İnsanlara hürriyət, millətlərə istiqlal!

20 yanvar sualları

5778 20.01.2017 17:11 Yazarlar A A

Rusun vaxtında heyf deyildimi”, “Kaş SSRİ dövrü olaydı” deyən azərbaycanlılar 20 yanvar qurbanlarını yad eləyib, süni göz yaşları axıdaraq evlərinə dağılışdısa, yaxın əyləşin, bir-iki suallar var, onları özümüz üçün aydınlaşdıraq. Daha doğrusu, buna növbəti cəhd edək. Nəticəsinin qabaqcadan bildiyimiz kimi, boşluq olacağına inansaq belə. “Qu quşu yuvası üzərindən uçarkən” filminin qəhrəmanı demişkən, heç olmazsa biz cəhd elədik. 

Bu günlərdə Mixail Qorbaçovu Litvaya çağırıblar, deyirlər gəl, 1991-ci ilin yanvarında Vilnyüsə qoşun yeridib 14 nəfəri öldürdüyün üçün cavab ver. Litva prokurorluğu bir ildən çoxdur bu cinayət işini araşdırır, artıq 2 nəfəri tutub zindana da salmağı bacarıblar. Bunlardan biri ehtiyatda olan rus polkovnikdir. O biri də yenə rusiyalı hərbçidir. Hər ikisinin 1991-ci il hadisəsində nəsə rolu varmış. 

İndi gəlin, baxaq görək, biz 20 Yanvara görə kimə gözün üstdə qaşın var demişik? Bu cinayətin cəzasını kim çəkib? Demək olar, heç kim. SSRİ vaxtı o dövlətin prokurorluğunun açdığı cinayət işi elə 1991-ci ildə “cinayət tərkibi tapılmadığı üçün” (həyasızlığa baxın, 130-dan çox dinc insanın öldürülməsində cinayət tərkibi yoxmuş) ləğv edilib. Müstəqil Azərbaycan prokurorluğunun açdığı cinayət işində isə məsuliyyət yalan-gerçək Mütəllibovun, Vəzirovun, Qorbaçovun, Azərbaycan SSR DTK-nın sədri Vaqif Hüseynovun, Polyaniçko və sairənin boynuna qoyulub, ancaq bunlardan da heç biri cəzalanmayıb. Bəziləri haqda cəzanı sonradan geri çəkiblər, təfərrüatları yazmağa yer yoxdur. Əsas faktdır: 20 yanvar qırğınına görə heç kəs – nə siyasətçi, nə hərbçi – cəzalanmayıb! 

Ortada isə üstündən 27 il keçən bir nəhəng cinayət var. Gedib xiyabanda fırlanıb qayıtmaqla işimizi bitmiş sayırıq. Elə özümüzdən – jurnalistikadan da çox günah görürəm. Əgər Azərbaycan jurnalistləri dövrün tələblərinə cavab verə bilsəydilər, bəlkə faciələrimizin çoxu olmazdı. 

Misal üçün, 20 yanvar qırğınını törətmək üçün SSRİ rəhbərliyinə bəhanə verən adamları mətbuat niyə ifşa etməyib? Niyə həqiqətlər yazılmayıb? Tutaq ki, AzTV-nin enerji bloku əbədi partlamışdı, bəs o dövrün “Azadlıq”, “Azərbaycan” və sairə meydan hərəkatı qəzetləri niyə susurdular və ən pisi isə, çox vaxt yalana xidmət edirdilər? Marığa yatıb revanş güdən siyasətçilərin tapşırığı ilə aləmi qarışdıran meydan qəhrəmanları tribunalardan ağzına gələn yalanı qırıldadırdı, ancaq bir jurnalist bunu yoxlayıb yazmırdı. Bəs necə oldu o “ Ermənistanda qətlə yetirilən 216 azərbaycanlı”? Niyə biz indiyə qədər onların adbaad siyahısını, fotoarxiv sənədlərini görmürük? Hanı “Leytenant Şmidtin buraxdığı avtomatlar”? O Spitakda, Quqarkda boruda qaynaq edilən uşaqların valideynləri kimdir? KQB agentinin respublikadan kənarda yaydığı “Bakıda islamçılar hakimiyyətə gəlir” dezosunun Qorbaçovun Bakıya qoşun yeritmək bəhanəsində böyük rolu olduğunu neçə adam bilir? Həmin agent indi də iş başındadır, ağzına gələni yazır. 

Qoşunları Bakıya yeritmək üçün 13 yanvarda Bakıda guya ermənilərin qırılması səhnələri düzəltmişdilər. Bunu edənlər kim idi? AXC rəhbərliyindəki “radikallar” adlanan qrup indi də həyasızcasına ortalıqda dolaşır. Hətta 20 yanvarda xiyabana gedib gül qoyurlar. 

1988-ci ildə Ermənistandan 200 min azərbaycanlı qovulmuşdu. Hər halda rəsmi statistikamız belə deyir. İndi mən sizə bir sual verim: çox az hissəsini çıxmaq şərtiylə, həmin azərbaycanlılardan neçəsini yataqxanalarda və hətta çadır şəhərciklərində görmüsünüz? Bəlkə adamların zor-xoş ev dəyişmə prosesini öz adıyla adlandırmaq vaxtıdır? Əgər o adamlar həqiqətən qaçqındırsa, yapistlər onların sovet pasportlarını niyə yığıb məhv elədilər? 

Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsində qurban getmiş insanların xatirəsi şəxsən mənim üçün olduqca əzizdir, onların qəbrini ziyarətə getməyə belə utanıram. Çünki həqiqətlər aşkar edilməyib, onların yolunda həlak olduğu dəyərlərin indiki Azərbaycanda izi-tozu belə yoxdur. SSRİ bir faşist dövləti idi, faşistlər isə indiyəcən ortalıqda keflə gəzirlər. Misal üçün, siz təsəvvür edə bilərdinizmi ki, 2-ci dünya savaşından sonra məşhur faşist canisi Adolf Eyxman İsraildə nazir işləyəydi? Bizdə təxminən elə bir durumdur. İsrail isə Eyxmanı izləyib, hansı deşikdə gizləndiyini bilib, tutub edam eləmişdi. 1962-ci ildə. Faşizm üzərində qələbədən 17 il sonra. 

Biz 10 il gecikirik. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR