İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşanın maketi

3705 18.04.2014 08:08 Yazarlar A A
Dünən Rusiyanın şefi Vladimir Putin bir dəstə havalı insanları studiyaya yığmışdı, suallara cavab verirdi. Bir az canlı yayımda baxdım, baxdım, mat qaldım. Doğrudan da bəşəriyyət öz ibtidai dövründən bir qarış da irəli getməmişdir. Yekəxanalıqla “dünyanın əşrəfi”, “evolyusiya zəncirində ən ali həlqə”-filan deməklə deyil ki... İnsanlıq çox aşağı durumdadır. 

Ukrayna haqda elə danışırdılar, sanki masaya qoyulmuş yeməyi bölüşdürürlər. İrina Xakamada, Ramzan Kadırov, Kiselyov adlı “NATO məni boğur” deyən debil-jurnalist... Necə rəngarəng idiotlar ordusu idi. Heç bizdə o cür kolorit yoxdur. Yəqin ona görə bizdə dövlət rəhbərinin canlı yayımla intervüləri dəbdə deyildir. Gərək səhnə tərtibatı da olsun. Təkcə Hacıbala ilə iş düzəlmir. 

Söz düşmüşkən, mən dünən mətbuatda gördüm, Hacıbala əkə növbəti “Gül bayramı”na hazırlıq işlərinə start vermişdir. Bizdə su olmayan yerlərdə “Su bayramı”, ac adamlar üçün “Bolluq” bayramı, gül əkilməyən torpaqda “Gül bayramı” düzəltmək axı ənənədir. El adətlərini pozmaq olmaz. Nəyin bahasına olursa-olsun, hətta müstəqilliyimizi itirsək belə biz 10 mayda gül bayramı etməliyik. Büdcə təşkilatı işçiləri yenə Lenin adına Respublika sarayının qabağında basırıq salmalıdır, adamlar hovuza girib islanmalıdır, gül qapan, çiçək yolan olmalıdır. Heç kim bu bayramın gerçək mənasını anlamır, əslində burada “gül” sözü gülməyi nəzərdə tutur. 

Onlar bizə gülürlər, əcəb də eləyirlər. Elə mən özüm özümə baxıb gülürəm. Gülək, sevinək, şadlanaq! Aclıq olsun, kef olsun, necə deyərlər...

Ancaq gül bayramına diqqətinizi yönəltməyimin səbəbi bu deyil. Mən sadəcə sarayın yanında Şuşa qalasının tanış maketini gördüm, söhbət xoşuma gəldi. Demək, bu maketi çoxdan qayırıblar, yetərincə də böyükdür, yalan olmasın qala divarının natural, təbii ölçüləri boyunda bir zaddır. Hər il gül bayramında Hacıbala müəllim bunu basır gətirir - təkər üstündə qayırıblar - meydana, xalq da Şuşanın qabağında durub şəkil çəkdirir, internetdə paylaşıb “Şuşanı aldıq” deyə bir-biriylə məzələnirlər. 

Maraqlı maketdir, hətta bunun ətrafında yumoristik bir film də çəkmək olar. Məsələn, maketin üzərində “Şuşa” sözünü kiril əlifbasında, Sovet dövrü yazılan formada saxlayıblar, bununla sanki demək istəyirlər ki, bizim üçün Şuşa köhnə vaxtdakı kimidir, ermənilər yanıb tökülsünlər. Ancaq absurd odur ki, həmin hərflər təkcə kiril əlifbası effekti vermir, yazılış formasına görə erməni əlifbasına dəhşətli dərəcədə bənzəyir. Bəlkə də SSRİ vaxtı bunu  qəsdən o şriftlə yazmışdılar. Xalqlar dostluğuna-filana görə. 

Yəni Şuşanı latın qrafikasına keçirtməməklə Hacıbala müəllim nə demək istəyir? Ümid edirəm Şuşa icra başçısı Bayram müəllim buna münasibət bildirəcəkdir, çünki hasar daha çox onun hasarıdır. 

Maraqlıdır, görəsən, Hacıbala müəllim hasarı basıb sarayın yanına aparanda Bayram müəllimdən müvafiq icazə alırmı, yoxsa Nazirlər Kabinetinin bu cür divarlar haqda nəsə ümumi bir sərəncamı var? 

Eyni zamanda mənə çox maraqlıdır ki, hər gül bayramından sonra Hacıbala müəllim Şuşanın maketini neyləyir. Aparıb bağına qoyur, yoxsa kiməsə icarəyə verir, onlar da Şuşanı dəvə kimi plyajda gəzdirirlər, uşaqlar üstünə çıxıb şəkil çəkdirir? Şuşanı istəmirəm, ancaq hər gül bayramında orda İlandağın da maketini qururlar, onu istərdim Hacıbala müəllim bir aylığına mənə versin, rüsumu nədirsə ödəyərəm. Rayonlarda gəzdirib pul yığmaq istəyirəm. Görüm hansı icra başçısıdır Naxçıvandan gələn dağa pul qıymır.
Görəsən, bu işlərin axırı necə qurtaracaq? Nə biləsən... Qəliz işlərdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR