərə istiqlal!

30-1 illik münaqişə

1543 17.01.2017 08:25 Yazarlar A A

Dünyanın ən xroniki münaqişəsi sayılan İsrail-Fələstin probleminin həlli üçün Parisdə beynəlxalq konfrans öz işinə başlayıb. Az öncə BMT Təhlükəsizlik Şurası İsraili işğal etdiyi torpaqlarda məskunlaşmanı dayandırmağa çağırmışdı. Paralel surətdə ikinci ən “stajlı” münaqişə kimi Kipr məsələsinin çözümünə yönəlik yeni diplomatik həmlənin şahidiyik. “Stajı”na görə 3-cü olan Qarabağ ixtilafı isə əfsus ki, hələ dünyanın gündəmində deyil.      
      
Ermənistanın Azərbaycana ərazi iddiasından doğan Qarabağ konflikti bu il 30-1 “yaşını” qeyd edəcək. Bizim hansı kalibrdə alçaq, məkrli və dəyişməyən bir düşmənlə üz-üzə durduğumuzu isə yəqin ki, izah etməyə lüzum yox. Ermənilərin şəhid əsgərimiz Çingiz Qurbanovun mübarək nəşini 18 gündür girov saxlaması özlüyündə hər şeyi deyir.
Bəs, işğalçı belə cəsarət və həyasızlıq üçün, özündən razı tövr üçün gücü haradan alır? Məgər BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrində Ermənistan işğalçı kimi göstərilməyib, həmin sənədlərdə ondan öz qoşunlarını Azərbaycan ərazilərdən qeyd-şərtsiz geri çəkmək tələb olunmayıb? Olunub. Di gəl ki, cırtdan Ermənistan BMT qətnamələrinə belə tüpürəcək hünər yiyəsidir. Çünki xristian dünyasının nəfəsini daim öz arxasında hiss edir. 

Heç Krımı ilhaq edən supergüc Rusiya beynəlxalq sanksiyalardan qaça bilmədi, amma ərazilərimizin 20%-ni 24 ildir işğalda saxlayan, Rusiyanın əyalətindən də kiçik olan Ermənistanın gözünə belə üfürülmür. Ona görə ki, ortada gizli dini təəssübkeşliklə yanaşı, türk faktoru da var - İstanbulun fəthindən üzü bu yana Qərbi, Avropanı 500 ildir rahat buraxmayan türk amili! 

Azərbaycan da böyük türk dünyasının ikinci böyük dövləti, Türkiyənin ən güclü və ən etibarlı arxa-dayağı olduğundan, Qarabağ məsələsinə barmaqarası baxılır. Məsələ bundadır. Yəni, qardaş ölkə 53 ildir Avropa Birliyinin qapısında hansı səbəbdən saxlanılırsa, Dağlıq Qarabağ məsələsinin ədalətli həlli də 29 ildir analoji səbəbdən uzadılır. 

Rusiyanın maraqları bəlli. Nə Ermənistanı “kiçik bacı” sayan Fransa başda olmaqla Avropa, nə də ABŞ əfsus ki, türk dünyasının güclənməsini, qlobal siyasətdə daha böyük söz sahibi olmasını istəmir. Qərbin Türkiyəyə qarşı PKK, PYD kartından həvəslə istifadə eləməsi də eyni mərama xidmət edir. Erməni kartı isə Türkiyə ilə Azərbaycanı təhdid altında saxlamaq üçün başqa bir güclü rıçaqdır. Qarabağ məsələsində Qərbin diplomatik dişsizliyinin nədənini öncəliklə burda axtarmaq gərəkir.   

İndi də deyirlər ki, ABŞ-ın yeni prezidenti Donald Tramp sələfi Barak Obamadan da az diqqət ayıracaq Qarabağ məsələsinə - o da əgər ayrılacaqsa. Demək, 1 nömrəli məsələmizi dünyanın və ABŞ-ın gündəminə gətirmək üçün yenə özümüz ciddi səylər göstərməli, Azərbaycanın ABŞ və Avropa üçün strateji önəmini artırmalıyıq. 

Nə yaxşı ki, rusun satelliti olan Ermənistandan fərqli olaraq, bizim bu yöndə potensialımız böyükdür. Qalır, nəhayət, onu hərəkətə gətirmək, Azərbaycanı Qərb üçün, xristian dünyası üçün vazkeçilməz dövlətə çevirmək. Bundan ötrü güclənməli, güclənməli və güclənməliyik!  
   
Bu yöndə xüsusən də Azərbaycan diplomatiyasının üzərinə müstəsna məsuliyyət düşür. Təbii ki, silahlı qüvvələrimiz də təzyiq amili olaraq, yeri gələndə öz sözünü deməlidir -  ötən ilin aprelindəki kimi. Təəssüf ki, apreldəki hərbi uğurumuzu diplomatik uğura çevirə bilmədik və az sonra hər şey köhnə axarına düşdü. 

Kim nə deyir-desin, səbəb təkcə xristian amili və ya həmsədrlərin gizli Ermənistan təəssübkeşliyi olmadı. Həm də diplomatiyamızın yetərli səviyyədə çeviklik və adekvat reaksiya göstərə bilməməsi rol oynadı belə bir nəticənin alınmasında.

Bütün hallarda münaqişənin daha bir il “yaşlanıb” 3-cü yubileyini qeyd etməsinə imkan verməməliyik. Belə bir lüksümüz yox! Artıq bir nəsil bu konflikti ötürüb, həll edə bilməyib. Elə olmasın ki, Qarabağ “yükü” nəvələrimizin çiyninə yüklənsin, İsrail-Fələstin münaqişəsi kimi on illərlə uzansın, 30-1 illik münaqişə 301 illik münaqişəyə çevrilsin. 
3 on illik artıqlaması ilə yetər.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR