İnsanlara hürriyət, millətlərə istiqlal!

14 nömrəli marşrut avtobusu prinsipi - Vasif İsmayılın yazısı

3550 12.01.2017 19:54 Yazarlar A A
Tanınmış həkim Vasif İsmayıl peşəsinin uzmanı olmaqla yanaşı, gözəl qələmə malik publisistdir. O, öz düşüncələrini vaxtaşırı sosial şəbəkədəki səhifəsində yazır, izləyiciləri ilə bölüşür. Musavat.com saytı doktorun özüylə anlaşaraq, onun yazılarını daha geniş auditoriyaya çatdırmağı öhdəsinə götürb. Beləliklə, Vasif İsmayılın ilk yazısını təqdim edirik.

***


Artıq qədim vaxtlar saydığımız 1991-ci ildə Tibb Universitetinə qəbul olunmuşdum. Özüm ailəmlə birlikdə Sumqayıtda yaşayırdım. Hər gün saat 8-ə Bakıya, dərsə çatmalı idim.

İndi bolluqdur. O zamanlar Sumqayıtdan Bakıya 2 marşrut işləyirdi. Biri avtovağzaldan tərpənən əsas marşrut idi. O biri isə 9-cu mikrorayonda göz xəstəxanasının qarşısından yola düşən məşhur 14 nömrəli avtobus.

Bizim evə yaxın olduğu üçün 14 nömrəli marşrutdan istifadə edirdim. Mənim kimi tələbə çox idi - səhərlər avtobusu onlarla insan gözləyir, adamlar bir-birini əzərək avtobusa minməyə çalışırdılar.

Mən, heç vaxt heç kəsi itələmədim. Heç kəsi əzmədim. Heç vaxt qışqır-bağır salıb kiminləsə ağızlaşmadım. Marşrut qaçırdığım da olmadı, ilk gələn avtobusa minə bilirdim. Hələ bəzən oturacaq yer də tapırdım.

On altı yaşım var idi. Amma artıq 14 nömrəli avtobus prinsipini bilirdim.

14 nömrə avtobus prinsipi deyir:

-İstədiyin yerə çatmaq üçün lazım olan yerdə durmalısan.

Bu qədər sadə.

Həqiqətən də, avtobus yaxınlaşan kimi hamı avtobusun qapılarına gözünü zilləyərək qollarını kənara ayırır, "na start, vnimanie, marş" pozasını alırdı. Mən isə camaata baxırdım və.....özümə uyğun bir yer seçirdim.

Yerimdə sakit durmağıma baxmayaraq, tələsən, bir-birini itələyən, söyüş-qarğış yağdıran camaat məni öz əlləri ilə itələyərək avtobusa salırdılar.

Kef idi.

Bəxtim gətirəndə, avtobus qapılaranın harada açılacağını daha yaxşı hesablayırdım və...hamıdan birinci avtobusa daxil olurdum.

İndi, Hüseyn, canım-gözüm.

1. Heç kəs heç kəsi elə belə bir yerə gətirmir. On dörd nömrə prinsipindən irəli gələn birinci çıxarışa əsasən, səni itələyib avtobusa salanlar bunu sənə görə deyil, özlərinə görə edirlər.
Bizim camaatda qəribə bir tendensiya var: istər hakimiyyət olsun, istərsə də müxalifətdə bir lideri gözümüzə kəsdirib arxası ilə qoyun kimi gedək, o, "məəəəə" eləyəndə biz də bir "reys" mələyək və bizə mövqe, var-dövlət versinlər.

Xəstəlikdir. Psixiatrik xəstəlik.

Amma rahat olun, sağalan xəstəlikdir. Təcrübə ilə sabitdir - özüm sağalmışam.

2. Avtobusa minmək üçün buna hazır olmaq lazımdır. Yəni hazırlaşaraq yer seçməli, uyğun zamanı gözləməlisən, yerə qoyduğun çantanı əlinə götürüb diqqətlə camaata baxmalısan. Yoxsa avtobus qapılarını açarkən sən, dostunla lətifə danışıb gülüşürsünüzsə, çantan hələ yerdədirsə, heç özünü yorma - bu avtobusu qaçırdın. Sonrakını gözlə.

Həkim olmaq istəyən təbabət oxumalı və artıq bir həkim kimi düşünməlidir.

Sənətkar olmaq istəyən sənəti ilə bağlı ədəbiyyat oxuyub şagirdlik üçün hansısa sənətkarın yanına işə düzəlməlidir.

Siyasətçi olmaq istəyən artıq siyasətçi kimi düşünüb, özünü siyasətçi kimi aparmalıdır.

3. Üçüncü və axırıncı çıxarış daha sadədir: səni həmişə camaat qabağa çəkəcək. Avtobus sürücüsünəmin dəfə yaltaqlansan da, o, səni avtobusa birinci mindirə bilməyəcək. Əgər bunu bacara bilirsə, demək ki, o ölkədə avtobusa minmək lazım deyil, ... təyyarəyə minib birdəfəlik qaçmaq lazımdır.

Ya da yerin dibinə girib mübarizə aparmaq.

İndi, dostlar, kraldan çox kralçı olmaq lazım deyil.

P. S. Bir az mürəkkəb alındı, deyəsən. Oxuyuram, amma özüm də çətin başa düşürəm.
Lənətə gəlmiş "samosenzura".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR